Məhbus dövlət xadimi Eldar Həsənovun vəkili Cavad Cavadov ədliyyə naziri Fikrət Məmmədova açıq məktubla müraciət edib.
araz.az-ın məlumatına görə, Cavad Cavadov nazirin diqqətinə çatdırır ki, o, 9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Eldar Həsənovun vəkili kimi müraciətini mətbuat vasitəsilə ünvanlamaq məcburiyyətində qalıb: “Çünki əvvəl Sizə və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə ümumi qaydada ünvanladığımız müraciətlərə cavab almamışıq.
Aprelin 26-dan bəri Eldar Həsənovun səhhətində yalnız ağırlaşma baş verir və son 20 gündə parokziomal vertiqo (qəflətən yaranan başgicəllənmə) nəticəsində yıxılmaların sayı yenidən intensivləşməklə artıb.
Bundan əlavə hipertoniya, şəkərli diabet, boyun-bel nahiyəsində olan ciddi xroniki problemləri və onun yaşı mövcud durumu daha da ağırlaşdırır.
Bir müddət öncə ayaqlarının şişməsi nəticəsində hərəkət etməyində ciddi çətinliklər yaranıb.
Gündəlik qəbul etdiyi dərmanların sayı 32-dən aşağı düşmür.
Gecələr dəfələrlə kritik durum yaransa da, təcili yardım maşını çağırmaq mümkün olmayıb.
Kritik durumlarda ailə üzvlərinin müqavilə bağladığı özəl klinikadan təcili yardım çağırılmasına icazə verilməsi üçün Tibb Baş İdarəsinə etdiyimiz müraciətlərə, həmçinin iki aydan artıqdır Eldar Həsənovun yanına həkim-nevropatoloqun buraxılması üçün ünvanladığımız müraciətlərə cavab verilmir, müraciətlər təmin edilmir.
Təkidli müraciətlərimizdən sonra iyunun 24-də professor Adil Qeybulla müayinə üçün Eldar Həsənovun yanına buraxılsa da, bu, ilkin tanışlıq xarakteri daşıyıb, Adil Qeybulla tibbi sənədlərlə tanış olub. Onun yenidən müayinə aparılması, tibbi tövsiyələr verilməsi üçün Eldar Həsənovla görüşməsi isə hələ ki, mümkün olmayıb.
Eldar Həsənov daim həkim nəzarətində olmalıdır, onun saxlandığı yerdə bunun təmin edilməsi mümkün deyil. Deməyə məcburuq ki, müəssisənin həkimi gün ərzində çox az müddətdə işdə olduğundan yaranan kritik anlarda tibbi müdaxilə gerçəkləşmir və çarəsiz durum yaranır.
Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, Avropa İnsan Hüquqları Məhkəməsi 19 noyabr 2021-ci ildə Eldar Həsənovla bağlı qərar qəbul edib. Həmin qərara əsasən, hökumət ixtisaslı həkimlərin müvafiq hesab etdiyi ambulator və ya stasionar şəraitdə ərizəçinin həbsdə saxlanma yerində zəruri və adekvat tibbi müalicə ilə təmin olunmasını təmin etməli; 2022-ci il yanvarın 19-dan başlayaraq ərizəçinin sağlamlıq vəziyyəti və ərizəçi həbsdə qaldığı təqdirdə göstərilən tibbi müalicə haqqında hər üç ayda bir dəfə Avropa Məhkəməsinə məlumat verməlidir.
Sizdən xahiş edirəm mövcud durumun düzəldilməsi üçün Tibb Baş İdarəsinə bununla bağlı müvafiq tapşırıqlar verəsiniz.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən xahiş edirəm bu məsələnin qanunauyğun qaydada həll edilməsi üçün aidiyyəti qurumlara tapşırıqlarını versin”.
1955-ci il təvəllüdlü Eldar Həsənov general-leytenant, fövqəladə və səlahiyyətli səfir, hüquq elmləri doktoru, professordur. 1977-2000-ci illərdə Azərbaycanın hüquq mühafizə sistemində məsul postlar tutub, o cümlədən İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini, baş prokurorun birinci müavini, baş prokuror olub.
2001-ci ildə Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyinat alıb, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqro, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildən onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib. 2020-ci il avqustun 17-də Eldar Həsənov Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfir vəzifəsindən azad olunub.
2020-ci il avqustun 13-də həbs edilən Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verməkdə təqsirli bilinib. İbtidai istintaqı əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsi, sonra Baş Prokurorluğun İstintaq İdarəsi aparıb. Bakı Ağır Cinayətlər Məhkəməsi 2022-ci il yanvarın 21-də Eldar Həsənova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Hökm Eldar Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmasını, ona məxsus olduğu iddia edilən bəzi əmlakların müsadirəsini də nəzərdə tutub. Aprelin 5-də Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
Ali Məhkəməyə üz tutan Eldar Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün və Bakı Apellyasiya Məhkəməsinin həmin hökmü qüvvədə saxlayan qərarının ləğvini, bəraətlə azadlığa buraxılmasını istəyib. Şikayət üzrə ilk iclas avqustun 18-nə təyin edilib.
Tutulduğu gündən ittihamı rədd edən Eldar Həsənov cinayət işini və həbsini təqib, qanunsuzluq, haqsızlıq, ədalətsizlik və sifariş kimi qiymətləndirir.
Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində (Bakının Binə qəsəbəsi) saxlanan Eldar Həsənovun dörd vəkili var: Adəm Məmmədov, Cavad Cavadov, Cəlil Mirzəyev, Valeh Mehralıyev.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.