Əkrəm Həsənov: “Kreditlərin verilməsində qeyri-şəffaflıq yaşanır, nəticədə insanlarda bu prosesə şübhə yaranır”
Məlum olduğu kimi, bu gün kənd təsərrüfatı sahəsində çalışanlara banklar tərəfindən kreditlər məhdud həcmdə verilir və bəzən şərtlərin kifayət qədər ağır olması səbəbindən fermerlər ümumiyyətlə bu krediti götürə bilmir.
Halbuki, regionların inkişafı məqsədilə dövlət tərəfindən məqsədyönlü tədbirlər görülür, müvafiq proqramlar qəbul edilir, böyük həcmdə investisiyalar yatırılır, lazımi infrastruktur yaradılır. Ancaq regionlarda yaşayan iş adamları öz bizneslərini genişləndirmək məqsədilə kredit üçün banklara üz tutduqda min bir çətinliklə üzləşirlər. Bankdan kredit götürmək istəyən fermerlər ya faizin çox olduğunu bildirir, ya da get-gələ salınmaqdan şikayət edirlər.
- “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi kənd təsərrüfatına, fermerlərə güzəştli kreditlər verməlidir, ancaq…”
Bank eksperti Əkrəm Həsənov bildirdi ki, dövlət xətti ilə verilən ipoteka kreditləri, Sahibkarlığın İnkişafı Fondunun verdiyi kreditlər və digərləri qeyri-şəffafdır: “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) var. Bu agentlik kənd təsərrüfatına, fermerlərə güzəştli kreditlər verməlidir. Bu barədə Prezidentin fərmanı var. Agentliyin saytına daxil olsaq, bu şərtləri görərik. Problem ondadır ki, bu mexanizm lazımi şəkildə işləmir. Fermerlər deyir ki, biz banka gedirik, amma bankların kommersiya şərtləri ağırdır. Vətəndaşlar AKİA-ya getməlidirlər. Onlar bu agentliyin fəaliyyəti haqqında heç nə bilmirlər. Bu o deməkdir ki, agentlik özünü kifayət qədər tanıda, maarifləndirmə işini apara bilməyib. Yaxud da insanlar agentliyi tanıyır, amma buradan krediti ala bilmirlər”.
Ə.Həsənovun sözlərinə görə, kreditlərin verilməsində qeyri-şəffaflıq yaşanır, nəticədə insanlarda bu prosesə şübhə yaranır: “Dövlət xətti ilə verilən bütün kreditlərin şəffaf olması ilə bağlı dəfələrlə təkliflər verdim. Krediti verən müvafiq dövlət qurumu, məslələn, AKİA, Sahibkarlığın İnkişafı Fondu, Kredit Zəmanəti və İpoteka Fondu öz saytlarına bütün müraciətlər haqqında məlumatları daxil etməlidir. Hamı görməlidir ki, kim müraciət edib, kredit kimə verilib, kimə verilməyib. Səbəbləri də qeyd olunmalıdır. Burada sirr olmamalıdır. Bəzən deyirlər ki, bank sirri var. Bank sirri kommersiya şərtləri üzrə verilən kreditlərə aid olmalıdır. Amma güzəştli, aşağı faizlə verilən kreditlərdə sirr olmamalıdır. Bu, dövlət büdcəsi hesabına verilir. Belə hallar olduqda əhalidə şübhə yaranır. Niyə birinə verirlər, o birinə vermirlər? Niyə şəffaf etmirlər? Ona görə ki, həmin vəsiatləri düzgün bölmürlər. Şəxsən özüm də şübhə ilə yanaşıram”.
Günel CƏLİLOVA.
araz.az xəbər portalı.