Mirkazım SEYİDOV: “Möhtərəm Prezidentin inam və etibarından sui-istifadədən çəkinməyən Rövşən Rzayev və onun kimi əməl və amal sahibi neçə-neçə məmurumuz, ayrı-ayrı dələduzlara, fərarilərə himayədarlıq etməklə pul qazanmaqdan belə qorxmur, bu yolla da, özləri üçün var-dövlət toplayırlar”
Uzun illərdən sonra, ölkə başçısının qətiyyətli mövqeyi sayəsində dədə-baba torpaqlarımız erməni faşistlərinin işğalından azad olundu. Biz, yüksək bayram əhvali-ruhiyyəsi ilə, hal-hazırda Qarabağa Böyük Qayıdışın ilk addımlarını atırıq. Zəngilan rayonunun Ağalı kəndinə ilk köçlə bağlı, ölkə başçısına öz dərin minnətdarlığımızı da bildiririk. Bu bir faktdır ki, burada müasirtipli bir kənd salınıb və Azərbaycanda ilk dəfə “ağıllı kənd” konsepsiyası həyata keçirilib. Yəni, Ağalı kəndində hər cür şərait yaradılıb. Bəli, indi hər birimiz böyük sevinc içindəyik. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərin hər yerində hal-hazırda irimiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Unutmaq olmaz ki, ötən otuz ilə yaxın müddət ərzində də, məcburi köçkünlər daim dövlət rəhbərinin diqqət və qayğısı ilə əhatə olundu və bu gün də, belə bir münasibət davam edir.
Çox təəssüf ki, 44 günlük Vətən Müharibəsindəki tarixi möhtəşəm qələbəmiz və bu Böyük Qayıdış da, yüksək səlahiyyət sahibi məmurlarımızı mövcud qanunlarımız çərçivəsinə sığmayan bəd əməllərdən çəkindirmədi. Hətta onlar bu Şanlı Zəfər Qələbəmizdən, özlərini, cəmiyyətin haqlı narazılığına səbəb olan bəd əməllərindən sığortalamaq üçün daha çox danışmağa başlayırlar. Hər şey isə, göz qabağındadır, “kor — kor, gör — gördü!”. Onların hansı əməl sahibi olmaları hamıya gün kimi aydındır.
Bu günlərdə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev də, bəzi media qurumlarına verdiyi açıqlamasında bu barədə daha pafoslu danışdı. Sanki həmin açıqlamasında, o, əldə olunan bu tarixi qələbədə onun xidmətlərinin də danılmaz olduğunu demək istəyirdi: “Bu gün qəbullar zamanı insanlar dövlətimizin onlara kifayət qədər dəstək olduğunu eşidir, o halda hər kəs qürur hissi də keçirir. Yəni, onlar belə bir Vətəndə vətəndaş olmaları ilə, aparıcı liderlərinin olması ilə sevinirlər. Hər kəs əmin ola bilər ki, biz, gələcəkdə bərpa olunacaq şəhər və kəndlərdə firəvan yaşayacağıq, rahatlığımızı təmin edəcəyik. Bu gün on ailə Ağalıya köçdü, onlar öz kəndlərini əlləri, canları, ürəkləri ilə bir daha yaşadacaqlar.
Bu işdə bütün Azərbaycan xalqı bir yerdə olacaq”.
Komitə sədrinin olduqca süni alınan bu açıqlamasına, dərhal, tanınmış ictimai-siyasi xadim, Rusiya Federasiyasındakı Azərbaycan diasporunun ən fəal liderlərindən biri, Azərbaycan Böyük Dayaq Partiyasının sədri Mirkazım Seyidov tərəfindən, hədsiz narazılıqlar ifadəsi olan ciddi reaksiya gəldi: “Əlbəttə, bu tarixi qayıdışı xalqımız çoxdan gözləyirdi. Çox qürurverici və sevindirici hadisədir. Bu sevinci bizə yaşadan şəhidlərimizin ruhları qarşısında baş əyir, qəhrəmanlıq tariximizi yazan qazilərimzə möhkəm can sağlığı arzulayır və müzəffər ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyev başda olmaqla, bütün əsgər və zabit heyətinə minnətdarlığımızı çatdırırıq. Ancaq Rövşən Rzayev, Siz və sizin kimi çox sayda məmurlar Prezidentin sizə olan inam və etibarından sui-istifadə edib, dələduzlara, fərarilərə himayədarlıq edirsiniz. Bir sözlə, onların vasitəsi ilə, pul qazanırsınız.
Bu istiqamətdə araşdırmalarımız da, artıq, sona çatmaq üzrədir. Bu yaxınlarda, bu və başqa bu kimi özbaşınalıqlarınızla bağlı aşkarlanan faktları geniş şəkildə ictimaiyyətə, aidiyyatı dövlət qurumlarına, eləcə də hüquq-mühafizə orqanlarına təqdim edəcəyik. Məqsədimiz odur ki, Sizin rəhbərlik etdiyiniz komitə ilə bağlı da, dərin araşdırmalar aparılsın və təqdim edəcəyimiz faktlar tam şəkildə araşdırılsın. Buna ciddi tələbat var. Qoy, əsl həqiqət hamıya məlum olsun!..”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.