SUM7“Yeri var, ancaq özü yoxdur”. Bu bir tapmaca deyil, söhbət Sumqayıt şəhərinin iri küçələrindən birində əvvəllər mövcud olan, indi isə naməlum səbəblərdən yerindən götürülən dayanacaqdan gedir.

Hansı ki, həmin dayanacaqda insanlar əyləşib marşrut gözləyir və ya əksinə mənzil başına çataraq məhz burada avtobusdan düşürdülər.İndi isə dayanacaqdan geriyə yalnız yeri qalıb, özü isə yoxdur. Əvəzində isə dayanacaqla üzbəüz tikilən böyük bir obyekt gözə girir. “Sabira” qadın fitness mərkəzi adını daşıyan bu obyektin kimə məxsus olması haqda az sonra…

Sumqayıt Dövlət Universitetinin ikinci korpusuna yaxın ərazidə yerləşən başıbəlalı dayanacağın niyə götürülməsi müəyyən suallar doğurur. Bizdə olan məlumatlara görə, əvvəlki dayanacaqda köşk olmadığı üçün götürülüb. Yaxın vaxtlarda ikitərəfli köşk olan yeni dayanacaq qoyulacaq. Hazırda Sumqayıda demək olar ki, bütün dayanacaqların köşkə çevrildiyini nəzərə alsaq, bizə verilən məlumatların dəqiqliyinə şübhə qalmır. Hər fürsəti dəyərləndirən işbazların dayanacaqları ticarət obyektinə çevirməsi və buna şəhər rəhbərliyinin göz yumması isə ayrı bir mövzunun müzakirəsidir.

Digər bir versiyaya görə isə, həmin dayanacaq Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsində yüksək vəzifə tutan bir məmurun tikdirdiyi obyektin dizaynını pozduğu üçün sözügedən ərazidən götürülüb. Ölkədə bu cür məmur-oliqarx özbaşınalıqlarının olduğunu nəzərə alsaq, bu versiya da çox inandırıcıdır. Səbəb nə olursa-olsun, dayanacağın götürülməsi həm avtobus sürücülərinin, həm də vətəndaşların işini qəlizləşdirir, onların narahatlığına səbəb olur.

“Sabira” qadın fitness mərkəzinə gəlincə, bu obyektin Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova məxsus olduğu haqda məlumatlar var. Belə ki, cənab başçıya məxsus olan bu obyekt onun anasının adını daşıyır. Analar müqəddəsdir və onların adının əbədiləşdirilməsi isə çox vacibdir. Ancaq Malik İsaqovun anasının adına təhsil kompleksi, yaxud digər ictimai əhəmiyyətli bir obyekt yox, məhz fitness mərkəzi tikdirməsi bir müəmmadır, hansı ki, bu sirri yalnız cənab başçı özü çözə bilər. Biz isə ümid edirik ki, yeri olub, özü yoxa çıxan dayanacaq tezliklə həmin əraziyə geri qaytarılacaq və insanların rahatlığı təmin olunacaq.

araz.az xəbər portalı.