«Bu komandanın Çempionlar Liqasının qrupuna vəsiqə qazanmaq imkanı var və bu, kifayət qədər realdır».
araz.az bildirir ki,bu sözləri Sportinfo.az-a açıqlamasında «Qarabağ»ın sabiq legioneri Donald Gerye deyib.
Haitili müdafiəçi “Viktoriya”ya (Plzen) qarşı keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin oyunları barədə danışıb.
Hazırda Kiprdə “Olimpiakos”un (Nikosiya) formasını geyinən 33 yaşlı oyunçu “köhlən atlar”ın avrokuboklardakı əvvəlki matçlarının hamısını izlədiyini bildirib.
Sitat: «Keçən dəfə İsveçrəyə getmişdim, «Sürix»lə oyuna. Maksim Medvedevə baxırdım, sona yaxın çox yorulmuşdu, gücü qalmamışdı.
Amma döyüşürdü, qələbə üçün alışıb-yanırdı. Bu, əsgər, döyüşçü psixologiyasıdır.
Riçard Almeydanın özü olsun, Kvabena Ovusu həmçinin. Bütün komanda canından keçməyə hazır idi.
Fikrimcə, “Qarabağ” istəyinə çatacaq. Çünki bunun üçün hər cür imkanı var. 2017-ci ildəki kimi qrup mərhələsinə vəsiqə qazanacaqlar. Onlar bunu bacaracaqlar.
Heç şübhəsiz, 2017-ci ildə eyni turnirdə “Kopenhagen”ə qalib gəldiyimiz pley-off görüşünü xatırlayıram. Axı həmin anları unutmaq olmaz. Bu, futbolçular, Azərbaycan xalqı və xüsusən də qarabağlılar üçün xüsusi gün idi”.
Bu gün keçiriləcək “Qarabağ” – “Viktoriya” matçı saat 20:45-də başlayacaq. Cavab görüşü avqustun 23-də Plzendə olacaq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.