Daha dözülməz halın varlığı Qovlar Şəhər Xəstəxanasının bərbad halda olmasıdır, bəzi otaqların uçmaq təhlükəsi ilə üz-üzə qalmasıdır
Uzun illərdir ki, Azərbaycan səhiyyəsinin bir parçası olan və tam böyük əksəriyyətin kəskin narazılıqla qarşıladıqları, hansı ki, Tovuzun səhiyyə müəssisələrində yaşanan biabırçılıqların nə həddi, nə də ki, hüdudu bilinir. Yəni, hal-hazırda bu rayonun səhiyyə ocaqlarında elə bir həngamələr yaşanır ki, baş verənləri görüb eşidən hər kəs ya “zəlzələ”yə, ya da ki, “vəlvələ”yə düşür. Qeyd edək ki, on illərdir Tovuz rayonunun səhiyyə şöbəsinə Paşa Muradov rəhbərlik edir və ötən illər ərzində təkcə MRX-da deyil, hətta digər səhiyyə müəssisələrində də yaşanan hoqqalar, çatışmazlıqlar, baş verən hər cür iyrəncliklər və s. heç bir halda bu şəxsin vecinə olmayıb. Adicə bir faktı qeyd edək ki, Tovuz rayonu, Qovlar şəhəri, Şəhriyar küçəsi-13 ünvanında fəaliyyət göstərən Cəlal Əhmədov adına Qovlar Şəhər Xəstəxanası 1971-ci ildə istifadəyə verilib. Verilən statistik məlumatlara görə, təqribən 30 min nəfərin yaşadığı Qovlar şəhərinin bu xəstəxanasında, bu gün nə rentgen aparatı, nə təcili tibbi yardım, nə də ki, lazım olan digər təminolunmalar yoxdur.
30 min nəfərin yaşadığı Qovlar şəhər sakinlərinə ögey münasibət
Yəni, üç ildən çoxdur ki, hansısa maraqlar çərçivəsində Qovlar Şəhər Xəstəxanasına aid rentgen aparatı və təcili-tibbi yardım MRX-na köçürülüb. Qeyd edək ki, Qovlar şəhəri ilə mərkəzi xəstəxana arasında olan məsafə təqribən 10-12 km-dir. Əgər şəhər sakinlərindən hansısa birinin səhhətində qəflətən problem əmələ gələrsə və təcili tibbi yardıma ehtiyac duyularsa, o halda xəstə ən azından 40-60 dəqiqə ərzində gözləməli olur. Yeri sakinlər arasında dolaşan söz-söhbətlərə görə, təcili-tibbi yardımlardan bir çox hallarda şəxsi işlərin yerinə yetirilməsində istifadə olunur və belə bir səbəbdən də, mütəmadi gecikmələr baş verir. Yəni, bu klimi hallar Tovuz səhiyyəsində adi hala çevrildiyindən, tam əksəriyyət bunu adi hal kimi qəbul edirlər. Digər tərəfdən, çatdırılan məlumatlarda o da bildirilir ki, rayonun təcili-tibbi yardım şöbəsinin balansında olan nəqliyyat vasitələri vaxtlı-vaxtında təmir olunmur, texniki baxışdan keçirilmir, sürücülərə lazımi məbləğdə yanacaq və lazım olan digər avadanlıqlar və s. verilmir. Bütün bunlar da, Tovuz səhiyyəsinə rəhbərlik edən Paşa Muradovun həyata keçirdiyi idarəçiliyin görünən tərəfləridir.
Şəhər sakinləri rentgen aparatına və təcili-tibbi yardım həsrət qalıblar
O halın varlığına diqqət yetirmək lazımdır ki, Qovlar şəhəri ərazisində yaşayan və şəkər xəstəsi olanlara dövlət tərəfindən verilən dərmanlar MRX-da verilir. Belə bir səbəbdən də, xəstələr ən azından 10-12 km, hətta dağ kəndlərində yaşayanlar 15-18 km yolu məcbur olub gedirlər. O halda sual oluna bilər ki, şəkər xəstəsi olan hər kəsi belə bir zülmə düçar etmək nəyə gərəkdir? Bu həm əlavə vaxt itgisinə, həm əlavə pul xərclənməsinə, həm də xəstələrin saatlarla növbə gözləmələrinə səbəb olur. Demək, rayonun səhiyyə şöbəsinə rəhbərlik edən Paşa Muradov, şəkərli xəstələrə bu cür zülm etməklə hansısa marağını təmin etmiş olur.
Şəkər xəstələri dərmanlarını almaq üçün 15-18 km yolu qət etməli olurlar
Daha biabırçı, daha dözülməz halın varlığı Qovlar Şəhər Xəstəxanasının bərbad halda olmasıdır, bəzi otaqların isə uçmaq təhlükəsi ilə üz-üzə qalmasıdır. Yəni, bu xəstəxanada hansısa xəstənin müayinə, yaxud da müalicə olunmasının özü müşkül məsələdir. Buna əsas olan səbəblərdən biri, bu xəstəxanada hər cür antisanitariyanın, hər cür natəmizlik və s. kimi halların hökm sürməsidir. O halda ortaya belə bir sual çıxır ki, görəsən ötən illər ərzində Qovlar Şəhər Xəstəxanasının təmirinə, yaxud da yenidən qurulmasına heç bir məbləğdə vəsait ayrılmayıb? Ayrılıbsa, niyə təmir olunmayıb? Yaxud da, ayrılmış vəsaitlər hara “qeybə çəkilib”, hansı vəzifə sahiblərinin ciblərinə daxil olub? . Demək, bu gün belə bir faktların araşdırılmasına, bir çox həqiqətlərin üzə çıxarılmasına ciddi ehtiyac var.
Doğum şöbəsində bir nəfər ginekoloq həkim çalışmır
Bu xəstəxananın doğum şöbəsində yaşanan biabırçılığın heç bir halda bənzəri yoxdur. Çünki, doğum şöbəsində bir nəfər olsun belə ginekoloq həkim çalışmır və belə bir səbəbdən də, bu şöbənin otaqlarında bir nəfər də xəstə olmur. Düşündürücü hal odur ki, bu cür halların varlığı rayonun səhiyyə şöbəsinə rəhbərlik edən Paşa Muradovu hələ də narahat etmir. Qovlar Şəhər Xəstəxanasına məxsus binaların, iş otaqlarının bərbad görkəmdə olması, divarların uçub-dağılması, qapı-pəncərələrin sınıq-salxaq vəziyyətə düşməsi və s. onu söyləməyə əsas verir ki, uzun illərdən bəri Tovuz səhiyyəsinə rəhbərlik edən Paşa Muradovu, hələ də təqribən 30 min nəfərdən çox sakinin taleyi heç bir halda maraqlandırmır. Əgər bu şəxsi Qovlar şəhər sakinlərinin taleyi az-çox maraqlandırsaydı, yəqin ki, o halda o, indiyə kimi mövcud problemlərin varlığını aidiyyatı dövlət qurumlarının qarşısında qaldırardı. Yerli sakinlər arasında dolaşan söz-söhbətlərə görə, Paşa Muradovu daha çox rayonun Qaraxanlı kəndində ərsəyə gətirdiyi və sahəsi bir neçə hektardan ibarət olan “parnik”i və digər ünvanlarda sahib olduğu var-dövləti düşündürür.
Paşa Muradovu yalnız “parnik”i və digər ünvanlarda sahib olduğu var-dövləti düşündürür
Qeyd edək ki, 07 mart 2012-ci il tarixdə Qovlara şəhər statusu verilib və hal-hazırda bu şəhərdə 30 min nəfər şəxsin yaşadığı bildirilir. Bu qədər insanların yaşadığı şəhərə məxsus Xəstəxananın vəziyyəti, sanki ötən əsrin 50-60-cı illərin xəstəxanalarının vəziyyətini xatırladır. Təəccüblü hal odur ki, Qovlar Şəhər Xəstəxanasındakı kritik vəziyyət uzun müddətdir ki, nə rayon rəhbərliyini, nə də ki, Tovuz səhiyyəsinə rəhbərlik edən Paşa Muradovu düşündürmür. Bəli, belə bir durumun varlığı həm biabırçılıqdır, həm də analoqu olmayan dözülməz vəziyyətin varlığıdır. Faktdır ki, son illər şəhər və rayonların ən ucqar kəndlərindəki səhiyyə ocaqları ya təmir olunub, ya da ki, yenidən qurulub. Cəlal Əhmədov adına Qovlar Şəhər Xəstəxanasının ümumi görkəmi isə, sanki ötən əsrin xəstəxanalarını xatırladır. Deməli, belə bir ögey münasibətin kökündə hansısa “əmmalar” var ki, hələ də bu yöndə heç bir addım atılmır, lazımi tədbirlər görülmür.
Onu da bildirək ki, Qovlar Şəhər Xəstəxanasında yaşanan acınacaqlı durumla, qol qoyulan qanunsuzluqlarla və s. ilə bağlı, bugünə kimi bir çox media qurumlarında dəfələrlə məqalələr yayımlanıb, sosial şəbəkə istifadəçiləri çoxsaylı paylaşımlar həyata keçiriblər. Bütün bunlara baxmayaraq, son günlərə qədər nə rayon rəhbərliyi, nə də ki, rayonun səhiyyə şöbəsinə rəhbərlik edən Paşa Muradov, əmələ gələn paroblemlərin aradan qaldırılması yöndə heç bir təşəbbüs göstərməyiblər. O halda sual oluna bilər ki, görəsən adları çəkilən vəzifə sahiblərini 30 min nəfər insanın taleyi nə vaxt düşündürəcək? Yaxud da düşündürəcəkmi? Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/fDYQwhXHmPY'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.
araz.az xəbər portalı.