zJ0FiYo7Nk9YmYQhgldB“Zaman ötdükcə, uzaqlaşdıqca onun ucalığı, böyüklüyü görünür”

“Əbülfəz bəy Azərbaycan tarixinə fərqli bir imza qoydu – Hürriyyət imzası”

 
Azərbaycanın sabiq prezidenti, Milli Azadlıq Hərəkatının liderləri Əbülfəz Elçibəyin vəfatından 
22 il ötdü. 1938-ci ilin iyunun 24-də Ordubadın Kələki kəndində anadan olan mərhum prezident 
2000-ci ilin avqustun 22-də Ankarada, 62 yaşında xərçəng xəstəliyindən vəfat edib. 
Əbülfəz  Elçibəy Birinci Fəxri Xiyabanda dəfn olunub. Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet 
rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparıb. Gizli tələbə dərnəkləri yaradaraq və 
azadlıq ideyalarını geniş şəkildə yayıb. Eyni zamanda Bütöv Azərbaycan, Turan və türk 
dünyasının birliyi ideyalarını dönmədən təbliğ edib. 1975-ci ildə Dövlət Təhlükəsizlik Komitəsi 
onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edib və siyasi dustaq 
olaraq azadlıqdan məhrum olunub. Lakin həbsi də onu yolundan döndərə bilməyib. 1988-ci ildə 
Azərbaycan Xalq Hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri olub. O, Hərəkatın 
təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (iyul 1989) biri və 
ömrünün sonunadək əvəzedilməz sədri olub. Məhz AXC-nin gərgin mübarizəsi sayəsində, 1991-
ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyi haqqında tarixi akt qəbul edilib. Elçibəy təkcə 
Azərbaycan milli azadlıq hərəkatının öndəri yox, həm də bütün türk dünyasının aparıcı lideri və 
demokratiyanın çarçısı olub. Elçibəyin prezidentliyi dövründə rus ordusu Azərbaycandan 
çıxarılıb. Yeni yaranan dövlətlər içərisində birinci olaraq Azərbaycan öz sərhədlərinin 
qorunmasını öz üzərinə götürüb. Sabiq prezident 1993-cü ildə hakimiyyətdən uzaqlaşdıqdan 
sonra doğma Kələki kəndinə yollanıb və burada 4 il 4 ay yaşayıb. 
Əbülfəz Elçibəyin ən yaxın silahdaşlarından, 1992-93-cü illərdə dövlət katibi və baş nazir 
vəzifələrini icra etmiş Pənah Hüseyn “Şərq”ə açıqlamasında bildirib ki, Şuşanın azad olunması, 
ümumiyyətlə, torpaqlarımızın erməni təcavüzkarlarından təmizlənməsi Elçibəyin ən böyük 
arzularından biri idi: “Gözümüzün qabağında Azərbaycan mərkəzli Turan ideyası artıq reallığa 
çevrilməkdədir. Turan Əbülfəz Elçibəyin ən böyük ideyalarından, məqsəd və strateji 
hədəflərindən biri idi. Elçibəy dağ misalıdır, zaman ötdükcə, uzaqlaşdıqca onun ucalığı, 
böyüklüyü görünür. Elçibəy böyük bir şəxsiyyət, dövlət və siyasi xadim, o cümlədən mütəfəkkir 
kimi cismən də olmasa, öz ideyaları ilə bu gün də milli hərəkatımızın lideridir”. 
  Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da Elçibəyin vəfat ildönümü ilə 
bağlı bunları qeyd edib: “Kələkidə birgə oturduğumuz məclisdə Məhəmməd Hadinin bir şeirini 
söyləmişdim. Bəy yarıda durdurdu və arxasını özü sonadək özəl bir duyğu ilə gətirdi. Şeirdəki 
“İdrakı olanlar məni sonra qanacaqdır” misrasını isə bir neçə dəfə təkrarladı”. Bu gün Elçibəyin 
haqq dünyasına köçünün 22-ci ilidir. Əbülfəz bəy Azərbaycan tarixinə fərqli bir imza qoydu – 
Hürriyyət imzası. Sayğı və ehtiramla anırıq. Böyük lider, müəllim, dost və ən başlıcası da insan 
kimi…”. 

araz.az xəbər portalı.