1450975 753971567950328 1823357644 nSevindirici haldır ki, “Qarabağ”ın avrokuboklardakı çıxışı okeanın o tayında – uzaq Braziliyada da maraqla izlənir.

Xüsusən vaxtilə ölkəmizdə çıxış etmiş legionerlər “köhlən atlar”ın matçlarına baxır, fikirlər irəli sürür, sosial şəbəkə hesablarında paylaşım edir.

Növbəti bu cür paylaşımı hər nə qədər qəribə olsa da, “Neftçi”nin unudulmaz futbolçularından biri Flavinyo edib.

Vaxtilə ağ-qara formada “Neftçi”nin əzəli rəqibi “Qarabağ”a qarşı oynamış, bu oyunlarda vacib qollar vurmuş ötənlərin məşhur “9 nömrə”si “köhlən atlar”ın “Viktoriya”ya uduzmasından dərhal sonra “instagram” hesabında post paylaşıb.

Flavinyo televizorda “Qarabağ”ın oyununa canlı baxdığını göstərərək, hakimin final fitindən dərhal sonra bu sözləri yazıb:

“Təbriklər, “Qarabağ”! Azərbaycana namus verdiniz”.

Görünür, Flavinyonun istifadə etdiyi tərcümə proqramı futbolçunun fikirlərini olduğu kimi çevirə bilməyib və nəticədə hansısa söz “namus” kimi qələmə verilib.

İstənilən halda “Neftçi”nin əfsanələrindən birinin “Qarabağ”a dəstək verməsi futbol və insanlıq adına xoş mənzərədir.

Flavinyo 2010-2015-ci illər aralığında “Neftçi”nin formasını geyinməklə 174 oyunda 28 qol vurub, 36 qolun ötürməsini verib. 3 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.