“Dünyada medianın texnoloji bazasının sürətlə müasirləşməsi, dünya mediasında olduğu kimi, Azərbaycan jurnalistikasında da yeni dövrün tələblərinin təxirə salınmadan cavablandırılmasını tələb etdi. Elektron medianın geniş yayılması, sosial medianın yaratdığı problemlərlə yanaşı, onun artıq böyük gerçəkliyə çevrilməsini də danılmaz etdi. Tələbləri dəyişmiş informasiya məkanında yeni reallıqlar meydana gəldi. Bununla da həm media subyektlərinin, həm də jurnalistlərin fəaliyyəti tamamilə yeni məzmun qazandı”.
araz.az bildirir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
“Artıq Azərbaycanda da onlayn medianın tənzimlənməsinə diqqət yetirilməyə başlanıldı. Düşünürəm ki, buna ehtiyac var idi. Çünki bəzi jurnalistlər müəyyən qədər də olsa mühitin sərbəstliyindən istifadə edirdi. Xüsusilə də media orqanın səhifələrində onların ünvanlarının, əlaqə vasitələrinin, məsul redaktorun məlumatlarının qeyd olunmasının zərürilliyini bildirmək istərdim. Bu şəffaflığın təmin olunmasında vacib amildir. Çünki vətəndaş və dövlət bu saytın rəhbərinin və ya məsul şəxsin kim olduğunu bilməlidir. Digər diqqətçəkən məqam rəsmilərdən və ya qurumların mətbuat katiblərindən alınan açıqlamalarla bağlıdır. Belə ki, bəzən anlaşılmazlıqlar yaranır, təhrif olunmuş açıqlamalar vətəndaşları yanlış yönəldirirdi. Düşünürəm ki, “Media haqqında” qanunda nəzərdə tutulmuş bütün müddəalar medianı şəffaf müstəviyə çıxarmağa yönəlib. Bu qanun yerli jurnalistlərin xarici həmkarları ilə əməkdaşlıq etməsi, qarşılıqlı əlaqələrin formalaşdırılması və təcrübənin öyrənilməsini də stimullaşdırmalıdır” – M.Cəfərov qeyd edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.