““Müsavat” adına iddiası olan, əslində isə “Müsavat”çılıq anlayışına yad insanların Novella Cəfərovaya qarşı cılız ”hücum”unun şahidi oldum. Sadəcə, rəzalətdir… Məmləkətimizin inkişafı üçün çalışan şəxsləri “daş-qalaq” etmək son zamanlar dəb olub. Bu gün isə, görünür, növbə hörmətli Novella xanıma çatıb… Sanki ölkədə bir qrup var, dövlətinə, xalqına yorulmadan xidmət göstərən milli şəxsləri, Elçibəy yadigarlarını hədəf seçmək tapşırığı alıb”.
araz.az Pravda.az-a istinadən xəbər verir ki, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.
“Heç şübhəsiz ki, tənqid edənlər, hədəf seçənlər bundan sonrakı ömürlərini də xərcləsələr belə, Novella xanımın xalqı və dövləti qarşısında etdiyi xidmətlərin heç 10%-ni həyata keçirmək iqtidarında olmayan, hər məsələdə qara rəng axtaran tiplərdir. Bu əndirabadi personalar Novella Cəfərovanı Müsavat Partiyasından xaric etmək məsələsini gündəmə gətirməklə, cılız ambisiyalarını çılpaqlığı ilə nümayiş etdirdiklərinin, sadəcə, fərqinə varmırlar. Anlamırlar ki, atdıqları addım daxildən görünməsə də, kənardan görünməkdədir. Eyni zamanda onu da anlamırlar ki, Novella Cəfərova Müsavat-a lazımdır, Müsavat Novella Cəfərovaya yox! Böyük şəxsiyyətləri uzaqlaşdıra-uzaqlaşdıra, daşqalaq edə-edə Müsavat boyda tarixi partiyanı zəiflətmiş, taqətdən düşmüş hala salmış şəxslər əmin olsunlar ki, əməllərinə görə mütləq cavab vermiş olacaqlar. Əminəm ki, Novella xanım sarsılmır. Onu bu haqq yolundan heç bir cılız düşüncə sahibləri döndərə bilməz” – A.Şakiroğlu qeyd edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.