“Sosial şəbəkədə zərərli olan hər hansı bir məhsulun, informasiyaların yayılması, pornoqrafik, erotik xarakterli materialların, eləcə də spirtli içkilərin, tütün məhsullarının reklam edilməsi böyük problemdir. Bu problemə qarşı milli qanunvericilik mütləq dərhal reaksiya verməlidir. Artıq bu istiqamətdə qadağanedici normaların gündəmə gəlməsinə ehtiyac var. Çünki belə hallar daha çox insanların aldadılmasına gətirib çıxarır, həm də insanların sağlamlığına zərər vura biləcək bir nəticə doğurur”.
araz.az Pravda.az-a istinadən bildirir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat bildirib ki, sosial şəbəkələr üzərində qanunvericiliyi daha çox böhtan, təhqir, şantaj və digər xarakterli materialların yayılmasına yönəltmişik: “Lakin bununla yanaşı, qanunvericiliyi sadaladığımız məhsulların reklamına qarşı da tətbiq etməliyik. Çünki bu, bilavasitə insan sağlamlığı üçün ziyandır. Təbii ki, narkotik vasitələrin təbliği istiqamətində atılan addımlara qarşı ölkənin hüquq-mühafizə orqanları ciddi mübarizə aparır, dərhal həmin şəxslər müəyyən edilərək zərərsizləşdirilir. Amma digər kateqoriyadan olan məsələlərə də, bütövlükdə tütün çəkmə, spirtli içki ilə bağlı məsələlərə də eyni həssaslığı göstərmək vacibdir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.