metbuat66

 Mətbuat Şurasının VIII qurultayının keçirilməsi nəzərdə tutulur. Bununla bağlı Demokrat.az media nümayəndələrinin fikirlərini öyrənib

“Bizim media” informasiya portalının baş redaktoru Anar Tahirov Demokrat.az-a açıqlamasında bildirib ki, qurultayın keçirilməsi adi prosedur qaydalarından biridir. Baş redaktor vurğulayıb ki, son illər ölkə mətbuatı kifayət qədər sınaq mərhələsindən keçib:

“Buna görə də, yenilənməyə, yeni dövrün tələblərinə uyğunlaşmağa ehtiyac var. Bu baxımdan qurultayın çağırılması, dövrün yeni çağırışlarına yenidən nəzər salmağa da tələbat yaranıb. Mətbuat Şurasının bəlli tərkibində də istefalar, köhnəlmələr baş verib. Vahid bir orqanizm olaraq da yenilənmək çox vacibdir. Belə bir fikri də var ki, son illərdə Mətbuat Şurasının təsir gücü azalıb və idarə heyətində olan bəzi üzvlərin fəaliyyəti şuranın ümumi fəaliyyəti ilə ayaqlaşmır. Ona görə də hesab edirəm ki, hər kəsdən yenilənmə tələb edən bir zümrənin şurası da çoxdan yenilənməliydi. Mətbuatın özü də, şurası da bütün yeniliklərə açıq olmalıdır. Bu baxımdan hesab edirəm ki, növbəti qurultayda şuraya yeni nəfəs, ruh gələcək. Bütün sahələrdə olduğu kimi, birmənalı şəkildə Şurada da gəncləşmə, navatorçuluq ön plana çəkilməli, ən son tələblərə uyğunlaşdırılmalıdır. Rəqabət hissi meyar götürülməlidir, rəqabəti isə daha yenilikçi, daha enerjili adamlar apara bilir. Bu baxımdan Mətbuat Şurasının sentyabrın 24-nə çağrılmış qurultayından böyük gözləntilərim var, biz də burada iştirak edib öz sözümüz və səsimizlə qatqılarımızı verəcəyik”.

“Pravda.az” xəbər portalının rəhbəri İlkin Pirəli isə açıqlamasında deyib ki, Mətbuat Şurası ictimai təşkilatdır:

“Doğrusu, orada təmsil olmaq niyyətimiz olmadığından şəxsən xüsusi gözləntim yoxdur. Amma qurultay Azərbaycan jurnalistlərinin adından keçirilirsə, buna uyğun ortaya iş qoyulmalıdır. Ümid edirik ki, qurultaydan sonra mətbuatda yeni səhifə açılacaq. Düşünürük ki, bu, “Əli Həsənov dövrü”nü tamamilə qapadacaq. Doğrudur, Mətbuat Şurası indiyədək bir çox işlər görüb. Biz daha çox Şuranın müstəqilliyinə nail olmaq istəyirik. Ona görə də İdarə Heyətində müstəqil fikirli insanlar təmsil edilməlidirlər. İndiki halda, İdarə Heyətinin bəzi üzvlərinin və sədr Əflatun Amaşovun fəaliyyəti daha qabarıq görünür. Belə olmamalıdır, təmsil edilən hər bir şəxs aktivlik nümayiş etdirməlidir. Təbii ki, bu, bizim fikirlərimizdir, amma qurum seçki ilə formalaşdırılırsa, tamamilə başqa mənzərə də görə bilərik. Ən passiv şəxslər də təmsil edilə bilər. Digər bir məsələ jurnalistlərin müdafiəsi ilə bağlıdır. Geridə qalan zaman göstərir ki, Mətbuat Şurasının bu istiqamətdə müəyyən işlər görüb, amma qənaətbəxş deyil. Mətbuat Şurası jurnalistlərin mövqeyindən çıxış etməlidir, hüququ pozulan Şuraya müraciət etməlidir. Müraciət edilmirsə, deməli, gözlənti yoxdur. Bu da müsbət hal deyil. Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi dövlət qurumudur. Etiraf edək ki, yarandığı qısa vaxt ərzində mühüm işlər görülüb, şəffaflıq, hesabatlılıq artırılıb, müxtəlif maarifləndirmə tədbirlər, təlimlər keçirilib. Bu sahədəki vəziyyət göz qabağındadır. Hətta MEDİA Agentliyi Mətbuat Şurasının üzərinə düşən işləri də görüb. Mətbuat Şurası ictimai qurum kimi fəaliyyətini Agentliklə uzlaşdırmalıdır, təkliflərini verməlidir, şəffaflığın artırılmasına töhfə verməlidir. Əslində Şura bir qədər tənqidi mövqedə olmalıdır, çatışmazlıqları göstərməlidir. Belə olan halda, Şuraya inam da artacaq, etimad da göstəriləcək. Tənqid inkişaf üçün çox önəmlidir”.

AZXEBER.COM informasiya portalının baş redaktoru Hacıbəy Heydərli Demokrat.az-a açıqlamasında  qeyd edib ki, Mətbuat Şurası fəaliyyət göstərdiyi 19 il ərzində çox böyük işlər görüb, dövlət qurumları ilə jurnalistlər arasında körpü rolunu oynayıb, həssas məqamlarda ortaya konkret mövqe qoyub və jurnalistlərin problemlərinin həllinə çalışıb:

“Şuranın hazırki sədri Əflatun Amaşov da əlindən gələn qədərilə hər zaman jurnalistlərə dəstək olub, bunları danmaq qeyri-obyektivlik olar. Eyni zamanda Mətbuat Şurası Azərbaycanda jurnalistlərlə dövlət qurumları, cəmiyyətin ayrı-ayrı fərdləri, eləcə də sahibkarlıq subyektləri arasındakı məsələləri həll etməyə çalışıb. Bu kimi hadisələrin məhkəməyə getməsinin qarşısını alıb. Bu, mətbuatımız üçün çox önəmlidir. Çünki mən hər zaman düşünmüşəm ki, jurnalistlərin məsələsi hər zaman jurnalistika səviyyəsində həll olunmalıdır. İndi isə Mətbuat Şurasının 8-ci qurultayına gedilir. Hesab edirəm ki, Mətbuat Şurası bu qurultaydan sonra öz fəaliyyətini müasir tələblərə və çağırışlara uyğun qurmalıdır. Bu həm qurum üçün, həm də cəmiyyətimiz üçün çox vacibdir. Çünki dünya dəyişib, 20 il öncə qəzetlər ictimai rəyə təsir edən ən böyük qüvvə idisə, bu gün internet media və sosial şəbəkələr dünyada ağalıq edir. Bu səbəbdən də düşünürəm ki, qurumun idarə heyətində mütləq gənc jurnalistlər və innovativ insanlar yer almalıdırlar. Biz orta və yaşlı nəslin zəngin təcrübəsi ilə gənc nəslin dinamikasını, çevikliyini bir araya gətirməliyik. Mətbuat Şurası sosial media ilə aktiv iş qurmalıdır, bir növ dışlanmış sosial media subyektləri bu quruma inteqrasiya edilməlidir. Belə olan halda biz sosial mediadakı saxta xəbərlərin, dezinformasiyaların, yalan məlumatların da qarşısını ala bilərik”.

H.Heydərli qeyd edib ki, bu qurultaydan gözləntiləri olduqca böyükdür:

“Ümid edirəm ki, seçkilər demokratik və ədalətli şəkildə keçiriləcək. Belə olan təqdirdə isə bundan qazanan cəmiyyətimiz və mətbuatımız olacaq. Bilirsiniz ki, Azərbaycan mətbuatında islahatlar dövrü başlanıb. Medianın İnkişafı Agentliyinin yaradılması mətbuatımıza yeni nəfəs, yeni yanaşma gətirmiş oldu. Bu qurum ilk dəfə olaraq onlayn media subyektlərinə maliyyə yardımı ayırdı, xaricdən peşəkar jurnalistlər təlimlər üçün dəvət olundu, tələbə-jurnalistlər könüllülük proqramına qoşuldu, jurnalistlərin işğaldan azad edilmiş bölgələrə səfərləri təşkil edildi. Bunlar hamısı mütərəqqi addımlardır və mediamız üçün çox sevindiricidir. Əminəm ki, Mətbuat Şurasının yeni sədri və idarə heyəti də bu prosesə dəstək olacaq. Jurnalistlərin sosial problemləri, reklam bazarındakı durğunluq, sosial mediaya inteqrasiya, intensiv təlimlər ön planda olacaq. Bu baxımdan Mətbuat Şurasının 24 sentyabrda baş tutacaq qurultayından gözləntilərim böyükdür”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.