DC-2018.jpg

Bu qrupda iki güclü komanda birincilik uğrunda mübarizə aparacaq, İran isə sürpriz edə bilər

Rusiyada keçiriləcək dünya çempionatında maraqlı qruplardan biri də B qrupudur. Bu qrupdakı komandalarla yaxından tanış olaq.

B qrupu

Portuqaliya

İspaniya

Mərakeş

İran

Portuqaliya iddialıdır 

Portuqaliya yığması ilk oyununu 1921-ci ilin 18 dekabrında  indi qrupda rəqibi olan İspaniyaya qarşı keçirib və 1:3 hesabı ilə məğlub olub. Portuqaliya ilk dəfə mundialın  final mərhələsinə  1966-cı ildə qatılıb və 3-cü yeri tutub.  Qrup mərhələsində Macarıstan, Bolqarıstan və Braziliyanı üstələyən portuqallar  yarımfinalda İngiltərəyə uduzub. Üçüncü yer uğrunda SSRİ-ni yenən portuqallar dünya üçüncüsü olub.

Bundan sonra uzun müddət,  1982-ci il İspaniya mundialına  qədər Portuqaliya bu böyük idman yarışından kənarda qalıb. 1986-cı ildə yenidən dünya birinciliyinə vəsiqə qazansa da, qrup mərhələsində Polşa, Mərakeş və İngiltərəyə uduzaraq uğursuzluqla üzləşib.

Portuqaliya 2018 ile ilgili görsel sonucu

Növbəti üç dünya çempionatını kənardan izləyən Portuqaliya 2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilən mundiala vəsiqə əldə edib. Amma bu dəfə də mübarizə qrup mərhələsində dayanıb. Komanda DÇ-2006-da mübarizəni üçüncü yer uğrunda oyunadək davam etdirib. Qrupda Anqola, İran və Meksikaya qalib gələn Portuqaliya 1/8 finalda Hollandiyanı, 1/4-də İngiltərəni mübarizədən kənarlaşdırıb və yarımfinalda Fransaya uduzub. Üçüncü yer uğrunda isə oyunda almanlara yenilib. 2010-da  CAR-da keçirilən dünya birinciliyində portuqaliyalıların yolu 1/16 finalda kəsilib. Qrupda Braziliya və Fil Dişi Sahili ilə sülh bağlayıb. Şimali Koreyanı 7:0 hesabı ilə darmadağın edən komandanın yolunu 1/16 finalda həmin il ilk dəfə dünya çempionu olan İspaniya kəsib.

2014-cü ildən komandaya rəhbərlik edən  Fernando Santoş Portuqaliya yığması tarixinin ən yaxşı baş məşqçilərindən biri hesab olunur. Onun rəhbərliyi altında milli komanda Avropa çempionatının qalibi olub. Santoş 2016-cı ildə ilin ən yaxşı avropalı məşqçisi seçilib. 63 yaşlı mütəxəssisin müqaviləsi 2020-ci ilə qədər nəzərdə tutulub. Seçmə mərhələdə 10 oyunda 9 qələbə qazanan Portuqaliya FİFA sıralamasında 4-cü yerdədir.

Milli komandanın yekun heyəti belədir: 

Qapıçılar: Antoni Lopeş (Lyon, Fransa), Betu (Göztepe, Türkiyə), Ruy Patrisiu (Sporting)

Müdafiəçilər: Brunu Alveş (Rangers, Şotlandiya), Sedrik Soareş (Southempton, İngiltərə), Joze Fonte (Dalyan İfan, Çin), Mariu Ruy (Napoli, İtaliya), Pepe (Beşiktaş, Türkiyə), Rafael Gerreyro (Borussia Dortmund, Almaniya), Rikardu Pereyra (Porto), Ruben Diaş (Benfica)

Yarımmüdafiəçilər: Adrien Silva (Leicester, İngiltərə), Brunu Fernandeş, Vilyam Karvalyu (hər ikisi Sporting), Joau Mariu (West Ham, İngiltərə), Joau Moutinyo (Monaco, Fransa), Manuel Fernandeş (Lokomotiv, Rusiya)

Hücumçular: Andre Silva (Milan, İtaliya), Bernardu Silva (Manchester City, İngiltərə), Kriştianu Ronaldo (Real Madrid, İspaniya), Jelson Martinş (Sporting), Qonsalu Gedeş (Valencia, İspaniya), Rikardu Kuarejma (Beşiktaş, Türkiyə)

İspaniya Xulen Lopeteginin rəhbərliyi ilə nə edəcək?

İspaniya xüsusi təqdimata ehtiyacı olmayan  komandadır.  Dünya çempionatlarında 15-ci dəfə (1934, 1950, 1962, 1966, 1978, 1982, 1986, 1990, 1994, 1998, 2002, 2006, 2010, 2014) iştirak edəcək ispanlar stabil oyun nümayiş etdirməmələri ilə seçilirlər.  2010-cu ildə ilk dəfə dünya çempionu titulunu qazanan İspaniya millisi bu uğuru onlara yaşatmış  Visente del Boske ilə yollarını 2016-cı ildə ayırmalı olub.  2016-cı ildən yığmanın baş məşqçisi olan Xuan Lopetegi ilk rəsmi matçını Belçikaya qarşı keçirib. Oyun ispanların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xulen Lopeteginin rəhbərliyi altında  İspaniya yığması  hələ uduzmayıb.  51 yaşlı mütəxəssislə müqavilənin müddəti 2020-ci ilin iyununa kimi uzadılıb.

Xulen Lopetegi “Real Sociedad”da qapıçı kimi karyerasına başlayıb.  19 yaşında isə “Real” Madridin ikinci heyətində üç sezon oynayıb.  1994-cü ildə İspaniya millisinin heyətinə  düşməyi bacaran Lopetegi  bir dəfə də olsun oyuna çıxmayıb. Sonra “Barselona”ya keçib. “Rayo Vallecano” klubunda isə 100 oyun keçirdikdən sonra məşqçi karyerasına başlayıb.  17 yaşlılardan ibarət İspaniya millisində baş məşqçinin köməkçisi işləyib. “Rayo Vallecano” klubunda baş məşqçilik isə uğursuz olub. Klub aşağı diviziona düşüb. Bundan sonra idman şərhçisi kimi məşhurlaşıb.

2008-ci ildə o, yenidən məşqçi kimi fəaliyyətə başlayıb.   “Real”ın rezerv klubu hesab olunan  “Real Madrid Castilla”nı çalışdırıb.  Ən parlaq uğurunu  isə İspaniyanın 19 yaşlılardan ibarət komandasında yaşayıb. Gənclər iki dəfə Avropa çempionu olublar. 

İspaniya 2018 ile ilgili görsel sonucu

İspaniya mundialda bu heyətlə çıxış edəcək: 

Qapıçılar: Kera Arrisabalaqa (“Atletik”), Pepe Reyna (“Napoli”, İtaliya), David De Xea (“Mançester Yunayted”, İngiltərə)

Müdafiəçilər: Dani Karvaxal, Serxio Ramos, Naço (hər üçün “Real Madrid”), Xerard Pike, Xordi Alba (hər ikisi “Barselona”), Sezar Aspilikueta ( “Çelsi”, İngiltərə), Naço Monreal (“Arsenal”, İngiltərə), Arvalo Odriozola (“Real Sosyedad”)

Yarımmüdafiəçilər: Andres İnyesta, Serxio Buskets  (hər ikisi “Barselona”), Marko Asensio, İsko (hər ikisi “Real” Madrid), Saul Nyiges, Koke ( hər ikisi “Atletiko Madrid”), Tiaqo Alkantara (“Bavariya”, Almaniya), David Silva (“Mançester Siti”, İngiltərə)

Hücumçular: Yaqo Aspas (“Selta”), Rodriqo (“Valensiya”) , Dieqo Koşta (“Atletiko”), Lukas Vaskes (“Real Madrid”)

20 il sonra mundialda  

Mərakeş millisi 5-ci dəfədir ki, mundiala vəsiqə qazanır.

FİFA sıralamasında  42-ci yerdə olan mərakeşlilər bundan əvvəl 1970, 1986, 1994, 1998-ci illərdə dünya çempionatlarında iştirak edib. Ən yaxşı nəticəni 1986-cı il mundialında 1/8 finala vəsiqə qazanmaqla göstərib. Beləliklə, komanda 20 illik fasilədən sonra mundiala vəsiqə qazanıb. Bu isə Erve Renarın xidməti hesab olunur.  49 yaşlı Erve Renar 2016-cı ildən etibarən Mərakeş millisini çalışdırır. Fransız mütəxəssis daha öncə çalışdırdığı Zambiya və Fil Dişi Sahili  yığma komandaları ilə Afrika Millətlər Kubokunun qalibi olub.

Mərakeş 2018 ile ilgili görsel sonucu

Heyətlə tanış olaq: 

Qapıçılar: Munir Məhəmmədi (“Numansiya”, İspaniya) Yassin Bunu (“Jirona”, İspaniya), Əhməd Taqnauti (“İttihad Tanjer”)

Müdafiəçilər: Mehdi Benatia (“Yuventus”, İtaliya), Romen Ses (“Vulverhempton”, İngiltərə) Manuel da Koşta (“Başakşehir”, Türkiyə), Əşrəf Hakimi (“Real Madrid”, İspaniya), Həmzə Mendi (“Lill”, Fransa)

Yarımmüdafiəçilər: Nabil Dirar (“Fənərbağça”, Türkiyə), Yosef Ait Bennasser (“Kan”, Fransa), Mehdi Karsela-Qonsales (“Standard”, Belçika), Kərim Əl-Əhmədi, Sofyan Amrabat (hər ikisi “Feyenoord”, Hollandiya), Yones Belhanda (“Qalatasaray”, Türkiyə), Hakim Zieş (“Ayaks”, Hollandiya) Fayçal Fayr (“Xetafe”, İspaniya), Nordin Amrabat (“Leqanes”, İspaniya), Mbarak Bussufa (“Əl-Cəzirə”), Amir Arit (“Şalke”, Almaniya)

Hücumçular: Aziz Buhadduz (“Sankt-Pauli”, Almaniya), Xalid Butaib (“Malatyaspor”, Türkiyə) Ayyob Əl-Kaabi (“Penessans Berkan”) Yussef Ən-Həsiri (“Malaqa”, İspaniya)

İran 2018 ile ilgili görsel sonucu

İran sürpriz edə bilər 

İran  yığması Rusiya və Braziliyanın ardından 2018-ci il dünya çempionatına vəsiqəni təmin edən üçüncü ölkə olub.

İran millisi tarixində 5-ci dəfə mundiala qatılacaq. Əvvəllər qonşu ölkə yığması 1978, 1998, 2006 və 2014-cü il dünya çempionatlarında çıxış edib. İran millisi 2014-ci il mundialında ilk oyunda Nigeriya ilə qolsuz bərabərliyə nail oldu. Bu, əlbəttə ki, dünya çempionatında dördüncü dəfədir iştirak edən iranlılar üçün nailiyyət sayıla bilərdi. Sonra Argentinaya da minimalı hesabla(1:0) məğlub olan iranlılar qrup mərhələsinin son oyununda Bosniya və Hersoqovina yığması qarşısında məğlubiyyətdən (1:3) yaxa qurtara bilmədilər.

2011-ci ildən millini çalışdıran  Karluş Keyruş istefa verdiyini açıqlasa da, İran Futbol Federasiyası  onu buraxmadı və müqaviləni yenilədi.  Keyruş neçə illərdi milli komandanı meydana 4-3-3  və ya  4-2-3-1 sxemi ilə çıxarır ki, bəzi iddialara görə, bu, sürətli dünya futbolu üçün uğurlu taktika deyil.  Amma yaddan çıxarmayaq ki, İran yığması seçmə mərhələdə keçirdiyi  8 oyunda qapılarından  top buraxmayıb. Yalnız Suriya millisi ilə əhəmiyyət kəsb etməyən oyunda  İran millisinin uğurlu seriyası qırılıb.

Karluş  Keyruşun püşkatma mərasimindən sonra dediklərini xatırlatmaq yerinə düşər: “İranın püşkünə sevinə bilmərəm. İspaniya və Portuqaliya mənim üçün iki xüsusi komandadır. B qrupunu istər ”ölüm”, istərsə də həyat qrupu adlandırmağımızın İran üçün heç bir fərqi yoxdur. İranın futbol üzrə yığma komandası 15 iyun, 20 iyun və 25 iyunda Mərakeş, İspaniya və Portuqaliya ilə qarşılaşmalıdır”.  Məlumdur ki, Karluş  Keyruş portuqaliyalıdır və 2008 – 2010-cu illərdə Portuqaliya millisinə rəhbərlik edib.

İran millisinin dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

Karluş Keyruş “23-lük”ə aşağıdakı futbolçuların adlarını daxil edib.

Qapıçılar: Rəşid Məzahiri (“Zob Ahan”), Əmir Abedzadə (“Maritimu”, Portuqaliya), Alireza Beyravand (“Persepolis”)

Müdafiəçilər: Ramin Rezaeyan (“Ostende”, Belçika), Mohammad Reza Khanzadeh (“Padide”), Morteza Purliqanci (“Əl-Sədd”, Qətər), Pejman Montazeri “(İstiqlal), Seyid Məcid Hosseyni (”İstiqlal”), Milad Məhəmmədi (“Axmat”, Rusiya), Ruzbeh Çeşmi (“İstiqlal”)

Yarımmüdafiəçilər: Səid Ezzatollahi (“Amkar”, Rusiya), Masud Şucayi (AEK, Yunanıstan), Saman Qoddos (Östersun”, İsveç), Mehdi Torabi (“Saypa”), Aşkan Decaqa (“Nottingem Forest”, İngiltərə), Omid Ebrahimi (“İstiqlal”), Ehsan Hacı Safi (“Olimpiakos”, Yunanıstan), Vahid Amiri (“Persepolis”)

Hücumçular: Alireza Cahanbaxş (AZ, Hollandiya), Kərim Ansarifard (“Olimpiakos”, Yunanıstan), Mehdi Taremi (“Qarafa”, Qətər), Sərdar Azmun (“Rubin”, Rusiya), Reza Quçannecad (“Herenven”, Hollandiya)

Nazim SABİROĞLU,
“Yeni Müsavat” 

araz.az xəbər portalı.