Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qədim tarixə malik ikinci böyük şəhəri olan Gəncənin mərkəzinə əməliyyat-taktiki ballistik raket kompleksindən istifadə etməklə ilk hücumundan 2 il ötməsi ilə bağlı bəyanat yayıb.
Ombudsman Aparatından verilən məlumata görə, bəyanatda bildirilir ki, Ermənistanın Vətən müharibəsi dövründə hərbi əməliyyatların aparıldığı bölgədən çox uzaq məsafədə yerləşən Gəncə şəhərində bir neçə dəfə törətdiyi terror aktları nəticəsində aralarında qadın və uşaqların da olduğu 26 mülki şəxs həlak olub, 175 nəfər isə yaralanıb: “Bundan başqa, şəhərin yaşayış binalarına, tarixi-mədəni və dini abidələrinə, nəqliyyat vasitələrinə, habelə digər mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib. Təəssüflər olsun ki, dəfələrlə tərəfimizdən dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara mülki əhaliyə qarşı cinayətlərin törədilməsində təqsirkar olan şəxslərin müəyyən edilərək cəzalandırılması ilə bağlı müraciətlər edilməsinə baxmayaraq, beynəlxalq humanitar hüquq normalarını və tərəflər arasında elan olunmuş atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla çoxsaylı müharibə cinayətlərində iştirak etmiş Ermənistanın hərbi-siyasi rəhbərliyinin sülh və insanlıq əleyhinə əməllərinə hələ də beynəlxalq hüquqi qiymət verilməyib”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.