CƏKİLİŞTarixlərin şahidi Xudafərin körpüsü!      
        Altından əsrlər boyu təkcə su yox, həm də Vətən torpaqlarını yadelli düşmənlərdən qoruyan, O tayı, Bu tayı birləşdirmək istəyən müqəddəs şəhidlərimizin qanı axdı.
       Bu körpünü tikən əcdadımız, Zəngəzur dəhlizi ilə, Böyük Vətənimizin Qərbindən gələn yolun, Cənubuna rahat keçidini təmin etmək üçün tikdi. Bəzi şovinistlərin lənətlənmiş zehniyyətinin ifadə etdiyi kimi, Zəngəzur, qondarma Ermənistanla İran arasında deyil, Azərbaycanın Qərbi ilə, Cənubu arasında min illərdir mövcud olan təbii dəhlizdir. İnşallah, böyük tarixi şəxsiyyət, tarixi zəfərimizin hərbi-siyasi və strateji memarı, Müzəffər Ali Baş Komandanımızın səyləri nəticəsində, yenidən öz təbii statusuna da qovuşacaq.
      Dəyərli dostum, Vətən sevdalısı şairimiz Sayman Aruz zəng edib, deyəndə ki, efir məkanımızın ən sevilən və populyar verlişlərindən birinin növbəti çəkilişi üçün, məni Xudafərinə dəvət edir, sevincimdən nə edəcəyimi bilmədim. Dərhal razılıq verdim və bir neçə gün sonra, təhlükəsizliyimizlə bağlı olan lazımı icazə prosedurları başa çatdı. Oktyabr ayının 1-də, dan yeri sökülər-sökülməz, Cəbrayıl rayonunun Xudafərin kəndinin beş addımlığında qərar tutan milli birliyimizin, həm də milli faciəmizin, bölünməyimizin rəmzi olan Xudafərin körpüsünə doğru yola düşdük. 
       Yol boyu maraqlı söhbətlər edir, ulu tariximizdən, keçmişimizdən, Cənublu – Şimallı, Şərqli – Qərbli Böyük Vətənimizdən danışır, onun acılı və sevincli günlərini xatırlayaraq, hətta haldan-hala düşürdük. Ancaq, necə olsa da, axırda mütləq Tarixi Zəfərimizin bəxş etdiyi qələbə ovqatına qayıdırdıq. Qəmli əhval-ruhiyyəmizdə, hərdən yadıma şair dstum İlham Qəhrəmanın 30 il bundan qabaq Laçına yazdığı şeirinin bu misraları düşürdü:
        — Başımı götürüb gedəcəm evdən,
O əsir dağları deyib, gedəcəm!
Yoluma yeməyə çörək qoymayın,
Yol boyu həsrəti yeyib, gedəcəm!
       Biz isə, 30 ildən sonra azad olunmuş torpaqlarımıza qayıtmağın, Xudafərinə qovuşmağın sevincindən elə sərməst idik ki, yadımıza yemək belə düşmürdü. Nəhayət, Horadiz şəhərini keçib, işğaldan azad olunmuş torpaqlarımıza qədəm qoyduq. Yol boyu, yağı düşmənin viran qoyduğu yurd yerlərimizin acı mənzərəsi ürəyimizi dağlayırdı. Ancaq, bir-neçə yüz metrdən bir, düşmənin illər boyu inşa etdiyi 7 qatlı səngərləri qəhrəman əsgərlərimizin necə bir neçə saata dağıdaraq, torpaqlarımızı azad etdiyini görəndə, Vətən övladlarının şücaəti və qəhrəmanlığı qəlbimizi riqqətə gətirirdi.cəkiliş2
      Beləcə…
      …Və gəlib çatdıq!    
      Salam Xudafərin! 
      Salam Xan Araz!
      Salam, 30 illik ağrı-acılı işğal dövründə, vicdanı olan hər bir azərbaycanlının öz içində, özünü çarmıxa çəkdiyi Dar Ağacı!
         Gözümü Arazın sularına zilləyib, xəyala daldım. Yavaş-yavaş başımı qaldırarkən, o taydan mənə zillənən gözlər gördüm. Bir-neçə gənc, çəkiliş qrupumuzu görüb, düz bizim paralelimizə — o taydakı sahilə gəlmişdilər. Səslərini bizə eşitdirmək üçün, “Arazı ayırdılar!” mahnısını zümzümə edirdilər. Qeyri-ixtiyarı əlimi qaldırıb, onlara doğru yellədim. Sanki bunu gözləyirlərmiş kmi, coşqu ilə, bizə əl salladılar. Bu, birbaşa, Azərbycanın gələcəyinə sallanan əllər idi! Bayaq xəyala dalarkən, vicdan əzabından qurtarmaq üçün, içimdəki dar ağacını sökmək qərarımdan vaz keçdim. Axı, dünənə qədər Qarabağ işğal altında olduğu kimi, hələ də işğal altında olan torpaqlarımız var. Böyük Vətənimizin hər qarışı, o cümlədən doğulduğum, boya–başa çatdığım Qərbi Azərbaycan torpaqları işğal altında ikən, mən necə özümü dar ağacından xilas edə bilərəm. Bu yerdə yadıma dostum Sayman Aruzun Şuşada, Vaqif Poeziya Günlərində Müzəffər Ali Baş Komandanımızın hüzurunda oxuduğu şeir düşdü. O, milli birliyimizin və həmrəyliyimizin, tarixi qələbəmizin rəmzi olan, 60 milyonluq Azərbaycanlının Prezidentinə xitabən belə deyirdi:cəkiliş3
     — Nə Araz, nə də ki, tıkanlı məftil,
Xalqın niyyətini bölə bilmədi!
İki yüz ildir ki, erməni qatil,
Sənin millətini bölə bilmədi!
Bu gün ad günündür, cənab Prezident,
Altmışı haqladın, mübarək olsun!
Gücümüz gücündür, cənab Prezident,
Gözlərin sevinclə, zəfərlə dolsun!
Sən altmış yaşında, biz altmış milyon!..
Böyük bir millətin ümidi sənsən!
Sonadək şərəflə dayandın, durdun,
Sən özün Vətənsən, özün Vətənsən!
Ey, son yüz illərin məğrur fatehi!
Sən, ey ölümsüzlər Baş Komandanı!
Dədəm Xətainin ruhu səndədir,
Bütövlət, bütövlət Azərbaycanı!
Şuşanı işğaldan azad edəndən,
Günbəgün dirçəlir dumanlı Təbriz!
Sənə səslənirik Xudafərindən:
“Bizə arxayın ol, səninləyik biz!..
Hikmət BABAOĞLU.

araz.az xəbər portalı.