elxan nuriyevjpg 1664973242Polşada saxlanılan Qubadlı rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin nədə ittiham olunduğu məlum olub.

Məlumata görə, Elxan Nuriyev 5 nəfərin qətlə yetirilməsində, 1 nəfərin qətlinə cəhd etməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.

İttihama görə, Elxan Nuriyev icra başçısı işləyərkən faktiki rəhbərlik etdiyi “Qaranquş” dəstəsinin üzvləri ilə birgə Qubadlı şəhərinin işğalının kökündə xəyanətin durduğunu iddia edərək rayonun polis rəisi Evarist Paşayevi, polis rəisinin sürücüsü Xanlar Nuriyevi, rayon prokuroru Nazim Ağayevi, prokurorluğun müstəntiqi Əyyub Vəliyevi, rayon məhkəməsinin hakimi Sərdar Hüseynovu qətlə yetiriblər.

Bundan başqa, Elxan Nuriyev daha bir vəzifəli şəxsi öldürməyə cəhddə ittiham olunur.

O, həmçinin Qubadlının işğalı dövründə vəzifə səlahiyyətlərini aşaraq İcra Hakimiyyətinə məxsus sənədləri yandırmaqda təqsirləndirilir.

Onu da qeyd edək ki, bu qətllərlə bağlı “Qaranquş” dəstəsinin bir neçə üzvü vaxtilə saxlanılıb və ömürlük azadlıqdan məhrum ediliblər/APA.

Baş Prokurorluğun yaydığı məlumata görə, Qubadlı rayonun İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, 29,120.2.11, 309.2 və digər maddələri ilə cinayət işi başlanıb və Elxan Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib.

Məlumatda deyilir ki, Elxan Nuriyev 02.10.2022-ci il tarixdə Polşa Respublikasının ərazisində saxlanılıb. Hazırda E.Nuriyevin Azərbaycan Respublikasına ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilib.

araz.az xəbır portalı.

araz.az xəbər portalı.