mekteb 766

 
Bu gün Müəllimlər günüdür! Amma müəllimlərin günü deyil. Niyə? Çünki müəllimlərin günü-güzəranı yoxdur… Bizə bilik və adam olmağı öyrədən müəllimləri bəzən adam yerinə qoymamımışıq. Hər təzə gələn nazir bir hoqqa çıxarıb… Hər gələn təhsil müdiri bir şərt qoyub… Hər gələn direktor şərtlərin şərtini ortaya qoyub. Sonda şərti şagirdinə bilik öyrətməli müəllim bir qarnı ac, bir qarnı tox vəziyyətdə hirsini içinə doldurub. Lazım olanda isə həmin o müəllimə seçki qutusunu göz bəbəyi kimi qorumağı tapşırıblar…
***
Bu gün isə Müəllimlərin günüdür! O müəllimlərin ki, şagirdi şagirdi döyür, günahkar tapılmır… O müəllimlərin ki, özü şagird yoldaşını döyən şagirdinin qulağını çəkəndə bir ayağı polis şöbəsində olur… 
Şagirdi instituta daxil ola bilməyəndə günahkar müəllim, bu gün sənin günündür! Günün mübarək!
***
Sonda bu gün jurnalist Famil Cəfərlinin statusunda bir məktubu oxudum. Məncə, bu yazıda da təqdim etsəm yerinə düşər: “Hörmətli müəllim. Oğlumum sizə əmanət edəcəyimə görə bu məktubu sizə yazmağı vacib bildim. Ona öyrədin ki, hamı dürüst və ədalətli deyil. Ona öyrədin ki, qazanılan bir dollar tapılan beş dollardan daha dəyərlidir. Ona itirməyi, həm də qazanmaqdan həzz almağı öyrədin. Onu qısqanclıqdan uzağa yönəldin. Ona səssiz gülüşün sirlərini öyrədin. Əgər bacara bilsəniz, ona kitabların möcüzəvi bir nemət olduğunu öyrədin. Ona səssizlikdə göydəki quşların, güllərdəki arıların, çəmənlikdəki güllərin daxili sehrinə düşməyi öyrədin. Öyrənsin ki, məktəbdə səhv etmək hiylə gəlməkdən daha şərəflidir. Hamı onun səhv olduğunu desə də, öz fikirlərinə inanmağı, nəzakətli insanlara qarşı nəzakətli, kobudlara qarşı kobud olmağı öyrədin. Hamı bir-birinə yapışıb gedəndə kütləyə qoşulmayıb öz yolu ilə getmək gücü verin oğluma. Bütün insanlara qulaq asmağı, qulaq asdıqlarını həqiqət ələyindən keçirib özünə yalnız yaxşıları götürməyi öyrədin. Bacarsanız, kədərləndiyi zaman belə necə gülə biləcəyini öyrədin ona. Ağlamağın utandırıcı bir şey olmadığını, gücünü və beynini ən yüksək qiymət təklif edənə satmağı, ancaq ürəyinə və ruhuna qiymət etiketi qoymamağı, ulayan insan kütləsinə qulaqlarını tıxamağı və əgər özünün haqlı olduğuna inanırsa, dimdik ayaqda qalıb mübarizə aparmağı öyrədin ona. Ona qarşı mehriban olun, amma qucaqlamayın, çünki poladı yalnız odun qığılcımı saflaşdırır. Qoy səbirsiz olacaq qədər cəsarətə sahib olsun. Qoy cəsur olacaq qədər səbirli olsun. Ona həmişə özünə inanmağı öyrədin, bu yolla onun bəşəriyyətə inamı daimi olacaq. Bütün bu sadaladıqlarım bəlkə də çox böyük tələbdir. Lakin özünüz baxın, nə qədərini bacarırsınız…”
(ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunu ilk dəfə məktəbə göndərəndə onun müəlliminə yazdığı məktubdan).
Hər yerdə günahkar kimi tanıdığımız müəllimlərin qədrini bilək və onlara qədir-qiymət verək ki, şagirdləri də yaxşı qiymət alsın, gələcəyimizin  ağıllı-başlı adamı olsun!
 
Asif MƏRZİLİ.

araz.az xəbər portalı.