kreml9“Praqa bəyanatı pozitiv hava yaratması baxımından önəmlidir. Lakin bu sənədin hüquqi bağlayıcılığı yoxdur. Altında nə Azərbaycan prezidentinin, nə də Ermənistan baş nazirinin imzası var. Ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınmasının deklarativ də olsa elanı təbii ki, müsbət qiymətləndirilməlidir. Bu tanımanın BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsi ilə (MSB-nin məqsəd və prinsipləri haqqında) əlaqələndirilməsi Paşinyanı daxili siyasətdə rahatlatmağa yönəlib, çünki o, davamlı olaraq “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü məndən əvvəl tanıyıb” deyirdi. BMT Nizamnaməsi isə zatən bütün dövlətlərin üzv olarkən öz imzası ilə təsdiqlədiyi və onu bir növ, “beynəlxalq Konstitusiya” kimi tanıdığı bir sənəddir. Yəni Ermənistanın BMT Nizamnaməsində əksini tapmış müddəaları, prinsipləri qəbul etdiyini söyləməsi yeni bir durum yaratmır”.

araz.az-ın xəbərinə görə, bunu ekspert Şahin Cəfərli bildirib.

Ş.Cəfərli qeyd edib ki, sərhəddə Avropa Birliyinin mülki müşahidə missiyasının yerləşdirilməsi hər iki tərəf üçün gərəksiz olan hərbi toqquşma riskini azaltmaq baxımından əhəmiyyətlidir: “Belə bir missiyanın bölgəyə gəlişi Ermənistan tərəfinin istəyi idi və Avropa Birliyinin buna razılıq verməsi bir daha ondan xəbər verir ki, Qərb Paşinyanın Ermənistan daxilində mövqelərini qoruyub saxlamasında maraqlıdır. (Missiyanın effektivliyi texniki detallardan – əsasən üzvlərinin sayından asılı olacaq.) Hüquqi öhdəlik yaratmasa da, Bəyanatda əksini tapan şifahi razılaşmalar sülhə gedən yolda irəliyə doğru addımdır və sülh müqaviləsinin mətninin hazırlanması üçün müsbət fon formalaşdırır. Lakin aydındır ki, Rusiya bu prosesdəki liderliyini Qərbə güzəştə getmək istəməyəcək. Bu səbəbdən yaxın günlərdə sərhəddə və ya Qarabağda növbəti provokasiyaların baş verməsini, eləcə də Ermənistanda revanşist millətçilərin Paşinyana qarşı etiraz aksiyalarının bərpasını istisna etmək olmaz”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.