“Zamanın tələblərinə uyğun olaraq, mövcud dövlət qanunlarına əlavə və dəyişikliklərin edilməsi, eləcə də yeni mütərəqqi qanunların qəbul olunması Azərbaycanda qanunvericilik bazasının təkmilləşdirilməsinin daimiliyinin inkarolunmaz təsdiqidir. Bu hamıya məlum olduğundan, ölkədə qanunvericilik hərəkətliliyinin canlı bir proses olduğunu deməkdə də, yanılmarıq. Bunu, həm də öz müstəqilliyinə qovuşandan ötən dövr ərzində, dövlətin qanunvericilik prosesinə nəzər salsaq, daha aydın şəkildə görərik. Elə, 30 il bundan əvvəl qəbul olunan, öz qüvvəsini indinin özündə belə, hələ də itirməyən “Siyasi partiyalar haqqında” Qanunu tezliklə əvəz edəcək və hazırda layihəsinin müzakirəsi ciddi şəkildə aparılan eyniadlı yeni Qanun dediklərimin daha bir sübutudur.
Bəli, öncədən dediyim kimi, ölkədə qanunvericilik hərəkətliliyi canlı bir prsoses olduğundan, digər sahələrdə olduğu kimi, bu sahənin fəaliyyətini dövlətin maraqları səviyyəsində hərtərəfli tənzimləyən Qanunda da, əlavə və dəyişikliklərin edilməsinə həmişə böyük ehtiyac duyulub. Elə, bu səbəbdən, müzakirəyə təqdim edildikdən dərhal sonra, bizim partiyada da, bu növbəti qanun layihəsi ətrafında olduqca ciddi müzakirə tədbirlərinin keçirilməsinə başlandı. Startını götürdüyü gündən indiyədək davam edən bu çoxsaylı tədbirlər zamanı apardığımız sanballı müzakirələrin son nəticəsi olaraq, biz Respublikaçılar belə qənaətə gəldik ki, hazırkı dövrdə müzakirəsi gedən yeni qanun layihəsi, ilkin versiya olmasına baxmayaraq, olduqca mütərəqqidir.
Elə, sizinlə söhbətimizdə də, “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinə rəhbəri olduğum Azərbaycan Respublikaçılar Partiyasının münasibətini bildirib, az sonra, irəli sürdüyümüz vacib təklifləri diqqətinizə çatdıracam” — deyə, Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov, araz.az xəbər portalının əməkdaşları olaraq, bizimlə başladığı söhbətində, bu mövzuda ictimai maraq doğuran bir çox məqamlara da toxundu. Eyni zamanda, ölkəmizdə formalaşan yeni siyasi konfiqurasiyaya qanunvericilik baxımından belə lazımlı dəstəyin hakimiyyətin ən yuxarı qatından verilməsini, xüsusi olaraq vurğulanmalı məqamlardan biri kimi, dəfələrlə qeyd etdi. Onu da bildirdi ki, bu yöndə dedikləri təkcə onun fikri deyil, rəhbəri olduğu ARP-də bu mövzuda indiyədək davam edən həmin müzakirələrdə, çoxsaylı partiya üzvlərinin belə, dəfələrlə, xüsusi olaraq qeyd etdikləri önəmli məqamlardır: “ARP adından, önəmli olan bu prosesi, hər dəfə, layihənin konseptual olmasını şərtləndirən əsas amillərdən biri kimi qiymətləndirdik. Üstəlik, bu önəmli prosesin biz Respublikaçılardan aldığı ən yüksək qiyməti ona bir işarə kimi də xüsusi vurğuladıq ki, bu vacib qanun layihəsini mütərəqqi edən başlıca amillərin ən əsası, hakimiyyətin ən yuxarı qatından layihənin hazırlanmasına dövlət qeydiyyatına alınmış əksər siyasi partiyaların cəlb edilməsi göstərişi olub.
Onu da qeyd edim ki, keçirdiyimiz həmin müzakirələrdə, bu ilin iyul ayında, layihə ilə bağlı təkliflərini təqdim etmək üçün, dövlət qeydiyyatına alınmış siyasi partiyalara Milli Məclisin Müraciət ünvanlamasını, ölkənin bu ali qanunverici orqanı tərəfindən atılan önəmli addım kimi yüksək qiymətləndirdik. Bu zaman, xüsusi olaraq onu da qeyd etdik ki, ötən müddət ərzində, bu layihənin hazırlanmasına cəlb olunan ölkənin 39 siyasi partiyasının, özlərinin səmərəli, məqsədyönlü və önəmli təkliflərini, rəsmi olaraq, Milli Məclisə təqdim edə bilməsi, elə, bu Müraciətin ən əsas müsbət nəticəsidir. Çünki yeni Qanunun hazırlanmasında bu təkliflərdən lazımınca istifadə olunub. Konkret desək, yeni Qanun layihəsinin mütərəqqi səviyyədə hazırlanmasında, həmin siyasi partiyaların təqdim etdikləri vacib təkliflərin rolunun böyüklüyü və faydasının yüksək səviyyədə olması danılmazdır.
Apardığımız müzakirələr zamanı, həm də bu qanun layihəsini mütərəqqi edən digər vacib məqamlar kimi, bu layihə ilə bağlı ictimai dinləmələrin təşkilini, Milli Məclisin öz saytında ictimai dinləmələrlə bağlı bütün məlumatların yerləşdirilməsini önə çəkib, onu da bildirdik ki, elə, bu addımın özü, ölkənin ali qanunverici orqanının özünün belə bu prosesə demokratik yanaşmasının və bütün maraqlı tərəflərin layihənin müzakirəsinə cəlb olunması istəyinin başlıca göstəricisidir. Çünki keçiriləcəyi planlaşdırılan hər növbəti ictimai dinləmə zamanı, bu önəmli tədbirə dəvətli siyasi partiyaların, digər vətəndaş cəmiyyəti subyektlərinin, ekspertlərin, dövlət orqan və qurumlarının təkliflərinin hərtərəfli nəzərdən keçirilərək, səmərəli olanlarının üzə çıxarılıb, müəyyən edilməsi hesabına, bu qanun layihəsi daha da təkmilləşdiriləcək. Bu, öz növbəsində, “Siyasi partiyalar haqqında” yeni Qanunun yüksək səviyyədə hazırlanmasına öz layiqli töhfələrini verəcək.
Keçirdiyimiz müzakirələrdə, həmçinin, yeni qanun layihəsi hazırlanarkən, beynəlxalq təcrübəyə müraciət olunması da, növbəti mütərəqqi addım kimi qeyd edib, bu zaman Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyə və yanaşmaların əsas götürülməsini, üstəlik, 20-dən çox ölkə təcrübəsinin nəzərdən keçirilməsini vacib amil kimi xüsusi vurğuladıq”.
Söhbətimiz zamanı, partiya sədri onu da qeyd etməyi vacib bildi ki, Azərbaycan Respublikaçılar Partiyasında bu mövzu ətrafında gedən müzakirələrdə, hətta, “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin ilkin variantında olan və müxalifyönlü partiyaların uydurmalı daha çox yalanlar danışmasına təkan verən bəzi epizodlar tənqidi qiymətləndirilib. Sübut Əsədovun dediyinə görə, bu sənəddə siyasi partiyanın təsis edilməsinə dair müəyyənləşdirilən yeni tələblər içərisində, partiyaların fəaliyyətinin, faktiki olaraq, sərt rəqəmlərə bağlı normalara tabe tutulması, Azərbaycan Respublikaçılar Partiyası tərəfindən düzgün hesab edilməyib: “Axı, doğrudan da, siyasi partiyanın təsisi və dövlət qeydiyyatına alınması üçün, üzvlük sayı tələbinin 10 dəfə artırılıb, azı 10000 nəfərə çatdırılması heç bir məntiqə uyğun deyil.
Ümumiyyətlə, partiyaların fəaliyyəti rəqəmli göstəricilər və partiya üzvlərinin sayı ilə deyil, ideologiyası və dünyagörüşü ilə müəyyən edilməlidir. Üzvlərinin sayı çox olan partiya ciddi siyasi qüvvəyə çevrilmir.
Üzvləri içərisində tanınmışların, aktiv siyasilərin və ictimai xadimlərin çoxluq təşkil etdiyi siyasi partiyalar, sosial bazası çox hesab olunan siyasi qurumlar kimi özlərini tanıda bilirlər. Elə, ölkənin ictimai-siyasi həyatında da, indiyədək, üzvlərinin sayı çox olanlar yox, ideologiyasının təsiri qabarıq şəkildə özünü göstərən partiyalar böyük siyasi qüvvə kimi özünü göstərə biliblər.
Bəli, partiyaların qeydiyyatı onların say tərkibi ilə əlaqələndirilməməlidir. Bir də ki, partiyaların cəmiyyətdəki mövqeyini seçkilərdə yığılan səslərin sayı müəyyən edir. Üstəlik, indiyədək qeydiyyatdan keçən partiyaların da, bu şərtlər çərçivəsinə salınmasını düzgün hesab etmirik. Belə hesab edirik ki, dövlət qeydiyyatından keçməyən partiyaların fəaliyyətinin yolverilməz olması haqqında sənəddəki normalar da Konstitusiyaya ziddir və bu normadakı sərtliyin yumşaldılması vacibdir. Partiyalar ardıcıl olaraq iki dəfə seçkilərdə iştirak etmədiyi təqdirdə, onların dövlət qeydiyyatından məhrum edilməsi haqqında norma da yanlışdır. Ümumiyyətlə, partiyalar həm seçkilərdə iştirak etmək, həm də seçkiləri boykot etmək hüququna malikdir. Onların hansı hüquqlarından istifadə edəcəklərinə özləri qərar verməlidirlər. Seçkilərdə iştirak inzibati metodlarla tənzimlənməməlidir.
Qanun layihəsindəki partiya təsisçilərinin mütləq son 20 il ərzində ölkə ərazisində yaşaması tələbini də, düzgün hesab etmirik. Bir halda ki, prezidentliyə namizəd üçün bu rəqəm cəmi 10 il təşkil edir, bu hədd də, ən çoxu buna yaxın rəqəmlə müəyyən edilməlidir. Siyasi partiya yaradılarkən, ən azı, 200 nəfər təsisçinin olması və həmin şəxslərin tam fəaliyyət qabiliyyətli olması tələbələrini də düzgün hesab etmirik. Doğrusu, bu rəqəmlərlə bağlı müddəa bizim üçün çox təəccüblüdür. Çünki mövcud Qanunda da, siyasi partiyaların yaradılması üçün, təsisçilərin minimum sayı ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb. Mövcud Qanuna görə, hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq hüququna malikdir, təklif edilən yeni layihədə də, bu müddəa saxlanılır, amma xoşagəlməz bəzi məhdudlaşdırmalarla. Belə bir normanın, açıq-aşkar, birbaşa, müəyyən müddət təhsil, elmi fəaliyyət, biznes məqsədilə xaricdə yaşayan həmyerlilərimizin siyasi həyatda fəal iştirakdan kənarlaşdırılmasına yönəldilməsi deməkdir. Ölkədə yaşamasa da, buradakı siyasi proseslərdən daim xəbəri olan bir soydaşımızın gəlib, bir siyasi partiya yaradaraq, fəaliyyət göstərməsinə qadağanın qoyulmasını məntiqli hesab etmirik. Burada müddətin göstərilməsi məsələsində də, anlaşılan heç nə yoxdur.
“Siyasi partiyalar haqqında” yeni Qanun layihəsində, dediklərimdən başqa, digər xoşagəlməzliklər də açıq-aydın görünür. Məsələn, 2 dəfə ardıcıl olaraq, parlament, prezident və ya bələdiyyə seçkilərində iştirak etməyən partiyaların dövlət qeydiyyatının ləğv edilməsi tələbi bunlardan biridir və bunu düzgün hesab etmirik. Elə, mövcud Qanunda da, partiyalar qarşısında belə bir öhdəlik yoxdur. O cümlədən, siyasi partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə və ya ləğvinin dövlət qeydiyyatına alındığı halda, onun hər hansı formada fəaliyyət göstərməsi, partiya orqanlarının və üzvlərinin siyasi partiyanın adından çıxış etməsi və ya fəaliyyət göstərməsi, toplantıların keçirilməsi, maliyyə əməliyyatlarının aparılması, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştirakı qadağan edilir.
Ümumiyyətlə, yeni Qanun layihəsinin dediyim xoşagəlməz şərtləri də olmaqla, belə bir formada qəbul edilməməsi daha yaxşı olardı. Axı, belə bir vacib və lazımi sənəddə, maksimum və ifrat normada olan belə sərt tələblərin müəyyən edilməsi, birbaşa xoşagəlməzlik deməkdir. Bunları, birbaşa, yeni Qanundakı bəzi konstruktivlik əlamətlərinə qarşı hesab edirik. Elə etməliyik ki, belə xırdalıqlar, yeni Qanunun, konstruktivliyi göz qabağında olan bir çox önəmli və vacib əlamətlərini heçə endirməsin”.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Sübut Əsədovun dediyinə görə, Azərbaycan Respublikaçılar Partiyasında bu mövzuda keçirilən əksər müzakirələrin gedişi zamanı, partiya adından, yeni Qanun üçün əsas hesab olunan səmərəli təkliflər də verilib və həmin təkliflərin yeni Qanun layihəsində önə çəkilməsi vacib hesab olunub.
Həmin təkliflər aşağıdakılardır:
— Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmə və təşkilatlarının təsis edilməsinə və fəaliyyətinə yol verilməsin;
— Heç kəs hər hansı siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz;
— COVİD-19 pandemiyası kimi təhlükələrə görə, ölkədə xüsusi hesab edilə biləcək fövqəladə hallar zamanı, karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar olaraq, siyasi partiyaların rəhbər orqanlarının özlərinin, eləcə də onların yerli təşkilatlarla keçirəcəkləri toplantı xarakterli tədbirlərinin, video-konfrans sistemi vasitəsi ilə, real vaxt rejimində reallaşdırılmasına icazə verilsin.
Söhbətimiz bu təkliflər ətrafında gedərkən, partiya sədri onu da bildirdi ki, Milli Məclisdə siyasi partiya rəhbərlərinin iştirakı ilə keçiriləcəyi planlaşdırılan və yeni Qanun layihəsinin müzakirəsinə həsr olunacaq iclasa o da dəvətlidir və bu müzakirələrin gedişi zamanı, o, bu önəmli təkliflərin yeni Qanuna salınmasının vacibliyini xüsusi qeyd edəcək.
“Yekun olaraq, bildirirəm ki, apardığımız müzakirələrin, bütövlükdə, son nəticəsi kimi, belə düşünüb, qərara gəldiyimizi önə çəkdik ki, “Siyasi partiyalar haqqında” bu yeni Qanun, Azərbaycandakı siyasi proseslərə, daha çox, mahiyyət etibarı ilə güclü təkan verəcək və rəsmi qəbulundan sonra, birbaşa, demokratiyaya xidmət edəcəyi daim göz önündə olacaq. Heç şübhəsiz, bu, iqtidaryönlü partiyalar kimi, hətta müxalifətyönlü bir-neçə siyasi partiyanın da gəldiyi son qənaətidir. Çünki bu dövlət sənədinə əsasən, dövlət qeydiyyatından keçən partiyaların azad fəaliyyəti tam olaraq təmin ediləcək.Yalnız qarşısına dövlətin Konstitusiya quruluşunun zorla dəyişdirilməsini və hakimiyyətin ələ keçirilməsini məqsəd kimi qoyan, ölkənin ərazi bütövlüyünü pozan, kütləvi iğtişaşlara, terrorçuluğa, dini ekstremizmə çağırışlar edən, irqi, dini, cinsi və etnik ayrı-seçkiliyi, habelə ədavəti, sağlamlığa və ətraf mühitə qarşı yönəlmiş hərəkətləri təbliğ edən siyasi partiyaların yaradılması bu Qanunun tələbələriylə qadağandır və buna heç cür yol verilmir. Bir də, dövlət qeydiyyatından keçməyən siyasi partiyaların fəaliyyət göstərməsinə icazə verilmir və bunu da, normal hal kimi qiymətləndiririk.
Azərbaycan Respublikaçılar Partiyası adından, konkret olaraq, onu da deyirəm ki, mövcud Qanun ötən dövrün reallıqlarını əks etdirir. Artıq 30 il keçib və ölkəmizdə artıq yeni reallıqlar yaranıb, yeni siyasi konfiqurasiya formalaşıb. Qəti şəkildə bir daha deyirik ki, elə, Azərbaycanın inkişaf dinamikasına adekvat belə bir yeni Qanunun qəbul edilməsinin vacibliyini də, zamanın tələbi ortaya çıxarıb.
Bəli, ölkəmizdə formalaşan yeni siyasi konfiqurasiya, müasir çağırışlar, dünyada baş verən yeni tendensiyalar qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün, Milli Məclis tərəfindən lazımi addımların atılmasını və “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanmasını zəruri edib. Konkret desək, yeni Qanun layihəsində, 30 il bundan əvvəl — 1992-ci il 3 iyun tarixində qəbul edilən, cəmi 4 fəsildən və 20 maddədən ibarət “Siyasi partiyalar haqqında” hazırkı Qanundan fərqli olaraq, siyasi partiyalarla bağlı məsələlər 6 fəsil və 30 maddə ilə tənzimlənməsi irəli sürülür. Göründüyü kimi, bu zərurətin yeni qanunun qəbul edilməsinin əsas səbəbi olmasına baxmayaraq, Azərbaycanın radikal bir-neçə müxalif siyasi partiyası bu yeni qanun layihəsinin ölkədə demokratiyanın məhdudlaşdırılmasına yönəldiyini ağıllarına gələn yalanlarla aləmə car çəkirlər. İqtidaryönlü bir partiya olaraq, bizsə, onlar dediklərinin tam əksini düşünürük. Çünki bu qanun layihəsində, əsasən, siyasi partiyaların yaradılması, qeydiyyata alınması və ləğvi qaydalarında dəyişikliklər, siyasi partiyanın fəaliyyətinə qanun çərçivəsində nəzarət təklif olunur. Bu yerdə, bir daha qeyd etmək istəyirəm ki, düzdür, iqtidaryönlü partiyanı təmsil etsək də, biz də, razılaşmadığımız bəzi məqamları bəyan etmişik. Amma ifrat dərəcədə, ağla gələn yalanlarla yox!
Sonda, bir daha qeyd edirəm ki, ümumiyyətlə, zamanın tələbi olan “Siyasi partiyalar haqqında” yeni Qanunun daha konseptual olması üçün, bir siyasi partiya kimi, elə ilk gündən müzakirələrdə daha aktiv olmağı əsas vəzifəmiz bildik. Və Azərbaycan Respublikaçılar Partiyası olaraq, sonda belə qənaətə gəldik ki, bu qanun layihəsinin hazırlanması prosesi demokratik və şəffaf şəkildə təşkil edilib. Bunu, eyni zamanda, sözügedən qanunun hazırlanmasına hakimiyyət tərəfindən göstərilən diqqətin və həssaslığın göstəricisi kimi bəyan etdik”, — Sübut Əsədov söhbətimizi belə yekunlaşdırdı.
Məhi ELSEVƏR,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.
araz.az xəbər portalı.