“Mənzil probleminin həlli ilə bağlı dəfələrlə “Bakı Metropoliteni” QSC-nin həm əvvəlki, həm də bugünkü rəhbərliyinə müraciətlər ünvanlasam da, təəssüflər olsun ki, ünvanladığım müraciətlərin heç bir nəticəsi olmayıb”
Bu günlərdə redaksiyamıza 11 fevral 1960-cı ildə İsmayıllı rayonunun Topçu kəndində anadan olan Mürsəliyev Rayik Zey oğlu tərəfindən video-müraciət daxil olub. Adı çəkilən bu şəxs video-müraciətində bildirir ki, “Mən 1977-ci ildə orta təhsilimi Topçu kənd orta məktəbində başa vurdum və daha sonra Göyçay şəhərindəki texniki peşə məktəbində peşə təhsilinə sahib oldum. Az sonra isə həqiqi-hərbi xidmətə yola düşdüm və 1980-ci ildə hərbi xidmətimi uğurla başa vurdum. Elə ki, hərbi xidmətdən təxris olundum, o halda çox keçmədi ki, müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olmağa başladım. Belə ki, ilk dəfə olaraq 1985-ci ildə “Soyuz Metro Tikinti” idarəsində işə girdim və bir il sonra, yəni 1986-cı ildə isə çalışdığım bu sahədə mənzil növbəsinə yazıldım. Hal-hazırda 37 ildir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində (QSC) təmir işləri həyata keçirilən (rəngsaz-malyar işlərində) işlərdə çalışıram. Qeyd edim ki, 37 il bu sahədə çalışsam da, bu gün Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, bina -54, mən-3 ünvanında ümumi sahəsi 12 kvm olan, hansı ki, həm qəzalı vəziyyətə düşən, həm də lazımi şəraiti olmayan ailəli yataqxananın kiçik bir otağında 4 nəfərdən ibarət ailə üzvlərimizlə birlikdə yaşamağa məcbur olmuşuq. Yəni, yaşadığımız otaqda adambaşına 3 kvm sahə düşür. Bildirirəm ki, mənzil probleminin həlli ilə bağlı dəfələrlə “Bakı Metropoliteni” QSC-nin həm əvvəlki, həm də bugünkü rəhbərliyinə müraciətlərimi ünvanlasam da, təəssüflər olsun ki, bugünə kimi ünvanladığım müraciətlərimin heç bir nəticəsi olmayıb. Ona görə də üz-üzə qaldığımız mənzil probleminin həlli ilə bağlı hal-hazırda ölkə rəhbəri möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına, hörmətli Mehriban xanıma müraciət etmək məcburiyyətində qalmışam. Qeyd edim ki, xeyli müddət bundan öncə yaşadığımız otağın qarşısında bir guşə yaratdım və öz-özlüyümdə belə qənaətə gəldim ki, əgər mənzilimiz olarsa, o halda həmin guşəni evimizin içində daha gözəgəlimli, daha mənzərəli bir formatda yaradacağam.O da hər kəsə məlumdur ki, 08 noyabr 2022-ci il tarixdə “Bakı Metropoliteni” QSC-nin 55 illiyi tamam olacaq. Çox istərdim ki, həmin gün mənim üçün ikiqat bayram gününə çevrilsin. Yəni, istəyim ondan ibarətdir ki, həm “Bakı Metropoliteni” QSC-nin 55 illiyini qeyd edək, həm də uzun illərdən bəri üz-üzə qaldığımız mənzil problemimiz həllini tapsın. Qeyd edim ki, bugünə kimi mənə heç bir fəxri ad da verilməyib, özüm neçə illərdir ki, Metropoliteninin veteranı adını daşıyıram. Baxmayaraq ki, “Bakı Metropoliteni” QSC-i işçilərinin əmək intizamı haqqında qəbul olunmuş Nizamnanənin 8-ci bəndində qeyd olunub ki, “İşçilər əmək vəzifələrinin nümunəvi yerinə yetirilməsinə, işin keyfiyyətinin yaxşılaşdırılmasına, əmək məhsuldarlığının yüksəldilməsinə, yenilikçiliyə, təşəbbüskarlığa, tapşırılan əmlakın qorunmasına, uzunmüddətli və qüsursuz işə görə mükafatlandırılırlar”. Bütün bunlara baxmayaraq çalışdığım sahədə hər zaman nümunəvi işçi olsam da, nədənsə bugünə kimi mənə qarşı ögey münasibət bəslənilib. Buna səbəb nə olub, hələ də onu heç cür dərk edə bilmirəm.Hal-hazırda ailəmizdə yalnız mən işləyirəm və dövlətdən aldığım əmək haqqı ilə bundan sonra mənzil almağıma heç bir ümidim yoxdur. Ötən illər ərzində “Bakı Metropoliteni” QSC-də çalışan işçilərdən bəzilərinə mənzillər verdilər, mən isə uzun müddət mənzil növbəsində olsam da, dəfələrlə rəhbərliyə müraciətlərimi çatdırsam da, son anda nəyəsə nail ola bilmədim. Hal-hazırda iki qız övladım var və onlardan biri 1-ci qrup əlildir, digəri isə tələbədir. Bizim ailənin son ümidi yeri yalnız və yalnız möhtərəm Prezidentimizdir. İnanırıq ki, ölkə rəhbəri bizim haqq işimizə dəstək verəcək və mənzilə olan ehtiyacımızın ödənilməsi yöndə, məhz aidiyyatı üzrə lazımi tapşırığını da verəcək. Mən hər gün gecə növbəsində işləyirəm və belə bir səbəbdən də, yaşadığımız otaqda paltarlı yatıb, paltarlı dururam. Çünki, yaşadığımız otaq olduqca darısqaldır və hər iki qız övladım yetkinlik yaşındadırlar və onlar da evimizin olması arzusu ilə yaşayırlar. Özüm 2000-ci ildən YAP Yasamal rayon təşkilatının üzvüyəm”.
Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi 37 il bu sahədə çalışan və Metropoliteninin veteranı adını daşıyıram Rayik Mürsəliyevin mənzil probleminin həlli istiqamətində lazımi addımlarını atacaq və məzlum bir ailəni çıxılmaz durumdan xilas edəcək.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/gniwhoWTTaI’ title=”” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]Mövzu diqqətimizdədir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.