Bakıda qəzaya düşən avtomobildən 40 min dollar pul oğurlanıb.
araz.az Trend-ə istinadən bildirir ki, oktyabrın 8-də Sabunçu rayonu, Nardaran qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Range Rover” və “Kia” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində “Kia”da olan iki nəfər ölüb, bir nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qəza zamanı “Kia”da 40 min dollar pul da olub. Hadisə baş verən vaxt kömək məqsədilə yaralılara yaxınlaşan Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov “Kia”da olan pulu görüblər. Əvvəlcə bu şəxslər hadisə yerindəcə maşından pulu götürmək istəsələr də, bu alınmayıb. Şübhəli şəxslər bu zaman “Kia”nı aparan evakuatoru təqib ediblər, daha sonra isə dayanacağa yaxınlaşaraq özlərini qəza edən şəxslərin yaxın qohumu kimi təqdim ediblər.
Bundan sonra avtomobildə olan 40 min dolları götürərək ərazidən uzaqlaşıblar.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə Kürdəxanı qəsəbəsi ərazisindəki dayanacaqların birində “KİA” markalı avtomobildən 40.000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.