Deputat Rüfət Quliyev “Təzadlar”a şok açıqlama verdi…
Bu gün ölkənin təkcə istehlak bazarında deyil, eləcə də dava-dərman sahəsində də inanılmaz bahalıq baş alıb gedir. İş o yerə çatıb ki, insafı, xalqın gün-güzəranını düşünməyən bəzi iş adamları, məmurlar xarici ölkələrdə 2-3 manata olan dərmanları ölkədə defisitə çevirib 150-200 manata satdırırlar. Deputat Rüfət Quliyevlə eksklüziv söhbətimiz də elə bu barədə oldu:
-Rüfət müəllim, eşitdik ki, bu gün parlamentdə ölkədə dava-dərmandan inanılmaz dərəcədə qazanc əldə etmək istəyən bəzi işbazları ifşa edən çıxışınız olub. Problem hardan qaynaqlanır, nə baş verir???
-Problem olduqca düşündürücüdür. Bu gün mənə həkimlər, anestezoloqlar müraciət etdilər ki, bizə kömək edin… Sən demə, 1 aydan çoxdur Azərbaycanda “adrenalin” ampulalarda olur, cərrahiyyə əməliyyatında istifadə edilir, yoxa çıxarılıb. Bu iynənin qiyməti 1,5-2 manatdır. Hansı ki, riyakarlar, alverçilər, dələduzlar 200 manata satırlar. O da tapılsa. Əməliyyata girəcək xəstənin adamları lazım gələrsə hər şeyindən keçməlidir ki, xəstə xilas edilsin. Həkimlər də çarəsiz qalıblar. Mən bu gün parlamentdə bu barədə çıxış etdim, məlumat verdim, “Təzadlar”a isə daha ətraflı məlumat verirəm. Bir də dezrastvor deyirlər, 0,9 faizli, “natri-xlor”, “qlükoza” və s. iynələr də eləcə. Bunları da yoxa çıxarıbdır bizim dələduzlar. Bu dərmanlar indiyədək Ukraynadan, Rusiyadan gətirilirdi. Bəlli səbəblərdən yoxa çıxıb. Niyə biz bu dərmanları Türkiyədən gətirməyək? Hansı ki, standartlarımız da eynidir. Niyə gətirmirik, kim qoymur və niyə qoymur? Mən araşdırma apardım, məlum oldu ki, xarici ölkələrdən dava-dərman gətirilməsi ilə TƏBİB məşğuldur. O da məlum olur ki, bunun üçün bəzi sənədləşmə qaydaları var. Məsələn, lisenziya lazımdır, icazələr, və sair… Sualım budur: axı aidiyyəti qurumlar, elə Səhiyyə Nazirliyində bilirlər ki, bu dərmanlar mütləq olmalıdır, tibbimiz, xəstəxanalarımız bunsuz çalışa bilməz. Adrenalinsiz cərrahiyyə əməliyyat mümkün deyil. Problem ondadır ki, cərrahiyyə vaxtı digər keyitmə dərmanları da yox imiş, iki aydır, indi onları Baltikyanı respublikalardan gətirirlər. Bunu başa düşürəm. Mən onu başa düşə bilmirəm ki, hamı bu problemi sən demə bilir, hətta deputat yoldaşlarım da, amma susurlar. Yaxşı, 1-2 manatlıq iynə 200 manata satdırılır, niyə hamı susur??? Bu vəhşilikdir… Həkimlər-cərrahlar çıxılmaz vəziyyətdədir. İnanıram ki, qısa vaxtda bu problem həllini tapacaq.
-Siz dediyiniz həmin o dələduz işbazların bazarına toxunursunuz. Onlar sonradan sizə problem yaratmazlar ki?
-Mən xzlqımın, dövlətimizin vəziyyətini düşünüb Prezidentimizə güvənərək bu ciddi problemi qaldırdım. Təbii ki, ötən dəfə supermarketlərin fəaliyyətindəki vəziyyəti gündəmə gətirmişdim… Dedilər ki, artıq bu marketlərdə İqtisadiyyat Nazirliyi tərəfindən ciddi yoxlamalar başlayıb…
-Onlarda nə baş verirdi ki?
-Gülməlidir… Piştaxtadan malı bir qiymətə götürürsən, kassada isə başqa qiymət üzə çıxır. Bu aldatmadır, dələduzluqdur… Vicdanları yoxdur. İctimai qınaq, yəni belə hallara qarşı etirazlar olmalıdır, fakt olanda açıqlamaq lazımdır. Bu bəzi məmurlar niyə vicdanı itirirlər, xalqı düşünmürlər? Təsəvvür edin, mənə təxmini dedilər, bu gün 15 cərrahiyyə əməliyyatı təxirə salınıb, çünki 2 manatlıq adrenalin yoxa çıxarılıb, 200 manata satırlar, o da tapılmır… Xahiş edirəm, ilk olaraq “Təzadlar”a açıqlama verdim, mövzunu gündəmdə saxlayın…
-Təşəkkür edirik, siz əsl millət vəkili olaraq millətin-xalqın dərdini dilə gətirdiniz…
Elçin MƏMMƏDLİ.
araz.az xəbər portalı.