Sentyabr ayında Azərbaycan — Ermənistan sərhədində vəziyyətin gərginləşməsi səbəbindən, dövlətimiz sosial şəbəkələrlə bağlı da, bəzi zəruri addımlar atdı. Daha konkret desək, müvafiq dövlət qurumunun təqdimatı əsasında, Çinin nəzarətində olan “Tik-Tok” sosial şəbəkəsinə girişi ölkəmizdə məhdudlaşdırdı.
Bunu çox doğru addım sayıram. Hətta düşünürəm ki, həssas məqamlarda anoloji addımlar digər sosial şəbəkələrlə bağlı da atılmalıdır. Çünki, biz, yayılması qadağan olunan məlumatların digər sosial şəbəkələrdə paylaşdığının da, az şahidi olmuruq.
Hesab edirəm ki, Azərbaycanda çox böyük auditoriyanı əhatə edən “Tik-Tok” şəbəkəsi ilə bağlı, daha ciddi işlər aparılmalıdır. Bunun da ən başlıca səbəbi, həmin sosial şəbəkə seqmentində maariflənməni gücləndirməkdən keçir. Apardığım dəqiq müşahidələrim əsasında tam əminliklə deyə bilərəm ki, son bir ildə, “Tik-Tok”un siması xeyli dəyişib. Bu da, ora axın edən jurnalistlərin, tanınmış xəbər saytlarının, siyasilərin hesabına mümkün olub. Bəli, biz imkan verməməliyik ki, həmin seqmentdə bayağılıq, əxlaqsızlıq ön plana çıxsın. Bunun da yolu, alternativ təqdim etməkdən keçir. Müşahidələr göstərir ki, “Tik-Tok”da təqdim olunan ciddi kontentlər də, qısa müddətdə kütləvi auditoriya yığa bilir. Onlarla belə misal çəkmək olar.
Bəyəm, bu inkişafı “Feysbuk” keçməyib?! Hazırda ciddi görkəm alan “Feysbuk”a, vaxtı ilə, çox adam qızla və ya, oğlanla tanış olmaq üçün girirdi. Onda bir-neçə deputatımız açıq mətnlə demişdi ki, “Feysbuk” avarların yeridir. Təbiidir ki, hazırda bu təsəvvürlər özünə tərəfdar tapa bilməz. Onda zaman verək ki, hazırda, heç də bizə qarşı səmimi mövqedə olmayan Qərb və ABŞ-ın təsirindən uzaq bir sosial şəbəkə də, öz təbii inkişaf yolunu ölkəmizdə keçsin.
Məni əsas narahat edən, məsələnin tam başqa aspektidir. Bəllidir ki, artıq, dünya iki qütbdən idarə olunmur. Hər neçə qütbdən idarə edilsə də, onun biri də Çindir. Son vaxtlar Çin — Ermənistan əlaqələri güclü templə inkişaf edir. Bir sözlə, Çİn Rusiyadan sonra, ən böyük səfirliyini məhz Ermənistanda tikib. Həmin səfirliyin ümumi sahəsi 40 hektardı. Başqa sahələr üzrə də, əməkdaşlıqları sürətlə inkişaf edir. Bu yaxınlarda isə, Çinin Ermənistandakı səfiri Zəngəzurda olub, həmin regiona investisiya qoya biləcəklərini açıqlayıb.
Çinin Ermənistana meyl etməsinin bir neçə obyektiv səbəbi var. Onlardan biri də, Türkiyə amilidir. Bəllidir ki, Türkiyə Çinin uyğurlarla bağlı siyasətini kəskin tənqid edir. Çin, Türkiyə ilə, tarixi düşmənçilik aparan və onunla qonşu olan Ermənistana dəstəyi artırmaqla, Ankaraya preysinq etməyi hədəfləyir. Bizim xarici siyasətimizin əksər konturları isə, Türkiyə ilə üst-üstə düşür. Ona görə də, biz, “Tik-Tok”la bağlı tətbiq olunan məhdudiyyəti uzatmaqla, ermənilərin əlinə, Çinə şikayət etmək üçün, əlavə dəlillər verməməliyik. Hazırda Ermənistanda “Tik-Tok”a giriş sərbəstdirsə, biz niyə bunu etməməliyik?! Biz, bütün mənalarda, Ermənistandan güclü ölkəyik. “Tik-Tok” kimi böyük qlobal şəbəkənin imkanlarından, öz dövləti maraqlarımız üçün istifadə etməyi bacarmalıyıq. Həmin şəbəkəyə əbədi məhdudiyyətin qoyulması yox, ondan düzgün istifadənin konturları cızılmalıdır.
Bu günlərdə məlumat yayıldı ki, “Tik-Tok”un təmsilçiləri Bakıya səfər ediblər. Onların müstəqil ekspertlər və dövlət rəsmiləri ilə görüşdükləri bildirilir. Yəqin ki, müzakirə olunan mövzular arasında, “Tik-Tok”un real durumu da olub.
Hazırda böyük əksəriyyət VPN-lə sözügedən sosial şəbəkəyə giriş edə bilirsə, elə, məhdudiyyəti də aradan qaldırmaq pis olmazdı.
Məhəmmədəli QƏRİBLİ.
araz.az xəbər portalı.