“Dövlət Yol Polisi ilə bağlı şikayətlər daxil olur. İmtahan sualları ilə də bağlı xeyli narazılıq mövcuddur. Son zamanlar avtomobillərin qovulması halları da çoxalıb. Bununla bərabər etiraf etməliyik ki, yol polisinin işi yüngül deyil. İstidə, soyuqda, toz-torpaqda, gecə-gündüz xidmət aparır, yolu tənzimləyir və çox gözəl işləri də var. Gərək, bunu da deyək. Parlamentdə də bu barədə çıxış etdim. Daxili işlər orqanlarında cənab nazir Vilayət Eyvazov gözlə görünə bilən dəyişiliklər və islahatlar aparıb, bunu yüksək qiymətləndirirəm”.
araz.az Pravda.az-a istinadən bildirir ki, bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev deyib.
Deputat Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun vəzifə müddətinin başa çatmasından 6 ay keçməsinə baxmayaraq, xidmət müddətinin artırılmamasına, posta gənc kadrların gətirilməməsinə də münasibət bildirib: “Yaşlı, yaxud gənc kadr məsələsinə gəlincə, etiraf etməliyəm ki, gənc kadrlar da bəzi hallarda narazılıq yaradırlar. Bəzən kadr dəyişiklikliyinə sevinirsən, amma yeni gələn köhnənin atasına rəhmət oxutdurur, işi də düzgün qura bilmir, münasibət də yaratmır, insanları qəbul edib yola salmağı da heç bacarmır. Bu da faktdır və gərək deyək. Bəzən yeni kadrlar özlərini elə aparırlar ki, sanki “aydan arı, sudan durudur”. Bəziləri var ki, ümumiyyətlə, elə bil böyüklü-kiçikli bütün dağları, meşələri onlar yaradıb”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.