alyans4İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan əleyhinə səsləndirdiyi əsassız ittihamlarla, şər və böhtan xarakterli bəyanatlarla nüfuzunu və ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəfsizliyini itirən Fransa Prezidenti Emmanuel Makron atəşkəs sazişi imzalandıqdan sonra davranışını xeyli dəyişdirdi. Bu dəyişiklik Azərbaycan xalqı tərəfindən onun Cənubi Qafqazda baş verən hadisələrə münasibətində köklü dəyişikliklərin baş verməsi, yol verdiyi yanlışları anlaması kimi qiymətləndirildi. Brüsseldə və Praqada keçirilən mühüm danışıqlarda Fransa Prezidentinin iştirakına razılıq verilməsi də Makronun ədalətli və tərəfsiz mövqe tutacağına olan ümidlərlə əlaqədar idi. Ancaq Fransa Prezidentinin bu günlərdə “France 2” telekanalının efirində səsləndirdiyi qərəzli və böhtan xarakterli bəyanatlar onun barəsində ciddi şəkildə yanıldığımızı göstərdi.

araz.az   xəbər verir ki, bu, Azərbaycan Naminə Alyans Partiyasının Fransanın Prezidenti Emmanuel Makronun həqiqətə uyğun olmayan iddiaları ilə əlaqədar bəyanatında əksini tapıb.

Bəyanatda qeyd olunub ki, görünür, Praqada keçirilən dördtərəfli görüşdə qarşısına qoyduğu məqsədə nail ola bilməyən və Azərbaycan Prezidentinin məntiqli, hüquqi cəhətdən əsaslandırılmış arqumentləri qarşısında aciz qalan Fransa lideri itirdiyi nüfuzu bu yolla bərpa edəcəyini düşünüb: “Çarəni yeni böhtanlar söyləməkdə görüb. Fransa Prezidenti zərrə qədər sıxılmadan 30 il Azərbaycan torpaqlarının böyük hissəsini işğal altında saxlayan, nəinki müəssisələri və  yaşayış evlərini, hətta məscidləri, mədəniyyət abidələrini də darmadağın edən Ermənistanın tolerant, sülhsevər olduğunu iddia edib, bundan sonra da ermənilərin yanında olacağını söyləyib. Eyni zamanda Azərbaycana qarşı hər cür şər və böhtanlar söyləyəndən sonra xəcalət çəkmədən Fransanın vasitəçi ölkə olduğunu xatırlatmağı mümkün sayıb”.

Təəssüf hissi ilə vurğulanıb ki, son günlər özünü “ana müxalifət” adlandıran “Milli Şura” və onunla eyni “əqidə”ni daşıyan “həmvətənlərimiz” də dövlətin ünvanına böhtanlar söyləmək yarışında xarici düşmənlərdən geri qalmayıb, hətta bəzi hallarda onlardan qabağa keçə biliblər: “Ermənistan ordusunun sentyabrın 13-də başlatdığı təxribatın Azərbaycan tərəfindən törədildiyini iddia edərək düşmənlərimizə “əvəzsiz” xidmət göstərən hakimiyyət hərisləri qəhrəman Ordumuzu erməni torpaqlarını işğal etməkdə günahlandırıblar. Hakimiyyətə gəlmək üçün düşmən qüvvələrlə işbirliyinə həmişə hazır olan “siyasi liderlər”in bu bəyanatları açıq ermənipərəst mövqeyini heç vaxt gizlətməyən Fransa Prezidentini anti-Azərbaycan iddialarını daha kəskin şəkildə ortaya qoymağa cəsarətləndirib. Azərbaycan Naminə Alyans Partiyası Fransa Prezidenti Makronun dövlətimizin ünvanına söylədiyi əsassız böhtanları qətiyyətlə pisləyir və Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu bəyanatlardan sonra Fransanın “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında hər hansı rol almasının mümkünsüzlüyü” barədə bəyanatını birmənalı şəkildə dəstəklədiyini bəyan edir. Xalqımızı hakimiyyəti ələ keçirmək  naminə dövlətimizin düşmənlərinin maraqlarına xidmət edən bəyanatlar verən siyasi qurumlara qarşı ayıq olmağa və onların anti-Azərbaycan fəaliyyətinin qarşısını almaq üçün qəti addımlar atmağa çağırır”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.