bayraq22Bu gün Azərbaycanın müstəqilliyini bərpa etməsindən 31 il keçir.

araz.az xəbər verir ki, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.

1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilib. Referendum bülleteninə bir sual yazılıb: “Siz “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”

Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxıb.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiqlənib.

1992-ci ildən 18 oktyabr Azərbaycanda Dövlət Müstəqilliyi Günü kimi bayram edilib.

2006-cı ilə qədər 18 oktyabr ölkədə qeyri-iş günü olub.

2006-cı ilin dekabrında Milli Məclisdə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra isə 18 oktyabr – Dövlət Müstəqilliyi günü, 12 noyabr – Konstitusiya Günü və 17 noyabr – Milli Dirçəliş Günü bayram kimi saxlanılsa da, iş günü kimi qəbul olunub.

Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi “Müstəqillik Günü haqqında” qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib. Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) iş günü olan bayramdır.

Buna qədər Azərbaycanda 28 May – Respublika Günü, 18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.