Oktyabrın 21-də, Azərbaycan Mətbuat Şurasının təşəbbüsüylə, sosial mediadakı (instagram ve telegram) aktiv kanal rəhbərləri və səhifə idarəçiləri ilə görüş keçirilib.
Bu barədə, qurumdan araz.az-a daxil olan məlumatda deyilir ki, iyirmiyə yaxın sosial media fəalı olan jurnalistin dəvət edildiyi görüşü, giriş sözü ilə, Mətbuat Şurasının sədri Rəşad Məcid açaraq, tədbir iştirakçılarını rəhbərlik etdiyi qurumun missiyası barədə məlumatlandırıb. O bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da, informasiya məkanı genişlənməkdədir. Bir zamanlar internet üzərindən yayımlanan kütləvi informasiya vasitələri ənənəvi medianı sıxışdırırdısa, artıq sosial mediadakı aktiv kanallar və səhifələr cəmiyyətdə populyardırlar. Onların ictimai rəyə təsirləri getdikcə artmaqdadır. Azərbaycan Mətbuat Şurası bu təsirin ictimai faydalarını görmək istəyir.
Məlumata görə, MŞ sədri çıxışında onu da bildirib ki, görüş həm Azərbaycan Mətbuat Şurasını narahat edən məqamlara aydınlıq gətirmək, həm də sosial media fəallarının üzləşdikləri çətinliklərlə tanış olmaq məqsədi daşıyır. R. Məcid, həmçinin, Mətbuat Şurasının sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına Müraciətinin olduğunu da vurğulayıb.
Məlumatda sonra bildirilir ki, MŞ İdarə Heyətinin üzvü, qurumun Etika Komissiyasının sədri, professor Qulu Məhərrəmli öz çıxışında, sözügedən Müraciət barədə ətraflı məlumat verib. Q. Məhərrəmli MŞ-nin informasiya məkanındakı problemlərin media müstəvisində həllinin tərəfdarı olduğunu vurğulayaraq, onu da bildirib ki, söz və ifadə azadlığının dəyər kimi qorumaq vacibdir. Buna görə də, etik prinsiplər önə çəkilməlidir.
MŞ İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli isə, öz çıxışında informasiya məkanında ictimai maraq və mənafelərin qorunmasının peşə etikasına riayətdən asılı olduğunu əsaslandırıb və bildirib ki, bu, həm də cəmiyyətin gözləntisidir.
Məlumatda daha sonra bildirilir ki,
sosial mediada fəal kanal rəhbərləri və səhifə idarəçiləri kimi tanınan Elçin Lənbəranski, Tofiq Şahmuradov, Zəminə Rüstəmova, Zəhra Əhmədova, Araz Əhmədov, Kamran Muradov, Pərviz Hüseyn və Nazim Qasımzadə isə, öz çıxışlarında istinad, sosial mediada elmi kontent məsələləri üzərində dayanıblar. Onlar, həmçinin Şurada sosial şəbəkələrlə bağlı komissiyanın formalaşdırılmasını təklif ediblər.
Məlumatın sonunda qeyd olunub ki, maraqlı keçən bu görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb, Şuranın sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına Müraciəti (araz.az-ın digər bir yazısında, bu Müraciət barədə ətraflı məlumat verilib — red.) məqbul qiymətləndirilib.
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.