Azərbaycandakı ifrat təbəqələşmə özünü yalnız əhalinin müxtəlif zümrələrinin gündəlik dolanışığındakı fərqdə deyil, həm də sosial münasibətlərdə aydın göstərir.
SSRİ dönəmində və müstəqilliyin ilkin onilliyində hansısa varlı ailənin uşağı ilə kasıb bir ailənin övladının sinif və ya tələbə yoldaşı olduğuna dair hallara çox rast gəlirdik.
Bundan hətta bəxti gətirən kasıblar da olurdu. Son illərdə bu tendensiya tam aradan qalxıb. Çünki varlıların uşaqları bizim övladlarımızın oxuduqları adi məktəblərdə oxumur.
Onlar ili 20-30 minlik “skul” və ya kolleclərdə təhsil alırlar, sonrada gedib xaricdə ali təsilə yiyələnirlər. Yəni, yuxarıda qeyd etdiyim bağ sosial təbəqələr arasında tam olaraq qırılıb.
Bunun başqa bir ziyanlı tərəfi kasıb ailələrdəki uşaqların potensial və istedadlarının tam məhv olmasıdır. Orta məktəblərdə təhsilin səviyyəsi sıfırdı.
Uşağına normal təhsil vermək üçün, valideyn əvvəlki illərdən fərqli olaraq, aşağı siniflərdən repititora müraciət etməlidir. Bunun üçün də külli miqdarda pul lazımdır.
Gücü çatmayan valideynlər uşağının təhsilini Allahın ümidinə buraxır. Nəticədə, hətta savadı olan, genetik qabiliyyətli uşaqlar belə bu haqsız rəqabətdə məhv olub gedir.
Hiss edirəm ki, bu, səlahiyyətli şəxsləri elə də dərindən narahat etmir. Əksinə, vəziyyətin daha da pisləşməsi istiqamətində addımlar atılır. Belə getsə, bir neçə ildən sonra biz ümimiyyətlə kasıb ailərin uşaqlarının heç bir sahədə uğurlarını görməyəcəyik.
Son vaxtlar idmanın elitar növləri, fənn olimpiadalarında uğur qazanan uşaqlarla bağlı özüm üçün araşdırmalar aparmışam.
Əksəriyyətinin varlı ailələrin uşaqlarının olduğunu müəyyənləşdirmişəm. Biz bu sahədə demək olar ki, son müqavimətimizi göstəririk. Ancaq hiss edirəm ki, güclər də tükənir.
Belə getsə, özümüz cəhənnəm , övladlarımızın gələcəyi tam məhv olacaq. Mənim böyük qızımda təbii istedad var. 3 yaşından onu üzgüçülük, şahmat və gimnastikaya qoydum.
Bütün sahələrdə gözəl nəticələr göstərdi. Amma bunları davam etdirmək üçün , sadə ailənin büdcəsi kifayət etmir. Hazırda qızım yalnız orta məktəbdəki dərslərinə gedir, onu da zorla çatdırırıq. Çünku bütün məktəblər olduğu kimi, onun da təhsil aldığı təhsil ocağı dövlət yox, bazar qanunları ilə fəaliyyət göstərir.
Belə getsə, yəqin ki, bur neçə ildən sonra orta məktəbi də yarımçıq qoymalı olacayıq. Əminəm ki, anoloji vəziyyətdə olan ailələrin sayın astronomik həddədir. Rəqəmlərlə manipulyasiya edib, ölkə rəhbərini hesabtlarla aldatmaq lazım deyil.
Gələcəyimizin, övladlarımızın inkişafı üçün dövlət tərəfdən stimullaşdırıcı addımlar atılmalıdır. Dövlət öz vətəndaşını cəmiyyətdə formalaşmış vəhşi, amansız rəqabətin içərisinə əli yalın buraxmamalıdır.
Ölkənin strateji sahələri: təhsil, səhiyyə tam olaraq dövlətin nəzarətinə keçməlidir. Özəl məktəblər və xəstəxanların fəaliyyətinə, pullu ali təhsilə tam olaraq xitam verilməsə, bizi daha pis gələcək gözləyir. Çünki həmin sahələrin əksəriyyəti korrupsioner məmurlara məxsusdur və onların başlıca məqsədləri əhalini çapıb talamaqdan başqa, nəsə deyil…
Məhəmmədəli QƏRİBLİ.
araz.az xəbər portalı.