hokm_315b1d8e78491ac8dffd443b8e822075_5z08utvibq913xnm7wjl-620x460.jpg

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc  peşəkar birliklərinin hüquqi statusu ilə bağlı yeni qanun layihəsinin qəbul olunması təşəbbüsü ilə çıxış edib.

Cəmiyyətin İctimaiyyətlə Əlaqələr Departamentindən araz.az-a daxil olan məlumata görə,AQCsədri peşəkar birliklərin fəaliyyətinin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməsinin doğru olmadığını söyləyib.

Təklifi olduğu kimi diqqətinizə çatdırırıq:

Son dövrlər Azərbaycanda assosiativ birliklərin sayı artır. İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və müxtəlif dövlət qurumlarının dəstəyilə peşəkar ticari birliklərin təsis olunması, dövlət qurumları ilə özəl sektor arasında sağlam münasibətlərin formalaşmasında bu birliklərin aparıcı rol alması yeni reallıqlar ortaya çıxarır. Bu xüsusda uzun müddətdir fəaliyyət göstərən və faktiki olaraq müxtəlif peşələr üzrə aparıcı mövqeyə sahib olan kollektiv ictimai birliklərin də əhəmiyyəti artır.

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Teatr Xadimləri İttifaqı, Azərbaycan Mətbuat Şurası, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Jurnalistlər Birliyi, idman federasiyaları və digər bu qəbildən olan təşkilatlar faktiki olaraq bu sahədə fəaliyyət göstərən müəssisə və şəxslərin kollektiv platforması rolunda çıxış edir.

Məlumdur ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında son illər Azərbaycanda kompleks islahatlar aparılır. 2018-ci ilin prezident seçkilərindən sonra inaqurasiya çıxışı zamanı Cənab Prezident bu islahatlara start verildiyini bəyan etdi. Ötən dövr ərzində bütün hakimiyyət qollarında – qanunverici, Mərkəzi İcra Hakimiyyəti, yerli idarəetmə orqanları bu islahatlar prosesinin tərkib hissəsi olaraq yeniləndi. Elə bir sahə yoxdur ki, bu islahatlar prosesindən kənarda qalsın. Bu islahatların mahiyyətində isə idarəçiliyə yeni nəfəs gətirmək, hökumət-vətəndaş münasibətlərini daha yüksək səviyyəyə qaldırmaq, yeni yanaşma ilə vətəndaşlara xidmət etmək dayanır.

Hesab edirəm ki, mövcud şəraitdə peşəkar kollektiv birliklərin də yeni statusla meydana çıxmasına, onların fəaliyyətinin daha da artırılmasına və tərəqqisinə xidmət edəcək qanun layihəsinin hazırlanmasına ciddi ehtiyac var. “Peşəkar birliklər haqqında” Azərbaycan Respublikası qanunun hazırlanması müasir dövrün çağırışı və günün tələbidir. Hansı ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu kollektiv peşəkar birliklərə də digər ictimai birliklər kimi, yalnız tövsiyyə vermək və könüllülük əsasında fəaliyyətə imkan verir. Peşəkar birliklərin özünütənzimləmə mexanizmlərinin yaradılması və həmin sahələr üzrə müvafiq standarlatın hazırlanması peşəkar birliklərin fəaliyyətində keyfiyyətcə yeni mərhələnin əsasını qoyacaq.

araz.az xəbər portalı.