1667297613_642.jpg

Rövşən KƏBİRLİ

Gündəmi Soçi görüşü mövzusu ətrafında müzakirələr tutduğu bir vaxtda mənim sosial problemdən yazmağım bir az yerinə düşməsə də hesab etdim ki, hər halda bu barədə danışmaq lazımdır. Nəzərə alsaq ki, Soçidə əsən “Şimal küləyi” bu dəfə xətərsiz ötüşüb (üzdə olanlar belə qənaətə gəlməyə imkan verir) demək cəmiyyəti narahat edən digər məsələlər haqqında danışmaq olar. Baxmayaraq ki, Qarabağdakı erməniməramlı rus hərbi kontingentinin təşkilatçılığı, təhrikçiliyi və dəstəyilə keçirilən məlum mitinq gələcəkdə ölkəmiz üçün yarana biləcək təhlükədən xəbər verir. Bu mövzunu sonra davam etdirəcəm.

Beləliklə, K. Marksın fikridir, deyir kapital elə bir şeydir ki, sorduqca şişir, şişdikcə sorur. Zəli də belədir, hansı canlıya yapışdısa partdayana qədər onun qanını çəkir. Bugün gündəmdə olan o zəlilərdən biri də sərnişindaşıma ilə məşğul olan özəl və dövlət şirkətləridir. Camaatın reaksiyasın yoxlamaq üçün tez-tez yandaş mediada “avtobuslarda gediş haqqı bahalaşacaqmı?” başlıqlı xəbər paylaşır və inandırıcı arqumentlər gətirmədən iddia edirlər ki, ziyanla işləyirlər, qiymətlər qaldırılmalıdır. Qiymətləri tənzimləyən dövlət təsisatı olan Tarif Şurasında da bir adambalası yoxdur ki, sadə hesablamayla bu istəyin qanunsuz olduğunu ortaya qoyub onlara haqq etdikləri …komandanı versin. 

Gəlin birlikdə paytaxda biri özəl, digəri dövlət subyekti olan iki nəhəg sərnişindaşıma şirkətinin (“Faiqoğlu “ MMC və həm də dövlətdən dotasiya alan Bakı Nəqliyyat Agentliyinə bağlı “BakuBus” MMC) timsalında onların gəlirlə, yoxsa ziyanla işlədiyi sadə formada araşdıraq. “BakuBus” MMC-dan başlayaq. Bu müəssisənin 5 saylı avtobusu gün ərzində minumum 1000 sərnişin daşıyır. Ümumi qazanc 300 manat. Bu məbləğdən 34 manat sürücüyə verilir, yanacaq xərci maksimum 65 manat. Qalan 200 manatın 100 manatı da amortizasiya fondu, texniki qulluq, rəhbər heyətin məvacibi, sosial ödənişlər və.s. Yerdə qalan 100 manat müəssisənin xalis gəliridir. Xəttdə 10 avtobus varsa bu gün ərzində təmiz 1000 manat qazanc deməkdir. Aya 30 min manat edir. Bəs deyirsiniz mövcud qiymətlər maya dəyərin ödəmir?! 

Vaxtilə Ramiz Ənvəroviçin himayə etdiyi və elə bu himayəçilik sayəsində paytaxt sərnişindaşımasında ən böyük paya sahib olmuş “Faiqoğlu”MMC-nin ögey münasibət bəslədiyi (18, 65, 135, 199, 85 saylı avtobuslar kamfortludur) 96 saylı marşrutu göturək. Hər gün 800-900 sərnişin daşıyır. Təxminən 250 manat. Ümumi gəlirin 25 manatı sürücüyə, 70 manat yanacağa sərf olunur. 75-80 manat da yuxarıda qeyd edilən istiqamətlər üzrə xərclənir. Xalis gəlir 70 manat. Hər gün xəttə 12-13 avtobus buraxılır. Günlük gəlir ən azı 750 manat. Bəs tumanını başına çəkmisən ki, ay aman zərərlə işləyirik gediş haqqını tezliklə qaldırmaq lazımdır?! Guya bunlar vətənpərvərdir, millətə canı yanır, əhalinin sosial vəziyyəti ağır olduğu üçün aylardır ki, ziyanla işləyirlər. Yalançının atabaatasına lənət! Siz sadəcə həşaratsınız, zəli kimi bu millətin qanını sormaqdan həzz alırsınız. Dəstəkçiniz də təsis edildiyi gündən ancaq qaldırmaqla məşgul olan maraqlı tərəflərin toplaşdığı Tarif Şurasıdır.

araz.az xəbər portalı.