Fotoda gördüyünüz bu şəxsin adı Nizami Qocayevdir. Məşhur nəsildən olan adamdır, yəqin ki, çoxlarınız onu tanıdınız. Tanımayanlar üçün deyim ki, Nizami Qocayev uzun müddət polis orqanlarında çalışıb. 2000-ci ilərin əvvəllərində ağır cinayətlərə görə təqsirli bilinərək həbs edilib.
Bir neçə il cəza çəkdikdən sonra, bəraət alaraq azadlığa çıxıb. Həbsdən sonra, İsmayıllı rayonunun polis rəisi işləyib. 2016-cı ildən 2020-ci ilə qədər Gəncə şəhəri Ədliyyə Nazirliyi Regional İcra xidmətinin rəisi olub. Hazırda təqaüddədir.
Heç bilirsinizmi, hörmətli Nizami Qocayev hazırda nə işlə məşğuldur? Bakı şəhərində qanunsuz parklanmadan yığılan bütün vəsaitlər onun yaratdığı MMC-yə gedir. Ona görə qanunsuz deyirəm ki, Bakı şəhərinin bütün park yerləri Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2018-ci il tarixli 1902 saylı fərmanı əsasında Bakı Nəqliyyat Agentliyinin balansına verilib.
Bakı Nəqliyyat Agentliyi tərəfindən küçələrdə müvafiq tarif müəyyən edilənə qədər parklamanın ödənişsiz olmasına dair müxtəlif məlumatlandırıcı lövhələr yerləşdirilməsinə baxmayaraq, yenə də sürücülərdən ödəniş tələb olunur. Bu da, böyük məbləğdə ödənişlərin büdcədən yayınmasına səbəb olur.
Artıq 5 ildir ki, şəhərdə qanunsuz avtoparkinq xidməti göstərdiyi iddia olunan “Çinar Avtoparkinq” MMC-nin sahibi kimi Vergilər Nazirliyinin informasiya bazasında (VÖEN 1306356451) Qocayev Nizamı Mehralı oğlunun adı göstərilir.
Bu azmış kimi, parklanma yerlərinə pul yığmaq üçün təyin etdikləri adamlara çox insafsız plan qoyurlar. Bir balaca yerdən günə 50-60 manat pul tələb edirlər.
Oğlu və həyat yoldaşı onkoloji xəstə olan bir kişi deyir ki, planı ödəyəndən sonra ona evə aparmağa heç nə qalmır. Ailənin yeganə qazanc gətirəni də odur. Adam məcbur qalıb Mehriban Əliyevaya şikayət yazıb.
Özünün dediyinə görə, onu Nərimanovda qəbul ediblər və deyiblər ki, get, bundan sonra heç kimə ödəniş etmə, ailəni dolandır. Kişi sevincək gəlib, iki gün özünə işləyəndən sonra, Nizami Qocayevin pul toplayan qocu dəstəsinin üzvü olan Səbuhi adlı şəxs gətirib ora iki – üç nəfər danışa bilməyən (lal )adamları qoyub və deyib ki, bundan sonra ərazidə pulu onlar yığacaq.
Kişi məcbur qalıb əvvəlki şərtlə razılaşıb. Amma qoçular bununla kifayətlənməyib, zavallı kişinin gündəlik planını 42 manatdan 50 manata qaldırıblar. İndi kişi qorxusundan deyir ki, bala, adımı heç yerdə çəkmə. bu dəfə gəlib məni döyərlər…
Araşdırmam nəticəsində məlum oldu ki, Nizami Qocayev bu fəaliyyəti yerli bələdiyyələrlə əlbir olaraq həyata keçirir. Yığılan puldan onların büdcəsinə kiçik həcmdə pul ödəməklə Prezident Fərmanı ilə daban-dabana zidd olan fəaliyyətini güya “leqallaşdırdığını” zənn edir…
Məhəmmədəli QƏRİBLİ.
araz.az xəbər portalı.