MTM (Media Təhlil Mərkəzi) Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə mətbuat xidmətlərinin rəhbərlərinin peşəkar bacarıqlarının daim təkmilləşdirilməsi və inkişafı, bu sahədə effektivliyin artırılması məqsədilə 1-3 noyabr tarixlərində master-klass təşkil edib.
araz.az xəbər verir ki, mətbuat xidmətlərinin fəaliyyətinin effektivliyinin artırılmasına xidmət edən master-klassın proqramına peşəkar mətbuat ofisinin təşkili; jurnalistlərdən gələn sorğuların səmərəli şəkildə cavablandırılması; onların suallarına vaxtında dəqiq cavab verilməsi; Britaniya və Amerikadakı hökumət qurumları tərəfindən idarə olunan veb-saytların nümunəsində bütün məlumatların müfəssəl yer aldığı peşəkar veb saytın təşkili; inandırma psixologiyası və digər aktual mövzular daxil edilib.
İştirakçılar master-klassda müzakirələrə qoşularaq press-relizlərin hazırlanma forması və sosial media təşəbbüslərinin inkişaf etdirilməsi ilə bağlı sessiyalara qatılıblar. Master-klassın sonuncu günündə iştirakçılar sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən master-klassı London şəhər Universitetinin jurnalistika üzrə professoru Barni Cons aparıb. Britaniyanın “The Media Society” təşkilatının vitse-prezidenti olan Barni Cons İcmalar Palatasında media məsləhətçisi kimi çalışır. O, “The Andrew Marr Show” və “Breakfast with Frost” siyasi xarakterli televiziya proqramlarının yaradıcısı və aparıcısı olub, PR və müstəqil radio müxbiri kimi çalışıb, sonradan BBC-də bəzi layihələr üzərində işləyib, bir çox siyasi xadimlərdən müsahibələr götürüb.
Məlumat üçün nəzərinizə çatdıraq ki, 2020-ci ilin aprel ayından fəaliyyətə başlayan MTM-in (Media Təhlil Mərkəzi) başlıca missiyası Azərbaycan media məkanının, dövlət və qeyri-hökumət qurumlarının kommunikasiya siyasətinin təhlil və araşdırmalarının aparılması, onların fəaliyyət səmərəliliyinin yüksəldilməsi məqsədilə təkliflərin hazırlanmasıdır.
araz.az xəbər portalı.