Xəbər verildiyi kimi, 1 iyul 2022 – 30 iyun 2023 tarixi müddətində kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 63 il olacaq. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.
Son zamanlar pensiya yaşının aşağı salınması ilə bağlı müzakirələr olsa da, bununla bağlı hələ də bir yenilik yoxdu.
Razi Nurullayev: Bizdə insanın pensiya yaşına çatdıqdan sonra aldığı onun yaşayışına bəs etmir
araz.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Deputat Razi Nurullayev sözlərinə görə, pensiya yaşının aşağı salınması ilə bağlı sosial tələb var: “Vətəndaşlar bununla bağlı tələb irəli sürür, bizə müraciət edirlər ki, bu məsələləri parlamentdə qaldıraq, müəyyən işlər görək, aidiyyatı qurumlarla danışaq. Əslində, biz bunu edirik də, amma, açığı, bunun qəbul olunmasına bir az inamsızlıq var. İnamsızlıq da ondan irəli gəlir ki, bu məsələlərdə hələ ki hökumətin mövqeyi dəyişməz olaraq qalır”.
Onun sözlərinə görə, dünyada elə ölkələr var ki, pensiya yaşını 65-dən yuxarı müəyyən ediblər, amma bir məsələni bilmək lazımdır ki, həmin ölkələrdə tibbi əlçatanlıq, insanların sağlamlığı, insanlara dövlət tərəfindən göstərilən qayğı, aylıq qazanc yaxşıdır: “Ona görə də, onların ömürləri daha uzun olur. Bu baxımdan, onlarda bu, real ola bilər. Bizdə isə insanın pensiya yaşına çatdıqdan sonra aldığı heç onun yaşayışına bəs etmir, rahat yaşayışını təmin edə bilmir”.
Deputat qeyd edib ki, bu baxımdan, özümüzü daha xoşbəxt Avropa ölkələri, Yaponiya, Amerika ilə müqayisə etməyimiz, məncə, doğru yanaşma deyil: “Azərbaycanda insanların həyat səviyyəsi o ölkələrdən daha aşağı, tibbi əlçatanlığı daha zəifdir. Ona görə də, bu məsələ sosial sifariş olaraq qalır. Mənim düşüncəm bundan ibarətdir ki, həm kişilərin, həm də qadınların pensiya yaşı ən azı 2-3 il salınmalıdır. Məsələn, kişilərdə 62-63, qadınlarda isə 60 yaş olsun. Bu, adələtli yanaşma ola bilərdi. Təbii ki, sosial sifariş bunun daha aşağı olmasıdır. Biz gərək reallığı da nəzərə alaq ki, bütün bu məsələlərdə hökumət nə qədər güzəştə gedə bilər. O baxımdan mənim arzum budur ki, bu məsələ müzakirə olunsun və çıxış yolu tapılsın ki, heç olmasa yaş həddi bir neçə il aşağı salınsın”.
Tural Abbaslı: Pensiya yaşı 9-10 il aşağı salınmalıdır ki, insanlar normal həyat yaşaya bilsinlər
Ağ Partiya başqanı Tural Abbaslı Bakıvaxtı.az-a bildirib ki, Azərbaycanda pensiya yaşı dəyişdirilməlidir, amma artıma doğru yox: “Təəssüf ki, son dönəmlər ancaq pensiya yaşının artırılması istiqamətində qərarlar verilir, addımlar atılır. Amma Azərbaycanda orta yaş həddi xeyli aşağı düşüb. Səhv etmirəmsə, Hesabalama Palatasının hesablamasına görə, bu il pensiyaçıların sayı 40 mindən çox azalıb. Bu o deməkdir ki, bir çox insan, ümumiyyətlə, pensiya yaşına qədər çatmır. Belə bir statistika da var idi ki, kişilərin 50%-ə qədəri pensiya yaşına çatmır. Pensiya o deməkdir ki, dövlət insanlarına bəlli bir yaşdan sonra rahat yaşamaqları üçün bir şans verir. Deyir ki, bu günə qədər sən işləmisən, bu gündən sonra istirahət elə, dövlətin sənə baxsın”.
T.Abbaslının sözlərinə görə, Azərbaycanda ömrün qısa olması, yaşam tərzi və s. məsələlər elə bir vəziyyət yaradır ki, demək olar, pensiya yaşına çıxan xanımlar və bəylər 2-3-5 il sonra dünyasını dəyişir: “Ona görə, bizim təklifimiz odur ki, pensiya yaşı kifayət qədər aşağı salınmalıdır. Azərbaycan yüz milyon əhalisi olan ölkə deyil ki, cəmi 10 milyon əhalimiz var. Bu baxımdan, qazın, neftin, təbii sərvətlərin qiymətlərini nəzərə alsaq, deməyə tam əsasımız var ki, pensiya yaşı aşağı salınmalı, pensiyalar qaldırılmalıdır. Hesab edirəm, pensiya yaşı 9-10 il aşağı salınmalıdır ki, insanlar normal həyat yaşaya bilsinlər. Yoxsa ki, baş daşına pensiya verilmir, axı”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.