“Müasir Azərbaycan tarixində qəhrəmanlıq tarixi statusu alan Zəfər Günü əbədi yaşayacaq!”
“Mənfur düşmənin işğal etdiyi Qarabağ torpaqları və ətraf rayonlar uğrunda gedən 30 illik savaşlar, Azərbaycan tarixinə şanlı zəfər ili kimi daxil olan 2020-ci ilin Vətən Müharibəsində rəşadətli Milli Ordumuzun möhtəşəm qələbəsi ilə başa çatdı. Bu möhtəşəm Zəfər Günündən — noyabrın 8-dən cəmi 44 gün öncə — sentyabr ayının 27-də, işğalçı Ermənistanın növbəti hərbi təxribatı, daşnak tör-töküntülərindən təşkil etdiyi vəhşi silahlı dəstələrinin bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçərək, birbaşa mülki əhalini hədəfə alması Azərbaycana öz halal torpaqlarını hərbi yolla azad etməkdən başqa çıxış yolu qoymadı. Qəddar erməni faşizminin daha bir təzahürü olan bu növbəti təxribat, çoxdan gözlənilən Vətən Müharibəsini qaçılmaz etdi.
Ümumiyyətlə, ötən 30 il müddətində Ermənistanın işğalçılıq siyasətindən geri çəkilməməsi, sülh danışıqlarından hər dəfə bir cür yayınması, işğal etdiyi ərazilərdən dərhal çəkilməsi və Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması ilə bağlı, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini icra etməməsi, habelə ATƏT-in Minsk Qrupu çərçivəsində 30 ilə yaxın davam edən sülh danışıqları prosesinin işğalçı dövlətin destruktiv mövqeyinə görə nəticə verməməsi Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməsinə zərurət yaratmışdı. Elə, işğalçının ölkəmizə qarşı növbəti dəfə törətdiyi hərbi təxribata cavab olaraq, dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının əks-hücum əməliyyatı ilə bağlı orduya əmr verməsi də, bu zərurətdən irəli gəldi. Azərbaycan Silahlı Qüvvələri də, həmin andan etibarən, ölüm-dirim savaşına qalxıb, bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün, müqəddəs bildiyi bir döyüşə atıldı”, –Azərbaycan Respublikaçılar Partiyasının Zəfər Günü münasibətilə yaydığı son Bəyanatı, xüsusi fəxarət hissi ifadə edən bu cümlələrlə başlayır.
Partiyanın sədri Sübut Əsədovun araz.az-a da təqdim etdiyi bu Bəyanatda, Milli Ordumuzun 27 sentyabr 2020-ci ildə başlayan əks-hücum — “Dəmir Yumruq” əməliyyatının bizə şərəfli və qürurverici bir gün olan möhtəşəm 8 Noyabr — Zəfər Gününü qismət etdiyi xüsusi vurğulanır: “Vətən Müharibəsi başlayandan bir-neçə saat sonra, Azərbaycan Prezidenti, Ali Baş Komandan xalqa Müraciət edərək, cəbhədə yaranmış gərgin vəziyyətlə bağlı birbaşa məlumat verdi. Azərbaycana qarşı işğalçı Ermənistanın növbəti dəfə hərbi təcavüz aktına əl atması faktı bir daha dövlət başçısının, Ali Baş Komandanın dilindən rəsmən eşidildi: “Bu gün səhər Ermənistanın siahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən, ağır artilleriyadan istifadə edərək, bizim yaşayış məntəqlərimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır! Azərbaycan Ordusu tərəfindən, hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirilir və bu zərbələr nəticəsində, düşmənin bir çox hərbi texnikaları sıradan çıxarılıb. Bu gün Azərbaycan Ordusu öz torpaqlarında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağlarımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ Ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” — deyən Ali Baş Komandanın bu Müraciəti, həm də Vətənin müdafiəsinə hər kəsin qalxmasına çağırış kimi qəbul olundu.
Onda, dövlət başçısının çağırış və informasiya xarakterli bu Müraciətdən dərhal sonra, könüllü olaraq bu savaşa qatılan xalqın igid oğullarıyla öz sıralarını genişləndirən rəşadətli Milli Ordumuz, mənfur düşmən tapdağında qalan doğma torpaqlarımızı qarış-qarış işğaldan azad etməyə başladı. Bir sözlə, hər şey ölkə rəhbərinin dediyi kimi də oldu: İlk gündən düşmən qüvvənin ön müdafiə xətti yarıldı, qısa zamanda, bir-neçə yaşayış məntəqəsi və strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edildi. Qələbəyə doğru inamla irəliləyən cəsur Azərbaycan əsgərləri işğal altındakı torpaqlarımızı görünməyən yüksək bir sürətlə vəhşi düşmən tapdağından təmizləməyə başladı.
Onda, ön cəbhədən gələn sevindirici və müjdə dolu bütün xəbərləri Azərbaycan xalqına, birbaşa, Ali Baş Komandanın özü verirdi. Üstəlik, azad edilən bütün yaşayış məntəqələrinin, strateji əhəmiyyətli yüksəkliklərin siyahısını bildirməklə, halal dədə-baba torpaqlarımızın işğaldan azad edilməsi münasibəti ilə, Azərbaycan xalqını böyük məmunluq, fəxr və sevinc hissi ilə, öz təbriklərini çatdırırdı. Ən əsası, hər bir kəndin və qəsəbənin işğaldan azad edilməsini tarixi qələbə adlandıraraq, hər birini böyük tarixi hadisə kimi bəyan edirdi.
Vətən Müharibəsi başlanan gündən cənab Prezidentin xalqa ünvanladığı sayca yeddinci Müraciətinin ölkə vətəndaşlarına, xaricdəki soydaşlarımıza mənəvi-psixoloji təsiri isə, sözün həqiqi mənasında, bambaşqa oldu. Ali Baş Komandanın böyük qələbə və yüksək bayram əhval-ruhiyyəsi yaradan bu Müraciəti, xalqa, doğma Vətən uğrunda, ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canlarından keçən şəhidlərimizin uyuduğu müqəddəs məkandan – Şəhidlər Xiyabanından ünvanlanırdı. Elə, dövlət başçısının özü də, ön cəbhədən gələn növbəti müjdəni xalqa Şəhidlər Xiyabanından verməsinin təsadüfi olmadığını deyərək, şəhidlərimizin ruhları qarşısında ehtiramını bildirib, onu da bəyan etdi ki, onların qanı yerdə qalmır və intiqamları döyüş meydanlarında alınır: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm! İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq! 2020-ci ilin noyabr ayının 8-i Azərbaycan tarixində əbədi qalacaqdır! Bu tarix əbədi yaşayacaq! Bu bizim Şanlı Qələbəmizin, Möhtəşəm Zəfərimizin Günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox!”.
Ruhlandırıcı, qürurverici və ilhamverici bu sözləri deyəndən sonra, dövlət başçısı Ulu Öndər Heydər Əliyevin məzarını da, həmin gün — 2020-ci ilin noyabr ayının 8-də ziyarət etdiyini, ruhu qarşısında baş əydiyini söyləyərək, ata vəsiyyətini yerinə yetirdiyi üçün, xoşbəxt olduğunu xüsusi tərzdə vurğuladı. Məhz həmin tarix – xalqımızın tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan Qarabağın tacı sayılan Şuşa şəhərinin işğaldan azad edildiyi gün, Prezident İlham Əliyevin Sərəncamı ilə, Azərbaycanda Zəfər Günü kimi təsis edildi. Ümumiyyətlə, Qarabağın tacı olan Şuşanın azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biri oldu. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Azərbaycan xalqı üçün rəmzi məna daşıyan Şuşanın düşmən işğalından azad edilməsi müharibənin taleyində həlledici rol oynadı.
Bu böyük qələbə münasibəti ilə, elə, 10 noyabr gecəsi, Azərbaycan Silahlı Qüvvələrinin Ali Komandanı birbaşa efirdən doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli Bəyanat bu ciddi məsələnin həlli istiqamətində son nöqtə olacaq”.
Doğrudan da, uzun müddət davam edən bu işğala son qoyan həmin üçtərəfli Bəyanatın şərtlərindən irəli gələn tələblərə görə, habelə Azərbaycan ordusunun gücünü, əzəmət və qüdrətini Vətən Müharibəsində açıq-aşkar gördüyü üçün, işğalçı Ermənistan sonda — noyabr ayının 10-da təslimçilik Bəyanatına imza atmaq, öz məğlubiyyətini etiraf etmək və kapitulyasiya aktını imzalamaq məcburiyyətində qalaraq, Laçın, Ağdam və Kəlbəcər rayonlarını da, davasız boşaltdı. Möhtərəm Prezidentin öz çıxışında vurğuladığı kimi, bu yaşayış məntəqələrinin hamısı düşmən tərəfindən dağıdılıb, lakin Azərbaycan xalqının, Azərbaycan dövlətinin o yerləri bərpa etməyə gücü çatacaq. Digər rayon, kənd və şəhərlərimizin azad edilməsindən sonra, o yerlərdə gedən bərpa, quruculuq və tikinti işləri, doğrudan da, insana ruh verir”.
Azərbaycan Respublikaçılar Partiyasının Bəyanatında daha sonra qeyd olunur ki, bu partiya da, torpaqlarımızın azad edilməsi uğrunda başlayan Vətən Müharibəsində hər zaman dövlətin, onun rəhbərinin yanında olub və bunu özünə şərəf borcu hesab edib: “ARP hesab edir ki, bu möhtəşəm zəfər həm bölgədə, həm də dünyada sülhün bərqərar olmasına əvəzsiz töhfə verərək, region dövlətlərinin inkişafında mühüm rol oynayacaq. Ali Baş Komandanımızın verdiyi “Hücum!” və “İrəli!” əmrləri ilə, Milli Ordumuz beynəlxalq hüquq normalarına uyğun olaraq, 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlayan erməni işğalçılarına qarşı müqəddəs Vətən savaşına başlayıb, müasir hərb tarixinə görünməmiş qəhrəmanlıq salnaməsi yazdı. Qüdrətli və rəşadətli Azərbaycan Ordusu müqəddəs Vətən savaşında inanılmaz və möhtəşəm qəhrəmanlıqlara imza atmaqla, adını dünyanın müasir hərb tarixinə qızıl hərflərlə yazdırıb, 44 günlük Vətən Müharibəsində dünya hərb tarxində olmayan yeniliklərə imza atdı. Ən əsası, Azərbaycan Ordusu ermənilərin uydurduduğu miflərini məhv edərək, dünya erməni faşizminə son verdi.
Vətən Müharibəsi zamanı ölkədə fəaliyyət göstərən siyasi partiyaların Prezident İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması, milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının olmadığını nümayiş etdirdi. 10 Noyabr kapitulyasiya sənədindən sonra, işğaldan azad edilən torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanılır, yenidən bərpa olunan dövlət sərhədlərimizdə Azərbaycan əsgəri keşik çəkir, dağıdılmış və viran edilmiş yurd yerlərimizdə böyük tikinti-quruculuq işləri aparılır, dinc sakinlərin öz evlərinə rahat qayıdışı və yaşayışı üçün geniş təhlükəsizlik tədbirləri görülür. Konkret desək, müharibədən sonra, bölgədə keyfiyyət etibar ilə, yeni inkişaf dövrü başlanıb. Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycan Respublikasının qazandığı uğurların davamı, məhz onun layiqli varisinin sayəsində daha parlaq inkişaf zirvəsindədir. Azərbaycanın iqtisadi və siyasi həyatında, eləcə də Milli Ordu quruculuğunda möhtərəm Prezidentin hakimiyyəti dövründəki bu möhtəşəm inkişaf isə, həm qonşuluqda, həm də kənarda olan bəzi dövlətlərdə paxıllıq və ikrah hissi yaradıb. Məhz buna görə də, beynəlxalq təşkilatları və dünya ölkələrini Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin təmin edilib, sıx inteqrasiya olunmuş əməkdaşlıq formatının yaradılmasına çağırırıq.
Nizamının dəyişməsi astanasında olduğumuz dünyanın, eləcə də Azərbaycanın bu böhranlı vəziyyətində qazandığı möhtəşəm uğurlara görə, Türk Dövlətlərinin Ali Nişanına layiq görülən möhtərəm Prezidentimizin gördüyü böyük işlər, apardığı uğurlu siyasət Azərbaycana sevindirici uğurlar gətirir. Bəli, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, beynəlxalq arenada yüksək nüfuz qazanması ilə bağlı, dövlət başçısının gördüyü işlər, danılması mümkünsüz bir reallıqdır. Konkret desək, rəhbərinin Vətən Müharibəsindəki möhtəşəm Zəfərdən güc alan bu böhranlı vəziyyətdəki gərgin əməyinə, siyasətdə nümayiş etdirdiyi iradə və səbrə görə, Tanrı da, Azərbaycanın yardımçısı olur. Üstəlik, qazanılan möhtəşəm zəfərin davamlı nəticələrinin əldə olunması, yalnız və yalnız, Ali Baş Komandanımızın sərkərdəlik məharəti sayəsində mümkün olur. Bütün bunlar isə, bir daha ona bir işarədir ki, ölkə başçısının bu möhtəşəm işlərinə bir qrup xəstə təmayüllü insanların kölgə salmaq cəhdləri boş və mənasız şeylərdir və haqlı olaraq, onların pozuculuq fəaliyyəti sağlam düşüncəli insanlar tərəfindən həmişə pislənilir. Bu gün bütün dünya azərbaycanlıları bu Möhtəşəm Zəfərlə ruhlandırıcı qürur duyur, Azərbaycanın dünya birliyində tutduğu layiqli mövqeyə söykənərək, genişmiqyaslı mitinqlərə çıxaraq, mənfur düşmən dəstəkçisi olan dövlət və beynəlxalq təşkilatlara qarşı çox ciddi tələblər irəli sürürlər.
Açıq-aydın görünür ki, bütünlüklə xalqın dəstəyi möhtərəm Prezidentlədir və Azərbaycan Respublikaçılar Partiyasının çoxsaylı üzvləri olaraq, biz də, bu dəstəyi verənlərlə bir yerdə olmaqdan qürur duyuruq. Çünki Azərbaycanın və onun rəhbərinin bu haqq işindəki əsas siyasi dəstəkçisi qardaş Türkiyə Cümhuriyyətidir və türk qardaşlarımızın yaxından dəstəyi bu problemin sona çatmasında həlledici rol oynadı”.
Azərbaycan Respublikaçılar Partiyası bu Bəyanatının sonunda, 30 illik işğala son qoyulmasında və son 200 illik tariximizdə belə bir şərəfli tarixin yazılmasında müstəsna xidməti olan, döyüş əməliyyatlarına düzgün və uğurla komandanlıq etdiyinə, Ordunu və cəmiyyəti vahid qüvvə şəklində bütövlükdə öz arxasınca səfərbər etməyi məharətlə bacardığına görə, bütün savaşlardan qələbə ilə çıxan Müzəffər Ali Baş Komandana xüsusi təşəkkürünü çatdırır. Həmçinin bu möhtəşəm qələbənin əldə edilməsində misilsiz şücaət və qəhrəmanlıqlar göstərmiş hərbçilərimizi, öz canını Vətənimizin azadlığı üçün qurban vermiş şəhidlərimizi, döyüşlərdə sağlamlıqlarını itirmiş qazilərimizi, eləcə də onların valideynlərini bu gün böyük minnətdarlıq, iftixar, qürur və hörmət hissiylə anaraq, bu şərəfli insanların xatirəsinin daim əziz tutulacağını bir daha bəyan edir: “Bir siyasi partiya olaraq, qələbəmizin təmin olunmasında əvəzsiz qəhrəmanlıq göstərən əsgər və zabitlərimizi, qazilərimizi, ümumilikdə, bütün xalqımızı bir daha təbrik edərək, canlarını Vətən yolunda əsirgəməyən şəhidlərimizə Böyük Allahdan rəhmət diləyirik!
Bu, tarixi qələbədir: Son 200 ildə hər zaman torpaq itirən Azərbaycanın, bu müharibədən qalib çıxması, xalqımızın qəhrəmanlığının, mübarizliyinin daha bir gəstəricisidir. Azərbaycan xalqının bu möhtəşəm qələbəsi Ali Baş Komandanın böyük sərkərdəlik məharəti ilə qazanılıb. Məhz bu şanlı qələbədəki xüsusi xidmətinə görə də, dövlətimizin başçısı kamil bir yaş dövründə güclü bir siyasi xadim və böyük sərkərdə kimi, Azərbaycan xalqına və dövlətçiliyinə layiqli xidmətiylə fərqlənməklə, dünyanın siyasi arenasında özünə nüfuzlu yer tutub. Beləcə, Azərbaycan tarixində tarix yazan məharətli sərkərdə olaraq, 30 il işğal altında, mənfur düşmən tapdağında olan halal Vətən torpaqlarımızın güc yolu ilə qaytarılmasını, xalqın mənəvi qürurunun bərpa olunmasını təmin edilməsində xüsusi yeri var və onun adı bu qələbənin əsas memarı olaraq, tarixdə əbədi yaşayacaq. Elə, buna görə də, Azərbaycan Respublikaçılar Partiyası, həm də Prezident İlham Əliyevi bu möhtəşəm bayram, 8 Noyabr — Zəfər Günü münasibətilə təbrik edir, cansağlığı və dövləti məsələlərdə bütün işlərində daha böyük nailiyyətlər arzulayır! Onun rəhbəri olduğu xalqımızın, dövlətimizin bu Böyük və Şanlı Zəfəri mübarək olsun!”.
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.