photo_184899.jpg

“İsrail Azərbaycan üçün dost ölkədir. Azərbaycanda yəhudi xalqının nümayəndələri azərbaycanlılarla həmişə dostluq, qardaşlıq şəraitində yaşayıblar. Bu, ölkənin paytaxtı Bakıya da aiddir, bölgələrə də. Quba rayonunun Qırmızı qəsəbə adlanan yaşayış məntəqəsi yəhudilərin yaşadığı qəsəbə kimi bütün dünyada məşhurdur və burada yəhudilər öz dinlərini, dillərini, mədəniyyətlərini, adət-ənənələrini həmişə yaşadıblar, inkişaf etdiriblər. Bu işdə Azərbaycan xalqı, Azərbaycan dövləti onlara hər cür şərait yaradıb, dəstək olub. Azərbaycanın yəhudi icması bu gün Azərbaycan parlamentində də təmsil olunur”.

araz.az-ın xəbərinə görə bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərli Azərbaycanın İsraildə səfirlik açmasının vacibliyi barədə sualı cavablandırarkən bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə xalqımızla çiyin-çiyinə Azərbaycanda yaşayan başqa xalqlarla yanaşı, yəhudi vətəndaşlarımız da işğalçılara qarşı qəhrəmanlıqla vuruşublar:

“Məsələn, onlardan biri – Albert Aqarunov 1-ci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanıdır. Azərbaycanda onun xatirəsi həmişə ehtiramla yad edilir. Albertin vaxtilə təhsil aldığı 154 saylı məktəbə onun adı verilib, məktəbin önündə büstü qoyulub. Bakıda və Qubada onun şərəfinə lövhələr qoyulub, xatirəsinə muzey açılıb, Bakıda küçələrdən birinə Albert Aqarunovun adı verilib, həmin küçədə heykəli ucaldılıb.

İkinci Qarabağ müharibəsində də İsrail Azərbaycana dəstək verən dost ölkələr sırasında olub.

Bundan başqa, bu gün İsraildə Azərbaycan əsilli xeyli yəhudi yaşayır və onların hər birinin qəlbində Azərbaycana, Azərbaycan xalqına böyük sevgi var. Onlar Azərbaycanı bu gün də özlərinin ikinci vətəni hesab edirlər.

Yəhudi xalqı ilə bizi təkcə dostluq, qardaşlıq münasibətləri yox, eyni zamanda tarixi köklər birləşdirir. Belə ki, tarixən Xəzər türklərinin dini yəhudi dini olub, həmin insanlar Azərbaycan xalqı kimi, yəhudi xalqının da etnogenezində yaxından iştirak ediblər”.

Azərbaycanın nə üçün indiyə qədər İsraildə səfirlik açmamasına gəlincə, Əziz Ələkbərli hesab edir ki, “hər işin bir zamanı var”.

“Heç şübhəsiz, yaxın vaxtlarda həmin səfirlik də öz fəaliyyətinə başlayacaq və Azərbaycan-İsrail dostluğuna, qardaşlığına öz yeni töhfələrini verəcəkdir”, – deyə deputat bildirdi.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.