Səbəb nədir ki, Kəmaləddin Heydərov və Tahir Məmmədov bir ailəni “düzdə qoyan” şəxslərin əməllərinin araşdırılması yöndə aidiyyatı üzrə lazımi tapşırıqlarını vermirlər?
Uzun müddətdir ki, Şamaxı rayonu, Muğanlı kənd sakini mərhum Rəcəbov Yadigar Ağadadaş oğlunun ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı yaşanan problemi ictimailəşdirsək də, 2014-cü ildə bu ailəyə qarşı edilmiş haqsızlıqlarla bağlı aidiyyatı dövlət qurumlarını məlumatlandırsaq da, yenə də qeyd olunan bu problem aradan qaldırılmır ki, qaldırılmır. Bu da onu söyləməyə əsas verir ki, vaxtilə problemin əmələ gəlməsinə (hansısa maraqlar əsasında) səbəb olan vəzifə sahibləri, bu gün də müəyyən təsir imkanlarına malik olduqlarından, məhz onlar Rəcəbovlar ailəsinə məxsus fərdi yaşayış evi ilə bağlı problemin aradan qaldırılmasına imkan vermirlər. O halda sual oluna bilər ki, görəsən Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri cənab Kəmaləddin Heydərov və Şamaxı RİH-nin başçısı cənab Tahir Məmmədov, qeyd olunan bu problemin araşdırılmasına niyə cəhd göstərmirlər? Axı, Rəcəbovlar ailəsi üzvlərinin danışdıqlarından, aidiyyatı dövlət qurumlarına ünvanladığımız məktublara verilən cavablardan, şəxsi mülahizələrimizdən və s. aydın olur ki, bu ailəyə məxsus fərdi yaşayış evi ilə bağlı yaşanan problemin əmələ gəlməsində əsas məsuliyyət yükü, birbaşa FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və 2012- 2014-cü illərdə Şamaxı RİH-də vəzifə sahibi olmuş bəzi şəxslərin üzərinə düşür. Problemin mahiyyətinə qayıdıb bir daha onu qeyd etmək istəyirik ki, 2012-ci ilin mart ayında Şamaxı rayonunun Muğanlı kəndi ərazisində torpaq sürüşməsi hadisəsi baş verir və hadisə nəticəsində 62 ailəyə məxsus fərdi yaşayış evi, həmçinin həyətyanı torpaq sahəsi müəyyən qədər yararsız vəziyyətə düşür. Hadisə baş verən vaxt FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərinşaatlayihə” İnstitunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri, yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə Muğanlı kəndində olurlar və onlar 47 ailəyə məxsus fərdi yaşayış evinin, həyətyanı torpaq sahəsinin yararsız vəziyyətə düşməsini müəyyən edib akt da tərtib edirlər. Adları çəkilən bu qurum əməkdaşlarının tərtib etdikləri akt əsasında 47 ailəyə daha təhlükəsiz ərazidə yeni fərdi yaşayış evlərinin tikilməsi üçün, “Azərinşaatlayihə” İnstituna layihə-smeta sənədlərinin hazırlanması barədə göstəriş də verilir. Qeyd edək ki, az sonra 47 ailədə yaşayan şəxslərin siyahısı dəqiqləşdirilir və hər ailəyə aid məlumatlar aidiyyatı üzrə dövlət qurumlarına təqdim olunur. Həmin vaxtlarda evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən ailələrlə bağlı tərtib olunmuş ilkin siyahıda Rəcəbovlar ailəsinin üzvləri 46-cı sırada (7 nəfər olmaqla) olurlar. Çox keçmir ki, bu kəndin daha təhlükəsiz ərazisində yeni fərdi yaşayış evlərinin inşaası həyata keçirilir və evlər 2014-cü ildə zərərçəkən ailələrə verilir.
Saxtakarlıq Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Şamaxı RİH əməkdaşlarının işbirliyi sayəsində baş tutur
Redaksiyamıza çatdırılan məlumatlara görə, evlər zərərçəkən ailələrə paylanarkən Şamaxı RİH Aparatından mərhum Yadigar Rəcəbova da zəng edirlər və ona qeyd olunan əraziyə gəlməsi bildirilir. Çox keçmir ki, o, həmin əraziyə gedib evlərin paylanması işlərini kənardan müşahidə edir. Çox keçmir ki, Şamaxı RİH Aparatında çalışan əməkdaş tərtib olunmuş siyahıdakı şəxslərin adlarını bir-bir çəkir və həmin siyahıda Yadigar Rəcəbovun ailə üzvlərinin adları da olur. Həmin vaxt yaxın məsafədə dayanan və evlərin paylanması işlərinə rəhbərlik edən Şamaxı RİH başçısının müavini, RİH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri mərhum Ağamustafa Vahidov hər kəsin gözü önündə “Evlər o siyahı ilə deyil, mənim əlimdə olan siyahı üzrə paylanılacaq” deyir. Qeyd edək ki, həmin vaxt evlər ilkin siyahı üzrə deyil, məhz mərhum Ağamustafa Vahidov da olan siyahı üzrə verilir. Beləliklə, evlər 2014-cü ildə zərərçəkən ailələrə paylanılır, amma Rəcəbovlar ailəsinə verilməli olan ev, Şamaxı RİH tərəfindən başqa bir ailəyə verilir. Buna da əsas səbəb, Yadigar Rəcəbovun RİH-də vəzifə sahibi olan əsas şəxslərin “bığının altından” keçməməsi olur. Ona görə də, bu ailənin üzvlərinin adları ilkin siyahıdan çıxarılır.
Mərhum Yadigar Rəcəbovun ərizəsi təsirli və keçərli olur
Bu cür haqsızlıq baş verdiyindən Yadigar Rəcəbov ailə üzvləri adından möhtərəm Prezidentə, FHN-nə, Şamaxı RİH Aparatına və digər dövlət qurumlarına şikayət ərizələri göndərir. Üç gündən sonra isə, Rəcəbovlar ailəsinə verilməli olan evə yerləşdirilmiş ailə, Şamaxı RİH əməkdaşlarının iştirakı ilə həmin evdən çıxarılır və ev ötən 8(səkkiz) il ərzində boş qalır. Redaksiyamıza daxil olan məlumatlara görə Yadigar Rəcəbov (05 avqust 2022-ci il tarixdə rəhmətə gedir) dünyasını dəyişdikdən bir neçə gün sonra, həmin ailə hansısa qüvvələrin himayədarlığı sayəsində gecə saatlarında təkrar həmin evə yerləşdirilir. Beləliklə, bu ailə üzvlərinin 2014-cü ildən üz-üzə qaldıqları problem, hələ də yaşanmaqdadır.
Kəmaləddin Heydərovun hansı işçisi ona “quyu qazır?”
Rəcəbovlar ailəsindən redaksiyamıza çatdırılan məlumatlara görə, Şamaxı rayonunun Muğanlı kəndində torpaq sürüşməsi hadisəsi baş verən vaxt, Fövqəladə Hallar naziri cənab Kəmaləddin Heydərov və əlavə bir neçə vəzifə sahibi olan şəxslər bu kənddə olurlar. Hətta, Kəmaləddin Heydərovun şəxsən özü Rəcəbovlar ailəsinə məxsus evin həyətində olur və əsl reallığı öz gözləri ilə görür. Təəssüf və təəccüb doğuran hal o olur ki, cənab Nazirlə birlikdə olan şəxslər bu ailəyə məxsus fərdi yaşayış evinin qəzalı vəziyyət düşməsi ilə bağlı akt tərtib etsələr də, bir müddətdən sonra bu ailə üzvlərinin adları ilkin siyahıdan çıxarılır. Bu da onu sübut edir ki, söyləməyə əsas verir ki, cənab Kəmaləddin Heydərovun tabeliyində çalışanlar, bir müddətdən sonra bu şəxsə qarşı sayğısızlıq edirlər və öz rəhbərlərinə qarşı “dönük” çıxırlar.
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Şamaxı RİH Aparatına ünvanlanan məktublar, sanki “daşa dəyir”
2014-cü ildə baş verən qanunsuzluqlarla bağlı tərəfimizdən istər FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, istərsə də Şamaxı RİH Aparatına ünvanladığımız məktublar, sanki “daşa dəyir”. Çünki, hər iki qurumun səlahiyyətliləri tərəfindən verilən cavablar mahiyyət etibarilə şablom xarakterli və eyni məzmunlu olur.
Yəni, bu qurumların əməkdaşları tərəfindən “Evlər paylanana qədər sizə (mərhum Yadigar Rəcəbovun ailə üzvlərinə) məxsus fərdi yaşayış evinizlə bağlı Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsisləri tərəfindən akt tərtib olunmamışdır. Bu yöndə akt tərtib olunmadığından ilkin siyahıda adınızın olmasına baxmayaraq, sonradan adınız siyahıdan çıxarılmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə fərdi yaşayış evinizə viziual texniki baxış keçirilmiş və 03 mart 2014-cü il tarixdə müvafiq akt tərtib edilmiş və həmin aktda fərdi yaşayış evinizin qəzalı vəziyyətdə olması qeyd olunmuşdur. Sizin fərdi yaşayış evinizlə bağlı akt tərtib olunana qədər yeni tikilmiş evlər vətəndaşlara paylanılmışdır” belə bir formada başdansovdu cavablar verilir.
Görəsən başdansovdu cavabları verən şəxslər öz məsuliyyətlərini dərk edirlərmi?
O halda sual oluna bilər ki, axı Muğanlı kəndində torpaq sürüşməsi hadisəsi 2012-ci ildə baş verir və evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən ailələrə evlərin paylanması işləri 2014-cü ildə həyata keçirilir?. Həmin vaxt nə baş verir ki, yaşayış evi ortada olan Yadigar Rəcəbovun ailə üzvlərinə məxsus yaşayış evinə iki il sonra, yəni 03 mart 2014-cü ildə vizual baxış keçirilir və bununla bağlı akt da tərtib olunur?. Niyə bu şəxsin evinə vizual baxış keçirib akt tərtib etmək 2014-cü ilə saxlanılır? Bu haqda həm Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən, həm də Şamaxı Rayon İcra Hakimiyyəti Aparatından verilmiş cavab məktublarında qeyd olunub.
Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra, həm Fövqəladə Hallar naziri cənab Kəmaləddin Heydərov, həm də və Şamaxı RİH-nin başçısı cənab Tahir Məmmədov, 2014-cü ildə hansısa maraqlar çərçivəsində saxtakarlığa qol qoymaqla bir ailəni “düzdə qoyan” şəxslərin əməllərinin araşdırılması yöndə, aidiyyatı üzrə lazımi tapşırıqlarını verəcəklər. Yəqin ki, o halda Rəcəbovlar ailəsini olmazın problemlə üz-üzə qoyan həmin şəxslərin, məhz hüquqi müstəvidə hüquqi məsuliyyətləri müəyyən olunacaq.
Mövzuya qayıdacağıq.
araz.az xəbər portalı
araz.az xəbər portalı.