Masallıya yeni təyin edilən icra başçısı tikinti normalarına cavab verməyən, yolu zəbt edən bir obyektin sökülməsinə göstəriş verib. Sosial şəbəkələrdə paylaşılan videolardan görünür ki, özünü şəhid atası kimi təqdim edən bir nəfər səlahiyyətli şəxslərin üstünə hücum çəkərək, icra başçısına xitabən bunları deyir: “Sən kimsən ki, burada at oynadırsan? Masallıda bunları edə bilməzsən, burada biz varıq. Mən şəhid atasıyam və s.)
Azərbaycanda şəhidlərə həm cəmiyyət, həm də dövlət tərəfdən yüksək diqqət və ehtiram var. İcra başçısı Prezidentin təyin etdiyi bir şəxsdir. Mümkündür ki, hansısa inzibati ərazi vahidinə əslən həmin rayondan olmayan icra başçısı təyin edilsin. Belə hallar bir çox rayonlarla bağlı mövcuddur. Bəyəm, icra başçısı əslən işlədiyi rayondan olmayanda, həmin rəhbərin səlahiyyəti məhdud olmalıdır? Dövlət idarəetməçiliyində qəbilə təfəkkürü kənara qoyulmalıdır!
Mənim üçün maraqlı olan bəzi işbazların həssas təbəqə olan şəhid və qazi ailələrində öz məqsədləri üçün suistifadə etmələridir. Maraqlıdır, şəhid atasının Masallıda sökülən qanunsuz tikiliyə nə aidiyyəti var? “Obyekt” haqsız yerə sökülürsə, bununla bağlı sivil mübarizə üsulları var. Niyə onlardan istifadə etməyib, bu cür preysinqə əl atırlar?
Axı, şəhid atasını icra başçısını hədələməyə sövq etdirmək kimi addımlar qanuni davranışlar sırasına aid deyil. Bunun bir adı var, hansısa iş adamının həssas təbəqənin adından öz məqsədləri ücün istifadə etməsi.
Təəssüf ki, belə hallarla hər gün rastlaşırıq. Zəfər Günündə məni bir tədbirə dəvət etmişdilər. Tədbirdə bir çox tanınmış ziyalılar, millət vəkilləri iştirak edirdi. Dəvət edənlər mənə iki yer ayırdıqları və tədbirin maarifləndirici mahiyyət daşıdığı üçün, ora qızımla getmişdim.
Mən heç vaxt çağrılmayan yerə getmərəm və göstərilməyən yerdə oturmaram. Oturduğum yerdən də qalxmağı xoşlamıram. Təşkilatçılar məni və qızımı zalın üçüncü sırasında əyləşdirdilər. Bir az keçdi bir xanım gəldi ki, zəhmət olmasa keçin başqa sıraya, bura adam gələcək.
Dedim, kim gəlir-gəlsin mənə buranı göstəriblər, burda da oturmuşam. Bildirdi ki, onda uşağı qucağına al. Onu başa saldım ki, uşağa dəvət edənlər yer ayırıbsa, niyə qucağımda oturmalıdır? Baxdı ki, keçmir, ən sonuncu “silahını” işə saldı:
“Burada şəhid anaları gəlib oturacaq”.
Dedim ki, sən şəhid anasını gətirsən mən və qızım öz yerimizi məmnuniyyətlə onlara verərik. Bildim ki, addan istifadə edib, yalan danışır. Sonda məlum oldu ki, iki nəfər cavan “podruqalarına” yer etmək istəyirmiş. Həmin xanımlar da, bütün tədbir boyu, ancaq votsapla yazışdılar, səhnədə nə danışıldığına əhəmiyyət belə vermədilər. Görün, şəhid ailəsinin adından necə cılız məqsədlər üçün istifadə edirlər?
Bir il bundan əvvəl “Tik-Tok” sosial şəbəkəsindəki əxlaqsızlıqlarla bağlı ciddi maarifləndirmə işlərinə başladım. Kimin təzyiqi ilə üzləşsəm yaxşıdır? Sədərək bazarının şefi Yusif Qədimbəylinin oğlu, vaxtı ilə medianı kurasiya edən Əli Həsənovun köməkçisi olmuş Mehman Qədimbəyli və onun başına yığdığı dəstə ilə. Deməli, bunlar jeton maxinasiyaları etmək və oradakı kütləni əldə saxlamaq məqsədilə harada söyüş söyən, əxlaqsızlıq edən xanımlar var, onlara dəstək olurdular.
Onları Azərbaycanın reytinq sıralamasında önə çıxarıb populyarlaşdırırdılar. Kimi istəyirdilər onlara söydürürdülər. Faktlarla buna etiraz edəndə, başladılar bir-iki nəfər qazilərə dəstək verməyə, onları da sıralamaya salmağa ki, üzlərinə tutacaq etsinlər. Həmin qaziləri vadar etdilər ki, mənə qarşı danışsınlar. Tezis də bu idi : “Mehman abi, qazilərə dəstək olursa, kimsə ona dil uzada bilməz!” Təbiidir ki, mən geri çəkilmədim və onların iç üzünü tam ifşa etdim.
Sözüm bizim üçün dəyərli olan şəhid ailələri və qazilərimizədir. Qətiyyən imkan verməyin ki, hansısa işbazlar, fırıldaqlar sizi qabağa verib, bu müqqəddəs adların arxasında gizlənib öz lazımsız istəklərinə nail olsunlar!
Allahdan bütün şəhidlərimizə rəhmət, Qazilərimizə isə can sağlığı diləyirəm!
Məhəmmədəli QƏRİBLİ,
araz.az xəbər portalı.