razi554 (1).jpg

“Fransa səfirinin Azərbaycandan qovulması təklifinə isti yanaşmıram. Əksinə, Fransa səfirini Azərbaycandan çıxarmaqla ermənilərə və Azərbaycanın düşmənlərinə yeni əsas yaratmış olarıq. Buna yol vermək olmaz. Təbii ki, Azərbaycan tərəfi həm Fransa səfirliyinə, həm Fransa tərəfinə birmənalı olaraq etirazını bildirib, bildirməyə də davam edəcək. Onların nəzərinə çatdırılır ki, bu fəaliyyətləri ermənilərin sülh prosesindən uzaqlaşmasına səbəb olur. Məhz Fransanın bu fəaliyyəti nəticəsində Ermənistan sülhə razılaşmaq istəmir. Hələ də inanır ki, bəlkə, dostlarının köməyi ilə Qarabağ üçün hər hansı “status” əldə edə bilər. Azərbaycan isə buna birmənalı olaraq “yox!” deyir”.

araz.az  Pravda.az-a istinadən bildirir ki, bu sözləri  Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Razi Nurullayev Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə barədə danışarkən deyib.

Deputat bildirib ki, Fransanın hazırda hələ də kağız üzərində mövcud olan Minsk Qrupunda iştirakı var: “Hazırda ən qətiyyətli addımlardan biri Azərbaycan Fransanı heç cür qəbul etməyəcəyini, birmənalı olaraq Fransanı bu Minsk Qrupundan çıxardığını elan etməsi ola bilər. İkincisi, Fransa bu günə qədər 50-dən çox ölkəni koloniyalaşdırıb, onların var-dövlətini çapıb-talayıb. Bir çoxlarını isə soyqırımına məruz qoyub. Ona görə də Azərbaycan Fransanın xüsusən Afrikada törətdiyi soyqırımı ilə bağlı Milli Məclisdə dinləmələr keçirə, sonradan bununla bağlı məsələhətləşmələr apara, hər hansı bir sənəd qəbul edə, soyqırımının tanınması ilə bağlı addım ata bilər. Buna görə hansısa ölkədən icazə almağımıza da ehtiyac yoxdur. İstənilən halda biz də qarşılıq olaraq addımlar atmalıyıq”.

R.Nurullayev Fransa Senatında cəmi bir nəfərin Azərbaycanın leyhinə səs verdiyinə görə Azərbaycan diasporunun, o cümlədən parlament diplomatiyasının tənqid edilməsinə də münasibət bildirib:“1 nəfərin Azərbaycanın leyhinə səs verməsi başadüşüləndir. Bəli, Fransada güclü lobbimiz yoxdur. Azərbaycanda bunun konkret səbəbi var. Ermənistan lobbisi Fransada çox güclüdür. Hətta Türkiyənin belə Fransadakı lobbisi Azərbaycana kömək edə bilmir. Belə çıxır ki, Türkiyənin də Fransa Senatında lobbisi yoxdur. Türkiyə kimi güclü bir dövlət də aciz qalır. Bu da oradakı fransızların ənənəvi olaraq Ermənistana meyillənməsi, həm də erməni lobbisinin güclü olması ilə bağlıdır. Mən də Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin üzvüyəm. Amma bir dəfə də olsun Fransada olmamışam. Bununla bağlı ciddi işlərin aparılmasına ehtiyac var. Digər tərəfdən, təbii ki, dostluq qrupu da daha yaxşı işləməlidir, işləməyə də çalışır. Əslində əvvəllər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Fransada çox gözəl işlər görüb, böyük fəaliyyətlər göstərib. Fransada Azərbaycanın Mədəniyyət Mərkəzi yaradılıb. Xeyli dostlar qazanmışdıq. Amma bütün bunların hamısı erməni lobbisinin fəaliyyəti nəticəsində neytrallaşdırılır. Yenə də əlimizi-qolumuzu sallayıb otura bilmərik. Müəyyən işlər aparılmalıdır. Parlament səviyyəsində də iş aparılmalıdır. Bütün bunları etmək üçün böyük vəsaitlər tələb olunur. İndi bu vəsaitlər hələ ki yoxdur. Çünki Qarabağda bərpa işləri gedir, xeyli problemlər var. Büdcədə yüngüllük yaranandan sonra bu məsələlərə də yenidən baxılacaq, parlamentin üzvləri, digər insanlar da daha tez-tez Fransaya səfər edib, müəyyən işlər aparmağa çalışacaqlar”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.