“Azərbaycan real iqtisadi sektorla bağlı normal istehsalı qura bilməyib. Bununla bağlı olaraq, müasir texnologiyalara söykənən virtual sahəyə keçməsi çətin olacaq”.
araz.az Sitat.info-ya istinadən bildirir ki, bu sözləri Əkrəm Həsənov deyib.
O vurğulayıb ki, bu sahə ilə bağlı qanunvericilik yaradılmalıdır: “Bu sektora aid olan qanunvericilik yaradılmalıdır. Həmin qanunvericiliyə adekvat riayət edilməlidir, pozulan zaman da ədalətli və müstəqil, savadlı məhkəmələr olmalıdır ki o pozuntuların qarşısını alsın. Sağlam rəqabət olmalıdır, mülkiyyət hüququ müdafiə olunmalıdır ki, bu halda bazar özüdə inkişaf edəcək”.
Ekspert Azərbaycanın bu sahə ilə bağlı düzgün inkişaf yolu seçmədiyini də söyləyib: “Azərbaycanda son onilliklərdə dövlət proqramları qəbul olunub. Bu belə inkişaf etmir. Müasir inkişaf etmiş dövlətlər belə proqramlar qəbul etməklə inkişaf etmirlər. Onlar normal şərait yaradır ki, sahibkar özünü inkişaf etdirsin. Sahibkar elə bir məhsul istehsal etməli və onun satışını həyata keçirməlidir ki, cəmiyyətin buna ehtiyacı olsun. Müasir dövrün tələbi də virtual sahədirsə, elektronlaşmadırsa cəmiyyət bunu tələb edirsə belədə olacaq”.
Ə.Həsənov hesab edir ki, Azərbaycan da bu sektora investisiya edilməməsinin səbəbi uzunmüddətli olmasıdır: “Gəlin nəzərə alaq ki, o sahələrə investisiyalar daha uzunmüddətlidir. Azərbaycanda da heç bir sahəyə uzunmüddətli investisiya qoymaq istəmir. Çünki bu gündən sabah etibar yoxdur. Heç kimə təminat verilmir. Bu baxımdan da bu sahəyə investisiya qoymaqdan qaçırlar. Bu sahəyə kifayət qədər investisiya qoyub gəlir qazanmaq olar. Lakin qeyd etdiyim səbəblərə görə bu sahələrə investisiya edilmir. Dövlət də investisiya qoysa, bilirik ki dövlətin qoyduğu pullar hara istifadə olunur dağılır, yeyilir. Misal olaraq, dövlət satınalmalarına baxmağımız kifayətdir. Ona görə də biz əlbəttə xeyli geridəyik”.
“Geridə qalmaqla yanaşı, sabah bunu bərpa etmək imkanımız da olmayacaq. İnkişaf etmiş ölkələr o qədər qabaqda olacaq ki, bizim şansımız heç olmayacaq. Xüsusən neftimiz qazımız bitəndən sonra”- deyə Ə.Həsənov bildirib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.