Bizdə necədir bilmirəm, bunlarda isə barmenlər belə qazanır, o cümlədən. Deməli, gəlirsən bara, barda viskilər var üç qiymət diopazonunda. Şərti olaraq, 1 avro civarında, 5 avro civarında və 10 avro ətrafında.
Fikirləşirsən ki, 1 avroluq alacam, deyəcəklər kül təpənə, o boydana neft ölkəsindən gəlib içdiyi viskiyə bax.
Çünki Azərbaycanın adı gələndə elə bilirlər ki, hər evdə qonşu otaqda neft buruğu çırtaçırt vurur 95 benzini, pullar da “çakkaçak” tökülür sandığa, arvad yığıb-yığıştıra bilmir, bəxtəvər başımıza.
10 avroluq alacaqsan, adın dərhal FBİ-ya-filana düşəcək ki, oliqarxdır, Qəbələdəki dədə-baba evinə də deyəcəklər dağ kurortunda villası var.
Di gəl indi buna başa sal ki, o villanın eyvanından mən uşaqlıqda baxmışam. Ona görə deyirsən ki, bax orda 5 avroya 10 illik viski var, ondan süz, ə.
Özünü də elə aparısan ki, 10 avroluq almağa da imkanım var haa, sadəcə, bu gün nəsə o 10 illik düşdü könlümə.
Hər ehtimala qarşı bir ah da çəkirsən ki, bu bahalı viskilər lap bezdirib məni, prosta ujas.
Barmen sənin müvəffəqiyətsiz artistiliyini görür və anlayır ki, sənin Məhəmməd baban Qəbələdə məktəb direktoru kabinetində viski içməyib, heç adını eşitməyib.
Yəni anlayır ki, sənin viski ilə tanışlığın genetik xarakter daşımır, yenisən bu işdə göylə getsən də.
Və üzünə tragik maska taxıb deyir – Bilirsən, ay may frend, 10 illik yoxdur, var 12 illik, sadəcə onun qiyməti 5 yox, 7 avrodur, verim?
“Yox” deyəcəksən, ölkəni adı var ortada, ona görə deyirsən “hə” və o da 12 adı ilə dünən stollardan yığılan yarımçıq viskilərin qovuşduğu butulkadan 50 qram süzür sənin üçün.
Sən də bəh-bəh deyib vurursan onu mədənə işgəncə verə-verə.
Özünü sındırmayacaqsan ki…
Azər QƏRİB.
araz.az xəbər portalı.