atabey.jpg

Ötən gün tizeri təqdim olunan ilk tarixi serialımız “Atabəylər: Şəmsəddin Eldəniz” sosial şəbəkələrdə müzakirə yaradıb. Ekran işinin fraqmenti bir çox istifadəçi tərəfindən tənqidlərə məruz qalıb.

Çoxu serialı Türkiyədə yayımlanan “Diriliş: Ertuğrul”, “Uyanış: Büyük Selçuklu”, “Alparslan: Büyük Selçuklu” kimi tarixi layihələrə bənzədib. Geyimlər və döyüş səhnələrinin oxşarlığına görə “Atabəylər: Şəmsəddin Eldəniz”in sadalanan serialların təkrarı, plagiatı olduğu iddia edilib.

Bundan əlavə, fraqmentdə “Bütöv Azərbaycan” ifadəsinin səslənməsi də müzakirə yaradıb. İddia olunur ki, tarixi həqiqətlər, o dövrdəki geyimlər və digər mövzular düzgün əks olunmayıb. OLAY məsələ ilə bağlı ekran işinin ssenari qrupunun rəhbəri, yazıçı Varis Yolçuyevlə əlaqə saxlayıb. Yazar bildirib ki, bu tənqidlər sadəcə gülüncdür: “Azərbaycan insanlarında bir inkarçılıq var. Yaxşı təşəbbüslərə heç vaxt xoş söz demirlər, həmişə pisləyirlər. Gülünc iddiadır ki, deyirlər, “Diriliş: Ertuğrul”, “Alparslan” və sairə kimi seriallara bənzəyir. Bu, savadsızlıqdır. Serial 12-ci əsrdən bəhs edir. Həmin vaxtlarda Azərbaycan elə deyilən layihələrdəki Səlcuq İmperiyasının tərkibində idi. Yəni Səlcuq dövləti olub, o dövrdə geyimlər də, döyüş taktikası da eyni idi.

Ona görə səlcuqlara oxşamalıdılar da, kimə oxşayacaqlar? O ki qaldı Bütöv Azərbaycan ifadəsinə… Bədii filmlər, həm real tarixi hadisələrə, həm də yaradıcı heyətin təxəyyülünə əsaslanır. Bütün filmlərdə, bədii və musiqi əsərlərində, teatrda müəllifin hüququ olur ki, hansısa tarixi hadisəni  müəyyən bir dövr ərzində kontekstdən çıxarıb, müasir mesajlar versinlər. Çünki incəsənət tək nəyisə göstərmək üçün xidmət etmir, həm də tərbiyələndirir, didaktik, əxlaqi-mənəvi dəyərlər aşılayır.

Bütün bunlara görə biz Bütöv Azərbaycan ifadəsini serialda vermək istədik. İnanın, tarixi faktların özündə də var ki, o dövrdə “Bütöv Azərbaycan” ideyası olub. Ermənilər özlərinə saxta tarix yaradır, biz əlimizdə olanları da itiririk. Mən 1 milyon işarəlik tarixi faktları öyrənmişəm. Ərəb, türk, ingilis və öz mənbələrimizdən araşdırmışam. Məsələn, həmin dövrü Ziya Bünyadov Sovet ideologiyasına, Əkbər Nəcəf isə müasir  milli ideologiyamıza uyğun araşdırıb. Başda Kərim Şükürov olmaqla bütün Tarix İnstitu bizim ssenari qrupumuzun içindədir, dəstək verirlər. Biz hər şeyi araşdırırıq. Kimlərsə, durub boş-boş deyir ki, tarixdən xəbərləri yoxdur. Bu, gülüncdür. Bir onu deyim ki, Şəmsəddin Eldəniz öz dövlətini qurana qədər Azərbaycan Səlcuq dövlətinin tərkibində olub. Bu tənqidlərin əsası yoxdur. Sadəcə üzülürəm”.

Tarixçi Faiq Ələkbərli də tənqidlərin əksinə olaraq bildirib ki, “Bütöv Azərbaycan” ifadəsinin o dövrdə səslənməsi normaldır:

“Mən izləməmişəm, amma o dövrdə Bütöv Azərbaycan ifadəsinin işlənməsi və bu kimi məsələlər normaldır. Heç kəs nəsə deyə bilməz ki. Zatən o dövrdə Azərbaycana bir bütöv kimi baxılırdı. İfadə kimi səsləndirilməsi də mümkün ola bilərdi. Hesab edirəm ki, bu müsbət haldır. Bütünlükdə işdə bir qüsur ola bilər. Amma belə bir serial yayımlanırsa, həm tariximizi yeni nəsilə doğru-düzgün çatdırmağımız, həm də gələcəyimiz üçün önəmlidir. Çünki bilməlidirlər ki, Azərbaycan xalqı tək 10 milyon deyil, 50-60 milyondur. Onun ərazisi Yeni Azərbaycan Respublikasından ibarət deyildi. Ən azından Dərbənddən, Kəngər körfəzinə, Bakıdan Kərkükə qədər böyük bir coğrafiyanı təşkil edib.

Ola bilər ki, “Diriliş: Ertuğrul”a hansısa səhnələri oxşayır. Burada bir qəbahət yoxdur. Bəzən türk serialllarının özündə də bir-birinə bənzərlik olur. Əsas ideyanı, Azərbaycanın bütövlüyünü, xalqının bir olmasını izləyiciyə çatdırmaqdır. Əgər orada Təbrizin, Həmədanın, Zəncanın, Urmunun, Xoyun da Azərbaycan olması vurğulanacaqsa, bu, böyük işdir. Xalqımıızn mədəniyyəti, tarixi, fəlsəfəsi birdir. İnşallah gələcəkdə birlik məsələsi daha da güclənəcək”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.