Nərimanov Rayon Məhkəməsi tanınmış jurnalist Qaşqay Ziyəddinoğlunun işdən azad edilməsi haqqında qərarın ləğvi, işə bərpa olunması və işburaxma dövrü üçün əməkhaqqının ödənilməsi barədə Qərar qəbul edib.
Bu barədə, araz.az-a daxil olan məlumata görə, 30 noyabr, 2022-ci il tarixində siyasi elmlər üzrə fəlsəfə doktoru Qaşqay Ziyəddinoğlunun (Qaşqay Ziyəddin oğlu Ramazanovun) Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetinə qarşı məhkəmə iddiası əsasında, Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın sədrliyi ilə baxış iclası keçirilib.
Jurnalistin özü mediaya açıqlamasında da bildirib ki, baxış iclasında iddiaçı jurnalistlə yanaşı, “Yeni Azərbaycan” qəzetini təmsil edən vəkil, Dövlət Əmək Müfəttişliyinin Bakı Şəhər İdarəsinin numayəndəsi də iştirak edib. Əvvəlcə iddiaçı Qaşqay Ziyəddinoğlu çıxış edərək, qanunsuz işdən uzaqlaşdırıldığını əmək qanunvericiliyinə əsasən, geniş şəkildə izah edib. Daha sonra, Dövlət Əmək Müfəttişliyinin Bakı Şəhər İdarəsinin nümayəndəsi işlə bağlı fikrini bildirib. “Yeni Azərbaycan” qəzetinin Baş redaktoru Alqış Musayevin tutduğu vəkil də çıxış edərək, cavabdeh tərəfin haqlı olduğunu iddia edib.
Bundan sonra, məhkəmə heyəti müşavirəyə gedib. Müşavirədən sonra, Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzova iddianın təmin edilməsi, o cümlədən jurnalist Qaşqay Ziyəddin oğlu Ramazanovun işdən azad edilməsi haqqında qərarın ləğvi, işə bərpa olunması və işburaxma dövrü üçün əməkhaqqının ödənilməsi barədə məhkəmənin Qərarını elan edib.
Sonda onu da xatırladaq ki, ilk hazırlıq iclası cari ilin sentyabr ayının 27-də baş tutan məhkəmə iddiası, jurnalist Qaşqay Ziyəddinoğlunun qanunsuz olaraq işdən azad edilməsinə görə qaldırılmışdı.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.