Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə daha bir vətəndaşın şok yaradan şikayəti var
Çıxılmaz vəziyyətdə qaldığı üçün, məcburiyyətdən, mətbuat vasitəsi ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə növbəti şikayət xarakterli Müraciətini ünvanlayan daha bir ölkə vətəndaşı, Ucar rayonunun Yuxarı Şilyan kənd sakini Cəfər Əhliman oğlu Cəmilovdur. Surətinin bir nüsxəsini araz.az xəbər portalının redaksiyasına da göndərdiyi Müraciətinə, əlaqə telefonunun nömrəsi 050 646 48 15 olan şikayətçinin əlavə etdiyi və evinin içindəki və çölündəki acınacaqlı durumun əksi olan foto-şəkillər də, onun yazdıqlarının daha bir təsdiqi, sübutuna ehtiyac duyulmayan şok yaradan faktlardır.
Cəfər Səlimovun redaksiyamıza göndərdiyi şikayət məktubunda yazdığı kimi, yaşadıqları bu evindəki belə bir dözülməz vəziyyət, onun başçılıq etdiyi ailənin dolanışığına belə hərtərəfli ciddi təsirini göstərərək, günü-gündən daha da ağırlaşdırır: “Cənab nazir, artıq ünvanlı sosial yardım üçün, etdiyim müraciətlərin sayını da itirmişəm. Hər dəfəsinə, bir bəhanə ilə, xoşagəlməz tərzdə imtina verilib. Sonuncu imtinada yeni bir bəhanə taparaq, belə göstəriblər: “AİLƏNİN KİRAYƏDƏ QALMASI BARƏDƏ MƏLUMATIN QEYD EDİLMƏMƏSİ” — şok yaradan bəhanədir, deyilmi?!.
Qeyd edim ki, iki azyaşlı övladım var. Həyat yoldaşım və özümlə birlikdə, dörd nəfərdən ibarət olan ailəmin dolanışığı ağır vəziyyətdədir. Hər ikimizin rəsmi qaydada iş yerimiz yoxdur — çoxdandır ki, işsizik! Mənim özüm qapılarda fəhləlik edirəm. O da elədir ki, ayın 15 günü belə bir işi tapanda, sevinirəm. Qısası, ayda 120 — 140 manat arası qazancım olur. 0,57 hektar pay torpağım var. Həmin pay torpağında kartof, soğan, tərəvəz,.. əkirəm. Fəhləlikdən qazandığım pulum, komunal xərclərin ödənilməsinə və quru çörək bişirmək üçün, un alınmasına güc-bəla ilə çatır. Pay torpağımdan da, yalnız dolanışığımız üçün, məhsul götürürəm. Bir də, qayınatam, imkanı olanda, 60 — 80 manat arası köməklik göstərir. Qısası, acından ölməsək də, birtəhər yaşayırıq! Axı, bu, yaşamaq deyil, sürünməkdən betərdir.
Yaşadığımız evi də, qayınatam bizə bağışlayıb. Həmin evin şəkillərini çəkib, bu Müraciətimə əlavə edirəm. Əgər, buna ev demək olarsa!.. Əlacımız yoxdur, elə, buna görə də, məcburiyyətdən, gəlib, bu evdə yaşayırıq. Şəkillərdən də aydın görünür ki, divarları, döşəməsi, hətta tavanı belə pis durumda, yararsız vəziyyətdə olan belə bir evdə yaşamaq çox təhlükəlidir. Havası soyuq günlərdə, bütün günü sobamız yansa da, evimiz qızmır. Çünki evin divarları param-parçadır. Əlacımız yoxdur deyə, gecə-gündüz fikirləşirik ki, həyətdə bir ev necə tikək. Bu da, pulsuzluqdan, alınası deyil!
Ünvanlı sosial yardım üçün, etdiyim elektron müraciətlərə görə, yaşadığımız bu evin maddi-məişət şəraitinin yoxlanılmasına gələn Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları da, baxış keçirdikdən sonra, valideynlərimin yaşadıqları evə gediblər. Anamdan bizim yaşadığımız yeri soruşublar. Anam da, deyib ki, Cəfər ailəsi ilə birlikdə, bizimlə yaşamır, kənddə qayınatası ev bağışlayıb, orda yaşayırlar. Bundan sonra, nazirliyin əməkdaşları da, özlərindən yeni bir bəhanə uydurublar: «AİLƏNİN KİRAYƏDƏ QALMASI BARƏDƏ, MƏLMATIN QEYD EDİLMƏMƏSİ»! Axı, necə ola bilər ki, ailə özünə aid evdə kirayədə qalsın?!.
Əlbəttə, verilmiş belə bir imtina, nazirliyin əməkdaşlarının uydurduğu yeni bir bəhanədir. Bu ev, bizim şəxsi evimizdir. Bir daha deyirəm ki, bu evi, bizə, qayınatam bağışlayıb. Evin çıxarış sənədləri olmasa da, işıq, qaz sayğacları qayınatamın adınadır. Həmin sayğacların bildirişlərini, nazirliyin əməkdaşlarına və ya, bu məsələni araşdırmaq istəyən hər bir məmura təqdim edə bilərəm.
Cənab nazir!
Mən, Cəfər Əhliman oğlu Cəmilov,
Ucar rayonunun Yuxarı Şilyan kənd sakini olaraq, mətbuat vasitəsi ilə, Sizdən bir daha xahiş edirəm ki, mənim növbəti bu Müraciətimi şəxsi nəzarətinizə götürə və ailəmə, ünvanlı sosial yardımın təyin olunmasına köməklik edəsiniz!
Kömək üçün, Sizə, qabaqcadan minnətdarlığını da çatdırıram!”.
Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.