IMG-20221208-WA0003.jpg

Həyatına qəsd və qurama həbs təhlükələri ilə üzləşən jurnalist ölkə başçısına və aidiyyatı qurumların rəhbərlərinə şikayət xarakterli Müraciət ünvanlayıb

       Jurnalist olaraq, əsas fəaliyyətini regionlarla bağlayan, öz yazıları ilə, daha çox yerli vətəndaşların sosial problemlərini ictimailəşdirməyə çalışan Fuad Hüseynovun həyatı və sağlamlığı xeyli müddətdir ki, ciddi təhlükə altındadır. Bu barədə, onun özü, ölkə başçısı İlham Əliyev cənablarına ünvanladığı, surətini isə, Baş Prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova, Ombudsman Səbinə xanım Əliyevaya və digər aidiyyatı dövlət qurumlarının, eləcə də media vasitələrinin rəhbərlərinə, tanınmış hüquq müdafiəçilərinə göndərdiyi şikayət və kömək xarakterli Müraciətində daha ətraflı yazıb. Çıxılmaz vəziyyətdə qalan şikayətçi jurnalist, öncə öz Müraciətində, həyatına qəsd və şərləyib həbsə atmaq istiqamətində işlərin getdiyini, təhlükəli bu işlərin başında isə, Ucar rayonunun icra başçısı Mənsur Məmmədovun dayandığını xüsusi vurğulayıb: “Təxminən 4 aydır ki, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun qanunsuz bəd əməlləri barədə, ölkə mətbuatında, intensiv olaraq, yerli sakinlərin şok yaradan çoxsaylı şikayətləri, bu şikayətlər əsasında hazırlanan jurnalist yazıları dərc edilir. Bundan hədsiz narahatlıq keçirən rayon rəhbəri isə, nəyin bahasına olursa-olsun, məni həbs etdirməyi qarşısına əsas məqsəd qoyub.

        Ucar şəhərindəki Şəhidlər Xiyabanının arxa tərəfində yerləşən 1,35 ha torpaq sahəsini Mənsur Məmmədovun öz qohumunun adına sənədləşdirməsi barədə şok yaradan məlumatın mətbuatda dərcindən sonra, mənə qarşı icra başçısının özünün xoşagəlməzliklər dolu bir kampaniya başlatması danılmaz bir həqiqətdir. Çünki bundan sonra hər şey göz qabağında oldu: Bəd niyyətlə başlatdığı bu kampaniyanı, o, getdikcə daha da şiddətləndirir. Həm də ona görə ki, mövcud qanunlarımız çərçivəsinə sığmayan saysız-hesabsız bəd əməlləri barəsində, ayrı-ayrı vətəndaş şikayətləri əsasında qələmə alınan digər tənqidi yazıların ölkə mətbuatında tez-tez dərc olunması, onun hədsiz dərəcədə qəzəblənməsinin əsas səbəbinə çevrilir”.  

         Müraciətinin bu yerində şikayətçi jurnalist xüsusi olaraq onu qeyd edir ki, doğrudan da, icra başçısının bəd əməlləri ilə əlaqədar vətəndaş şikayətləri həddən-ziyadə çox olur. Məhz bu şikayətlər əsasında da, başçının hədsiz qəzəbinə və hirsinə səbəb yazılar qələmə alınaraq, dərc olunur: “Axı, necə yazmamaq olar ki, icra başçısının adı ilə bağlı bütün neqativliklər sakinlərin gözləri qarşısında baş verir. Məsələn, rayon rəhbərinin özünün qanunsuz əməlləri və təqsiri ucbatından, balıq yetişdirmək üçün, 30 hektar örüş torpaq sahəsində, qanunsuz olaraq, göl yaradılır. DOST İş Mərkəzinin maaş kartları ələ keçirilir. Rayonun fəaliyyət göstərən idarə və müəssisələri korrupsiya mühitində boğulur. Baxımsızlığa görə, əksər yaşayış məntəqələrindəki mövcud acınacaqlı durum, saysız-hesabsız problemlər üzərinə yeni xoşagəlməz problemlər gətirir…

         Bütün bunlar, Ucar təəssübü çəkən hər kəsi hədsiz dərəcədə narahat edərək, dəhşətə gətirir. Elə, bu səbəbdən də, onların haqlı şikayətləri əsasında, çoxsaylı tənqidi yazılar qələmə alınır — dünyanı vecinə almayan icra başçısı Mənsur Məmmədovun hədsiz qəzəbinə və Ucar təəssübünü çəkən narahat sakinlərin qəlb göynərtilərinin az da olsa sakitləşməsinə  səbəb yazılar!”.

          Əvvəlcədən də qeyd etdiyimiz kimi, şikayətçi jurnalist öz Müraciətində həyatına qəsd və qurama həbs təhlükələriylə üzləşdiyini də xüsusi qeyd edir və bunun təsdiqi kimi, sübutlarına ehtiyac duyulmayan faktlar fonunda fikirlərini ortaya qoyur:

           “15 gün bundan əvvəl, “Ucar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Zeynal Bayramlının fəaliyyəti barədə, rayon sakinlərinin şikayətləri əsasında mətbuatda və sosial şəbəkələrdə çoxsaylı yazılar dərc edildi, video-müraciətlər yayıldı. Həmin şikayətçilərdən biri — Bəxtiyar Kərimov ictimai fəaldır. Zeynal Bayramlı isə, bunların mənim tərəfimdən təşkil olunmasını zənn edərək, mənə zəng etdi. Danışdıq bu barədə və mən ona izah etdim ki, ortada konkret şikayətçilər var, onlarla danışa və ya məhkəməyə müraciət edə bilər.

        İcra başçısı Mənsur Məmmədov isə, yaranmış fürsətdən istifadə edərək, xəstəxananın direktoru Zeynal Bayramlı ilə əlbir olub, məni şərləməklə həbsə atdırmaq arzusunu həyata keçirmək istədi. Direktor dekabrın 7-də, saat 09.45, 09.53, 10.04 və 10.06 radələrində, özünə məxsus 077050 577-88-44 nömrəli telefonla, mənə məxsus 077 344-33-11 nömrəli telefonun vatsapına zəng edərək, Ucarda “Most” deyilən ərazi kimi yaxşı tanınan yerdə görüşə dəvət etdi. Mən bu görüşün nə ilə bağlı olduğunu soruşduqda isə, belə dedi: “Bəxtiyar məsələsi ilə bağlı, mən səninlə danışacam, sonra, sən onu susdurarsan!”.

         Mənsə ondan şikayət etmədiyimi,  bunların mənə aidiyyatı olmadığını bildirdim. Həmin vaxt telfonuma zəng gəldiyi üçün, vatsap danışığı kəsildi. Mən digər telefonumu işə salaraq, Zeynal həkimlə aramda olan vatsap danışıqlarını qeydə ala bildim. Onda, Zeynal Bayramlının məqsədi, əvvəlcədən qurulmuş plan əsasında, məni, “Most” deyilən həmin yerə çağırıb, hədə-qorxu ilə pul tələb etmə görüntüsü yaradaraq, orada həbs etdirmək idi. Mən isə, onunla görüşə getmədim və bu xoşagəlməzliklərlə bağlı Müraciətimi ictimailəşdirməyi qərara aldım.

        Ümumiyyətlə, həyatıma qəsd məqsədi ilə, Mənsur Məmmədovun göstərişinə uyğun olaraq, barəmdə rayonda dəhşət dolu və iyrənclik qoxulu şaiyələr yayıldı. Təxminən 5 ay əvvəl, rayon sakinlərinin şəkilləri üzərinə nalayiq sözlərlə söyüşlər yazılaraq, sosial şəbəkələrdə (Tik Tok-da və Facebook-da) paylaşıldı və beləcə, onlar mənim adımdan təhqir edildilər. Bir sözlə, icra başçısı Mənsur Məmmədov  rayonda şaiyə yaydırdı ki, guya, bunları mən etmişəm. Buna, məni yaxından tanıyan çoxları inanmasa da, ancaq, buna inana biləcək başıpozuğun biri, mənə xəsarət yetirə və ya öldürə də bilərdi. Yaxşı ki, mən, onda da, günlərimi çox ehtiyatla başa vurdum, həm də ətrafımda olan hər kəslə ehtiyatlı davrandım.

         Görəsən, Mənsur Məmmədov niyə başa düşmək istəmir ki, Ucar rayonunda 8 illik icra başçısı fəaliyyətindən rayon əhalisnin narazı olmasının səbəbkarı mən Fuad Hüseynov yox, onun özü, rəhbəri kimi rayona diqqət yetirməməsi, sayı-hesabı bilinməyən qanunsuz əməlləri və törətdiyi korrupsiya faktlarıdır. Bir də ki, dədə-babalarımız demişkən, “Görünən kəndə nə bələdçi!” — onun təqsiri ucbatından, rayonda törədilən bütün eybəcərliklər də, əhalinin gözləri qarşısında baş verir”.

          Müraciətinin sonunda, jurnalist həmkarımız əlaqə telefon nömrələrini ((077) 344-33-11(051) 496-47-82) təqdim edərək, başına gələnlər barədə etdiyi çıxışın video-çarxının linklərini də (Həmin linklər bunlardır: 1.318797193_133761709486704_771421233561059730_n.mp4 (53 Мб)
2. https://cloud.mail.ru/stock/37j8o1SmB2eGzyrsmpyx7Z16) ictimaiyyətin diqqətinə çatdırır. Bu yerdə, onu da qeyd edir ki, bundan əvvəl — 2010-cu il tarixində də, o, sabiq nəqliyyat naziri Ziya Məmmədovun sifarişi əsasında və qondarma ittihamla şərlənərək, 6 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzası ilə, bir məhkum həyatı da yaşayıb. “Sağ olsun möhtərəm Prezidentimiz!” — deyə, Müraciət müəllifi bildirir ki, dövlət rəhbərinin Sərəncamı əsasında, hökmdə göstərilən vaxtdan tez həbsdən azad olunub: “Buna baxmayaraq, yenə həmin adamlar “şər-böhtan maşınlarını işə salıblar”! Üstəlik, keçmiş nazir Ziya Məmmədovun qohumları olan Mənsur Məmmədovla, Zeynal Bayramlı da, mənim təkrar həbsimə nail olmaq üçün, onun kimi, vicdan çərçivəsinə sığmayan istədikləri əməlləri törətməkdən qorxub-çəkinmirlər.

       Məhz bu qanunsuzluqlara görə də, möhtərəm Prezident, Sizdən xahiş edirəm ki, bu ciddi məsələni daim diqqətdə saxlaya və bu ciddi işlə qanun çərçivəsində vaxtında məşğul olmaları, həyatıma qəsd etdirməyə çalışan, həbsimə nail olmaq istəyən icra başçısı Mənsur Məmmədovun barəsində, qanunu tədbirlər görmələri üçün, aidiyyatı dövlət qurumlarının rəhbərlərinə öz lazımi tapşırıqlarınızı verəsiniz!”.

          Yazının sonu olaraq, onu qeyd etmək istəyirik ki, həmkarımız öz Müraciətində tanınmış hüquq müdafiəçilərindən və jurnalistlərdən də xahiş edir ki, göstərdiyi faktları obyektiv araşdıraraq, son nəticəsi barədə, ictimaiyyəti daha ətraflı məlumatlandırsınlar. Biz də, “Araz” Media Qrupundakı media vasitələrinin və araz.az xəbər portalının əməkdaşları adlarından, həmkarımız Fuad Hüseynova qarşı olunan bu hərəkətləri qəti şəkildə pisləyir və ona qarşı baş verə biləcək hər hansı bir hadisəyə, xoşagəlməz hərəkətə görə, başda Mənsur Məmmədov olmaqla, yerli hakimyyət strukturlarını məsul hesab edirik. Eyni zamanda, inanır və tam ümid edirik ki, jurnalist Fuad Hüseynovun bu Müraciəti, ictimaiyyətlə bərabər, hüquq-mühafizə orqanlarının da diqqətlərindən yayınmayacaq.

Fərhad MƏMMƏDOV,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.

araz.az xəbər portalı.