6396130cc31206396130cc312116707796606396130cc311e6396130cc311f (1).jpg

“Bir ara ona şərt qoydular ki, həm söz, həm də musiqi yazırsan, ikisindən birindən imtina etməlisən. Xalq şairlərindən biri onu evinə çağırıb qonaqlıq verdi. Zorla boynuna qoydu ki, şeirlərimdən biri sənin adına getsin. Təki efirə çıxsın. O, bu qədər təmənnasız adam olub”.

Bu sözləri kulis.az-a müsahibəsində mərhum bəstəkar Bəhram Nəsibovun oğlu Adil Nəsibov deyib.Bu müsahibə maraqlı olduğundan, araz.az-ın dəyərli oxucularının da diqqətinə çatdırırıq:

– Atanızın öz şeirləri olub?

– Bəli. Xalq şairlərinin yazdığı sözlərə melodiyalar da əlavə edirdi. Hərtərəfli istedadlı idi.

– Gözəl musiqilər bəstələsə də, Konservatoriya təhsilinin olmamağını çox yerdə bəhanə gətiriblər. Niyə Konservatoriya təhsili olmayıb? O dövrdə çətin olub, yoxsa başqa səbəbləri var?

– Başqa səbəbləri var. Bu, sadəcə, bəhanə idi.

– Səbəb nə idi?

– Konservatoriyada tələb belə idi ki, oranı bitirmək üçün simfonik əsərlər yazmalı idin. Mahnını adi janr kimi qəbul edirdilər.

– Ələkbər Tağıyev də Konservatoriyanı bitirməmişdi. Prokuror idi.

– O da həvəskar idi. Onu da qəbul etmədilər.

– Amma ona bu qədər qadağa qoyulmayıb.

– O, Zeynəbin (Zeynəb Xanlarova – red.) hesabına nələrsə edib. Zeynəb olmasa, heç nə edə bilməzdi.

– Deyəsən, qoyulan qadağalar ona gənc yaşında o qədər də təsir etməyib. 

­– Əslində, bütün vaxtlarda təsir edib.

– 300-dən çox musiqinin müəllifi olub.

– Ondan da çox. Amma paylayıb ora-bura. Notları öyrənib yazmadığı üçün ancaq şifahi bəstələyib. Toylarda da həmin mahnıları zümzümə edib. Bir növ Molla Nəsrəddin kimi. Bəhram Nəsibov bütün həvəskar bəstəkarların mahnılarını toplayıb televiziyaya təqdim etdi ki, onları efirlərə çağırsınlar.

– Neçənci ildə?

– Təxminən, 1960-70-ci illər.

– O vaxt hələ xəstə deyildi?

– Yox, hələ təzə yazmağa başlamışdı. Onu televiziyadan göndərdilər ki, Bəstəkarlar İttifaqından rəy alsın. Ələkbər Tağıyevi oraya yaxın buraxmırdılarsa, onu heç buraxmazdılar. Xalq yazıçısı Əli Vəliyevin yanına getdi. O da Bəstəkarlar İttifaqına tapşırdı ki, bu cavan uşaqlara şərait yaratsınlar. Televiziyaya göstəriş verildi. Nəticədə, həvəskar bəstəkarların mahnılarından ibarət konsert təşkil olundu. Amma onun bir dənə də mahnısı orada getmədi. O da gedib dava-qırğın etməyib. Kim olsa idi, edərdi.

– Konkret kim mane olurdu Bəhram Nəsibova?

– Mən bir neçə ad eşitmişəm. Açığı, o adları demək istəmirəm. Onunla rəqabətdə olan adamlar mane olurdular.

– Müğənnilər idi?

– Yox, bəstəkarlar.

– Öz dövrünün bəstəkarları?

– Bəli. Onların nə mahnıları oxunurdu, nə də çoxlu simfonik əsərləri var idi. Amma əlləri uzun idi. Paxıllıq edirdilər ki, biz musiqi təmayüllü orta məktəbi bitirmişik, Konservatoriyanı da qurtarmışıq. Bəs niyə onun mahnıları oxunur, bizimkilər yox?! Sənin istedadın yoxdursa, o nə etsin?! Onun heyifini alırdılar atamdan. Tofiq Quliyev və Cahangir Cahangirovun da problemi yox idi. Ona kömək edirdilər.

– Atanız məişətdə necə biri idi?

– Onu çox az hallarda evdə görürdük. Amma keçirdiyimiz az vaxt bizə çox kimi görünürdü. Şən, pozitiv adam idi. Televiziyada Çingiz Abbasov adında bir adam var idi. Onun yaxşı mənada bir xəstəliyi var idi. Zəng edib adamlara deyirdi ki, sənin filan vaxt çalmağını, oxumağını efirə salıblar, aç, bax. Amma bizim evə tam başqa məqsədlə zəng edirdi.

– Niyə zəng edirdi?

– Deyirdi, Bəhramın iştirak etdiyi verilişdən çıxışını kəsiblər. Evdən çıxarın, görüb əsəbiləşməsin. O vaxt Bəstəkarlar İttifaqının rəhbəri Tofiq Quliyev idi. Polad Bülbüloğlu, bir də Məmməd İsmayıl bununla bağlı ora açıq məktub yazdılar. Bunların da xeyri olmadı. Bir ara ona şərt qoydular ki, həm söz, həm də musiqi yazırsan, ikisindən birindən imtina etməlisən. Xalq şairlərindən biri onu evinə çağırıb qonaqlıq verdi. Zorla boynuna qoydu ki, şeirlərimdən biri sənin adına getsin. Təki efirə çıxsın. O, bu qədər təmənnasız adam olub.

– Xəstə olanda siz mahnılarını ona dinlədib başı ilə razılıq alırmışsınız.

– Bəli. Çoxunu edə bilmədim amma. Bu adamın bəxti heç gətirməyib…

– Bölgələrə səfəri olub?

– Bəli. Vətənpərvərliyə aid bir neçə mahnı da yazdı. Onu da televiziyada Ramiz Mustafayev xor oxutdurdu. Filarmoniyada yazdırmaq istədik. Heç qulaq asmadan pozdurdular ki, bu, zəif mahnıdır. Ramiz Mustafayev hər şeyi bəyənən adam olmayıb. Orada senzurada oturan adam özü də əsgər mahnısı yazmışdı. Özünə rəqib olmasın deyə onun yazdığı mahnını sıradan çıxardı. Paxıllıq belə olur. Paxıllıq ən çox da bəstəkarlar arasında olur. Konservatoriyanı bitirməməyi onların əlinə bəhanə kimi düşmüşdü. Bir ara həvəskar bəstəkarların mahnılarını da yığışdırdılar. Çünki rəhbərlik onları danlamışdı ki, hara gedirəm, həvəskarların mahnılarını eşidirəm, bəs siz nə işlə məşğulsunuz?!

– Əsəbi biri idi?

– Hə, dəhşət əsəbi idi. Həm də iş düz getməyəndə kim əsəbiləşməz ki? Onun da işləri, göründüyü kimi, heç düz getməyib. Kömək edən yaxın bir adamı da olmayıb.

– Sənət adamlarından kimlərlə yaxınlıq edirdi?

– Ad çəkmək istəmirəm.

– Niyə?

– Sonra zəng edib bezdirirlər…

– Konkret olaraq Bəhram müəllimin adına təsdiq olunan mahnılar hansılardır?

– Kifayət qədər elə mahnı var. Onun ölümündən sonra siyahı topladım. 20 yanvar günü toya getməli idi. Həmin gün faciə olacağından xəbərsiz idi. İki-üç gün öncə bildi ki, toy olmayacaq. Dedilər ki, 21-i gələrsən. Burada bəxti gətirdi. Çünki getsəydi, öləcəkdi.

Sonra biz maşınla gedəndə artıq 20 Yanvar hadisələri olmuşdu. Rus əsgərləri burada idilər. Ərazidə fırlanırdıq. Orada yekə bir heykəl var idi. Qarşısına keçib dedi, tfu sizin üzünüzə. Camaatın hamısı dönüb ona baxdı. Belə qəribəlikləri var idi.

– Çılğın adam olub.

– Hə. Dəhşət çılğın idi.

– Sizi ona oxşadırlar?

– Xasiyyətdə çox oxşadırlar. Əsəbiləşəndə heç nəyi gözüm görmür. Verilişdə görmüsünüz, yəqin, dava edəndə.

– Özü heç deyirdi ki, mənim mübarizəmi apar?

– Yox. O, mübarizə aparmırdı. Bilirdi ki, sınıb. Əldən düşüb. Axırda xəstələnməmişdən qabaq mahnılarını toplayırdım. 20 Yanvar hadisələrindən sonra sənətdən bir qədər soyudu. Sonra da elə oldu ki, onun adam etdiyi, birlikdə toylara getdiyi müğənnilərdən biri başladı pulunu kəsməyə. O ifa edən zaman musiqinin səsini də kəsməyə başladı.

– Adil bəy, dolanışığınız necə olub?

– Çox yaxşı olub. Bizi dolandırıb. Axır vaxtlarda ailəni saxlamaq üçün Peterburqda satmağa mal aparmaq istəsə də, səhhətində problem yarandığı üçün alınmayıb.

– Onun xəstə olduğu vaxtların kadrlarını görmüşəm. Evin təmirsiz olması da gözümdən qaçmayıb. Ona görə dolanışığınız necə olub sualını verdim.

– Pulu olsa da, bəxtsiz olub.

– Bir evi olub?

– Bəli.

– Amma toylardan yaxşı qazancı olub.

– Qazansa da, qohum-əqrəbasına xərcləyib. Bir növ Hacı Zeynalabdin Tağıyevə də oxşayırdı. Hamı onunla dərdini bölüşürdü.

Sovetlər dağıldığı vaxtlar tikinti malları ucuz idi. Bir qohum ona dedi ki, gəl evi təmir edək. Onun evini öz hesabına təmir etdirdi. Bu belə bir adam olub. Amma xəstə olanda o adam bir dəfə də gəlib atamı ziyarət etməyib.

– Kim olub o adam?

– Oxuyanların hamısı alçaqdır. Bircə Xan Şuşinski yaxşı olub. Bir də barmaqla sayılası bir-iki nəfər. Qalanlar hamısı namərddir. Atam xəstə yatanda heç biri gəlmədi.

– Yaqub Məmmədovla arası necə idi?

– Bizimlə qonşu idi. Pis deyildi.

– Uşaqlığı çətin keçib. Heç bu haqda danışırdı?

– Uşaq vaxtı kövrək biri olub. Kövrəlmədiyi vaxt olmurdu.

– Sizə həm ata, həm dost ola bilmişdi? Videolardan və şəkillərdən görünür ki, həmişə onun yanında olmusunuz.

– Biz onu ancaq axşam, bəzən də səhər görə bilirdik. Axşam gəlib yatırdı, səhər tezdən çıxıb gedirdi. Onu ən çox xəstələndiyi vaxt evdə yatanda görmüşük.

Fikrini dağıtmaq üçün rayonlara gedirdi. Amma darıxdığı üçün çox qala bilmirdi. Yaradıcı adamlar belə olurlar. Bəlkə, oturaq həyata öyrəşə bilmədiyi üçün bir az da gerilədi. Heç vaxt kabinetdə oturub nəsə yazmayıb. Fikrində sözləri ölçüb-biçir, sonra onları mahnıya çevirirdi. Öz aləmi var idi.

– Yaradıcılığının ilkin dövründə mahnıları konkret ünvanlı olub. Sevdiyi qadına yazıb. Qadın da, deyəsən, dünyasını dəyişib.

– Hə ona da yazıb. Həmin qadınla Naxçıvanda tanış olmuşdular.

– Ananıza da yazıb?

– Yazıb. Bu onun konteksti idi. Naxçıvanda tanış olduğu qızı ailəsi ona verməyib.

– Ananızı da vermək istəmirlərmiş.

– Yox. Anamın atası Sovet İttifaqı Qəhrəmanı və tarix müəllimi idi. Aktyora qız vermirəm deyirdi.

– Ölümünü Füzulinin işğalı ilə bağlayırlar, düzdür?

– Düzdür. Füzuli işğal olunduqdan sonra stres keçirdi. Peterburqdan qayıdandan sonra, 1993-cü ildə həkim demişdi ki, istənilən vaxt infarkt keçirmək riski var. Ondan sonra daha da pisləşdi.

– Torpaqların işğaldan azad olunacağına inanırdı?

– İnanırdı. Füzulidə konsert verdiyi zaman atışma başlayıb. Onda bilib ki, vəziyyət ciddidir. Torpaqların geri qayıdacağına inanırdı. Bu haqda mahnı yazıb Zeynəb xanıma da oxumuşdu. O, da çox bəyənmişdi. Biz Yasamalda qalırdıq. Bacısı da Əhmədlidə. Axşam evdən çıxıb onun yanına getdi. Evə qayıdanda küçədə tappıltı eşitdik. Beyninə qan sızdığı üçün yıxılmışdı. Ondan sonra dörd il yaşadı… Ancaq yataqda oldu. Buna da yaşamaq demək olarsa…

– Ürəyində nə problem var idi?

– İki dəfə infarkt olmuşdu. Peterburqa müalicə üçün getdi. Gəldikdən sonra da insult keçirdi.

– Ananızla münasibəti necə idi?

– Yaxşı idi.

– Başqa qadınlarla bəs?

– Sağa-sola getmək kimi xasiyyətləri yox idi. Yaradıcılıqda hər dövrə öz münasibətini bildirib. Səhnəciklərini Nəsibə xanım oynayıb. Onu da qısqanırdılar. Deyirdilər ki, özün yazmırsan. Toydan çoxlu pul qazanıb, kiməsə verib yazdırırsan. Bu da sübut etmək üçün onların qarşısında da yaza biləcəyini deyirdi. Belə şeylərlə onu iyrəndirdilər. Getdikcə yaradıcılıqdan uzaqlaşdı.

– Ailədə neçə uşaq olmusunuz?

– İki qardaş, iki bacı. Böyüyümüz Güldəstədir. Sonra mən, sonra Ceyran. Ən çox Ceyrana şeir yazırdı. Ona “Ceyranın kələyi” səhnəciyini də yazmışdı. Mənə isə heç nə yazmayıb.

– Sizə münasibəti maraqlıdır. Heç sizi vurub?

– Çox nadir hallarda. O da tərslik etdiyimdə. Uzağı, bir-iki dəfə vurub. Oğlum da indi tərslikdə mənə oxşayır.

– Yanında siqaret çəkir və ya içki içirdiniz?

– Yox. Aramızda pərdə var idi.

– Nə qədər xərclik verirdi sizə?

– Birinci sinifdə üç manat verirdi. Sonradan artırdı. Ansambldan çıxandan sonra isə bir az çətin oldu.

– Həmin ansamblı özü yaratmışdı?

– Nəzakət Məmmədova ilə birlikdə yaratmışdılar. Adı “Şahnaz” idi. Sonra adını dəyişdi “Vətən” qoydu.

– Deyirlər, əlyazmalar yanmır. Bəhram Nəsibovun müsahibələri, yazdığı mahnılar da elədir.

– Vaxtında ona şərait yaratmayıblar. Öləndən sonra bir çox mahnıların ona aid olduğunu biliblər.

– Ən çox üzdə olan mahnısı “Deyin haradadır?” idi. Bəhram Nəsibov sonrakı 300 mahnını yazmasa da, bu mahnı bəs edir.

– Bütün bunlara rəğmən, elə bil, bu adamı ləkələmək üçün səfərbərlik elan edilib. Atam da bəstələrinə qarşı laqeyd olub. Dostları da xatirələrində belə deyirlər. Mahnılarını bir yerə yığıb saxlamayıb.

– Buna görə onu qınayırsınız?

– Yox. Peterburqdan qayıdandan sonra xəstəliyini bildi və mahnıları toplamağa başladı. Mən də onun zəhləsini tökürdüm ki, bunu etməlisən. Kömək edirdim ki, həvəslənsin. Çox qısa bir müddətdə buna cəhd etdi. O vaxt indiki kimi asan olmayıb. Mən bir sıra mahnılarını siyahıya aldım. Bir neçə mahnısını daha da təkmilləşdirdik.

İndi onun dəst-xətti ilə yığdığım mahnıları üçcildlik kitab kimi hazırlamaq istəyirəm. Dördüncü cilddə isə ikinci variantlarını tapdığım mahnıları ayrıca yığmaq istəyirəm. Düzü, imkan vermirlər.

– Siz onun varisisiniz. Nə deyə bilərlər ki?

– Biri çıxıb deyir, o sözləri mən yazmışam, digəri deyir, o musiqi mənimdir. Başqa biri deyir, fars musiqisinə niyə söz yazıb? Vətənə xəyanət edib və s.

– Bəhram müəllim həm də toylarda gitara çalırdı…

– Məcburiyyətdən. Ona şərait yaratmırdılar. Çox toya gedib. Hər toydan da 50, 100 manat qazanıb. Amma pulları bir yerə yığmayıb. Mahnıları kimi.

– Evdə məclis qurmağı xoşlayırdı? Kimlər gəlib-gedirdilər?

– Hə, xoşlayırdı. Qazandığı pulların çoxu elə yeyib-içməyə gedirdi. Televiziya işçiləri gəlirdilər. Məclis adamı idi. Qonşuları da çağırırdı. Bir dəfə eşitmə qabiliyyəti zəifləmiş bir dostuna şeir yazmışdı. Deyirdi ki, qulaq köçürə bilən bir həkim tap, mən öz qulağımın birini sənə verim. Belə bir adam idi. Övladı olmayan bir qohumu var idi. Ona demişdi ki, Ceyranı verim, sən saxla. O da istəmədi.

– İstəsəydi, doğrudan, verərdi?

– Beş gün verdi, saxladılar. Sonra onsuz ürəyi dözmədi.

– Eşitdiyimə görə, ananız ona qarşı çox yumşaq olub. Pul xərcləməsinə də.

– Hə. Onunla çox işi olmazdı.

– Ananız atanızdan sonra rəhmətə gedib?

– Bəli. Qazandığı pulları yığan olmayıb. İmkanlı vaxtlarında həmişə adamlara borc verirdi. Kasıb vaxtında gəlib ondan borc istəyirdilər, qaçıb gizlənirdi yox deməmək üçün. Borc verdiyi adamlar da yumşaq biri olduğunu görüb aldıqları pulu geri qaytarmırdılar.

– Atanızla bağlı həmişə yadınıza düşən hansı xatirə var?

– Çox şey var. Onun haqqında düşünmədiyim gün yoxdur. Məni əsəbiləşdirən bir çoxlarının bu adamı plagiatlıqda ittiham etməsidir. İndi o qədər də yaxşı maddi imkanım yoxdur ki, vəkil tutub onlara cavab verim. Onu fars mahnılarını oğurlamaqda da ittiham edirlər. Elə deyil axı. Bu adam, sadəcə, bir-iki fars musiqisinə söz yazıb. Onları milliləşdirib. Bu nə vaxtdan Vətənə xəyanət hesab olunur? O, təmənnasız şəkildə xalqına xidmət edib. Əgər bu xəyanətdirsə, mən xalqdan üzr istəyirəm. Bu boyda bəstəkarı oğru çıxartmaq istəyirlər.

2008-ci ildə Niyaməddin çıxıb dedi ki, “Gecələr” mahnısı mənimdir. Aləm dəydi bir-birinə. Hamı dedi ki, Bəhram Nəsibov bu mahnını ondan oğurlayıb. Bununla bağlı verilişə çağırdılar bizi. Niyaməddin gəlmədi, qaçıb gizləndi.

– Reanimasiyada olduğu vaxtlarda danışa bilirdi?

– Danışırdı, amma çox şey yadından çıxırdı. O vaxtında belə, şeir deyirdi, biz onun yerinə yazırdıq.

– Mahnıya görə ona hücum edən adamlar arqument kimi nəyi gətirirlər?

– Bizdə ümumiyyətlə arxiv olmayıb. O vaxt həvəskar bəstəkarlara qarşı münasibət də pis olub. Onları Bəstəkarlar İttifaqına yaxın buraxmayıblar. Həvəskarlar daha çox toyda öz mahnılarını təşviq edirlər. Həmin toylardan çıxan mahnılar bir müddət sonra konsertlərə gedir. Dörd-beş il sonra oradan televiziyaya çıxır.

Bu qədər müddət keçəndən sonra o mahnılar lentə yazılır, arxivə göndərilir. Farslar, ermənilər və digərləri isə o mahnıların arxivləşməsini daha tez edirlər. Ona görə bir çox mahnılarımız da onlarınkı kimi bilinir.

İndi həmin arxivçilər gəlib Bəhram Nəsibova ilişirlər. Onun mahnılarının oğurluq olduğunu iddia edirlər. Bizdə arxivləşmə gec olduğu üçün də sübut edə bilmirik. Bizimkilər də özününküləri başqasının ayağına verməkdə maraqlıdırlar. Ona görə onlar da bu adamlara qoşulub Bəhramı oğru adlandırırlar.

– Ad verildi atanıza?

– Yox. Hələ həvəskar bəstəkar kimi siyahı verəndə də onun adını oradan çıxardılar. Özü də bunu edən adam öz qarabağlısı idi. Qarabağlı bəstəkar Süleyman Ələsgərov da onu ən çox vuran adamlardan biri idi. Bir dəfə eyni toyda iştirak edirdilər. Süleyman müəllim atama deyib ki, “Qarabağ” mahnısını çal. Oynadıqdan sonra Bəhram Nəsibov ona yaxınlaşıb, deyib ki, mən bəstəkar Bəhram Nəsibovam. O da deyib ki, belə bəstəkar tanımam. Deyib, bəs bayaq oynadığın “Qarabağ” haqqında xoş söz dedin. O da deyib ki, həmin mahnı xalq mahnısıdır. Bəhram deyib, xalq mahnısı deyil, mənim mahnımdır. Ondan sonra deyib, tanıdım.

– Arif Babayevlə münasibəti necə idi?

– Yaxşı idi.

– Bayaq Zeynəb Xanlarovanın adını çəkdiniz…

– Hə, onunla arası çox yaxşı olub. Ona mahnı da yazıb. Sonra paxıl adamlar onun adından Zeynəb xanıma xoş olmayan sözlər çatdırıblar. Beləcə, o utandığından daha Zeynəb xanımın yanına getməyib. Amma getsə idi, o da Ələkbər Tağıyev kimi tanınardı.

– Bəhram bəyin son günlərini necə xatırlayırsınız?

– Anama deyirdi ki, mən səni çox incitmişəm. Bundan sonra incitməyəcəm.

– Evdə idi o vaxt?

– Hə. İki-üç gün sonra rəhmətə getdi.

– Uşaqlarının toyunu görə bildi?

– Bircə kiçik qardaşımın kiçik toyunu etdi.

– Qohumlarla münasibəti də pis olub?

– Qohumlar onu sağılan inək kimi görüblər. Heç biri onun dərdinə yanan olmayıb. Özü də şeirlərində qeyd edib anasının, qardaşının ona yad olduqlarını.

– Xəstə yatanda gəlib ziyarət etmədilər?

– Xəstə olanda insan acizləşir. Bizimkilər adamı belə görəndə daha çox sevirlər.

– Qohumlarını gözləyirdi?

– Hə. Birlikdə oxuduğu adamlara zəng edirdi, telefonu açmırdılar.

– Ən çox kimi görməyi arzulayırdı?

– Özü qəzetdə iki nəfərin – Şamo İsayev ilə Niyaməddin Musayevin – adlarını yazmışdı.

– Şamo da gəlməmişdi?

– Yox. Əbəs yerə deməyiblər, düşmənin ən böyük hiyləsi dost olmasıdır.

– Aradan uzun illər keçib. Zaman yaraları sağaldır deyirlər. Atanızın xəstəliyi, başına gələnləri unuda bilmisiniz? Yoxsa hər şey olduğu kimi qalıb?

– Zaman heç nəyi sağaltmır. Belə olması daha yaxşıdır. İnsan sağalmayanda intiqam hissi də güclənir. Qisas keçmişə, intiqam gələcəyə hesablanır. Məndəki intiqam hissidir. İmkanım olan kimi bütün çaqqalları məhkəməyə verəcəyəm.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.