Elə vəziyyət yaranır ki, kütləvi aksiyaların haradan, necə yaranması barədə, açması çətin suallar günlərlə fikir müstəvisində dayanır. Sual verirsən: “Bəyəm, bu ölkəni idarə edənlər belə yaxıngörəndirlər ki, heç nədən dövləti fəlakətə sürükləyirlər?!.”. Diqqətlə baxanda, onu da görürsən ki, həyatda təsadüfi, heç bir ictimai-siyasi hadisə yoxdur. Məsələ illərlə şişir, bişir və nəhayət, “qaynayan qazanın qapağını, əvvəl havasının çıxması üçün, bir balaca aralayırsan”, sonda, “əlini yandıranda hövlnak kənara atmaq istəyirsən”. Bunun odunun, alovunun nə olduğunu bilənlər, vaxtında, tədbirə əl atırlar. Fərqinə varmayanları isə, nə gözləyir, bir Böyük Allah bilir!
İndi, İran da, bütövlükdə bu qazanı xatırladır. Qaynama prosesinə birdən-birə başlamayıb. Ölkənin inqilablar, ictimai hərəkatlar tarixinə nəzər salanda, görürük ki, ötən əsrin Tənbəki, Səttarxan, Şeyx Məhəmməd Xiyabani, Tağı xan Pesyan, Cəngəlilər, “21 Azər” hərakatlarının, “22 Bəhmən” İnqilabının hamısının mahiyyətində, ilk növbədə, bu amil rol oynayıb.
Bəri başdan deyək ki, bunların yalnız biri, mahiyyətcə xalqa bəxş etdiyi insani hüquqlara görə, bəşərilik baxımından, daha doğma və yaxındır xalqımıza. Yəni, 1945-1946-cı illəri əhatə edən “21 Azər” Hərəkatı inqilabın, azadlığın, sözün əsl mənasında, ləzzətinin nə olduğunu kütlələrə dadızdırıb. Azərbaycan Demokrat Firqəsi yaranarkən, Milli Hökuməti qurarkən, təkcə, Güneylilərin hüquqlarının təminatı ilə kifayətlənməyib. Bu ərazidə yaşayan digər xalqların da milli kimliklərinə, mənliklərinə hörmət edən qanunları təsbit edib. Beləliklə, oğrulardan, quldurlardan, xalq qarşısında bağışlanılmaz qanun pozuntularına yol verənlərdən… başqa, hamıya eyni gözlə baxıb. Tərkibində bəylər, xanlar, sahibkarlar, ziyalılar, fəhlələr, kəndlilər… təmsil olunduğundan, bütün bunlara uyğun olaraq, Milli Hökumət adlandırılıb. Ərazidə yaşayan digər xalqların da milli kimliklərinə, mənliklərinə hörmət aşılayan qanunlar təsbit edib.
İnqilab, üsyan, çevriliş etmək, yaşayış yerlərinə, küçələrə çıxıb siyasi, iqtisadi və digər həyati əhəmiyyətli şüarlar səsləndirmək, tələblər irəli sürmək Güneylinin şakəridir. Hər birindən söhbət açmaq üçün, gərək, tariximizin səhifələrinə varasan. Onu bilirəm ki, vəsiləsiz keçərli olanını tapmazsan. Səbəbini mütləq vaxtında, zaman özü yetirir. Bəzən bir təhqirin, kobud sözün mahiyyətini elin-obanın, ictimaiyyətin alçaldılması kimi qəbul edərək, kütləvi çıxışlara üz tuturuq. Belə hallar əksliklərin vəhdəti və ziddiyyətinin nüanslarını xatırlatdığından, ağıllının da, dəlinin də yadına, məsələyə nədən, necə yanaşacağının konturlarını salır.
İnqilabın öndəri Seyid Cəfər Pişəvəri: “İrana azadlığı Azərbaycan xalqı bəxş edəcəkdir!” — deyəndə, azad, demokratik, insan hüquqlarına hərtərəfli ehtiramı təlqin edən vahid məkan yaradılmasını nəzərdə tuturdu və bütün mənalı həyatı bu amala həsr olunmuşdu. Hazırda bütün İranı, Avropanı və Amerikanı “Azadlıq, Ədalət, Milli Hökumət!” şüarlarının bəzədiyini görəndə, qəlbimiz dağa dönür!
Yeri gəlmişkən, qeyd edim ki, “21 Azər” Hərakatı qələbə çalarkən, bu ərazidə məskunlaşan bütün etniklərin mənafeyi nəzərdən qaçılmadı. Azərbaycanlılardan sonra, sayca hüquqları çox pozulan kürdlərin də, insani hüquqlarına ehtiramla yanaşıldı. Onlara Azərbaycan Milli Hökuməti daxilində Mahabatda (Soyuqbulaq) Milli Muxtariyyat verildi. Halbuki dünən Pəhləvilərin, bu gün isə, vilayəti-fəqihin yeritdiyi qeyri-insani siyasət sayəsində, kürd peşmərgələri ata-baba Azərbaycan torpaqlarında ovçu kimi dolaşır, yurdlarımızın ələ keçirilməsi imkanlarını arayırlar. Belə proseslər, vaxtilə Mahabatda onlara böyük hüquqlar verən azərbaycanlılara qarşı yönəlib.
Konkret desək, İranda millətlərin genosidi gedir. Adını fars genosidi adlandırırlar, halbuki bu millətin insanları da, zillət içərisində yaşayırlar. Məgər biz görmürük ki, “22 Bəhmən” Hərakatından bəri orduda, güc strukturlarında əliqanlı rejimi hakimiyyətdə saxlayanlar, günahsız insanları dar ağacına aparanlar, sorğusuz-sualsız güllələyənlər hansı millətə mənsubdur. Xamneyinin, guya, bizim millətdən (ona azərbaycanlı, türk demək mümkünsə) olduğu deyilir. Bu cür qaniçənlərin milliyəti olmur.
Hesab edirik ki, ölkədəki bütün xalqlar bəşəri hüquqlardan faydalanmalı, insan ləyaqətinə ehtiram, o cümlədən, dil, iş, təhsil, idman, səhiyyə, seçib-seçilmək və s. dilindən, dinindən asılı olmayaraq, onların yaşadıqları gerçəklik olmalıdır. Azərbaycan Demokrat Firqəsinin isə, insanlara bu hüquqları bəxş etmək istiqamətli əməli fəaliyyəti təcrübədə təsdiqini çoxdan tapıb.
Qayıdaq vəsiləyə: Onsuz da övladımız Məhsu Əmini şəhid olmasaydı, axan qan damarda qalmayacaqdı. Gənc qız ağlagəlməz metodlara tab gətirməyərək, polis bölməsində dünyasını dəyişdi. İnsanlar ictimailəşmiş bu hadisəyə biganə qalmadılar. Bu günədək, bütün hərakatlar, adətən mənbəyini Təbrizdən götürüb. Bu dəfə yerini və ünvanını azca dəyişib. Üç aydan çox davam edən və sakitləşməsi gözlənilməyən çıxışlarda, indi yenə də, Təbriz öz bayraqdarlığını yenə ələ alıb. Futbol üzrə Dünya Çempionatının ilk görüşündə, yığma komanda idmançılarının İran dövlət himnini oxumaqdan imtina etmələri də göstərdi ki, vilayəti-fəqih rejiminin müqəddəsliyini qoruyub saxlaya biləcək heç nəyi qalmayıb, həmçinin ali himni! Hələlik bütün yollar etirazlarda birləşir. Bəs, niyə, inqilabla yekunlaşmır?!. Səbəbini qısa və konkret bildirmək istəyirəm: İnqilab üçün, ölkədə, bütün səbəblər var — aşağılar daha əvvəlki kimi yaşamaq istəmir, yuxarılar isə, idarə etməkdə çətinlik çəkirlər! Özünü dünya idarəetməsindən kənarda qoyan molla rejimi, yenə, dəst-xəttinə uyğun qayda-qanunlarına sadiqdir. Ölkəni gülləbaranlarla, dar ağacları, bahalıq, işsizlik və sairə xoşagəlməzliklərlə idarə edir.
Vaxtilə, pavel morozovların yetişdiyi mühitdə 14-15 yaşIıIar, indi İranda “bığlı-saqqallı uşaqlardır”. Onlar rejimin dayaqlarıdırlar, zor aparatının əsaslarıdırlar, adamların dar ağacına, nişangaha aparılmasının həvəskarlarıdırlar. Bütün bunlar bir daha onun təsdiq edir ki, ölkədəki bütün demokratik təsisatlardan əsər-əlamat qalmayıb. Belə bir mühitdə, güc, yalnız və yalnız birlikdədir!
Geci-tezi, onsuz da, birləşəcəyik!
İndi, daxildə ictimai-siyasi qurum və təşkilatların, siyasi partiyaların, birliklərin açıq fəaliyyət göstərmələrinə imkan yoxdur deyə, buna tez nail ola bilmirik. Əlac qalır, ilk növbədə, xaricdəki soydaşlarımızdan təşkil olunan siyasi qüvvələrin birləşmələrinə, tarixin ən mənfur qüvvəsini aradan götürmək üçün, onların aktiv fəaliyyət göstərmələrinə. Azərbaycan Demokrat Firqəsi də, bu birliyin yaradılması naminə bütün səyini, qüvvəsini və imkanlarını əsirgəmir və heç vaxt əsirgəməyəcək də!..
Sonda, bir daha xüsusi olaraq onu vurğulamaq istəyirəm ki, fəal bir təşkilatın üzvləri olaraq, yuxarıda deyilənlər sarıdan zəngin təcrübəmiz var. Bilirik ki, yeni inqilabın teoremi Birlikdən, Birlikdən, yalnız Birlikdən keçir! Və buna görə də, tezliklə, Birlikdə olacağımıza şübhə yerimiz qalmayıb!
Rəhim HÜSEYNZADƏ,
Azərbaycan Demokrat Firqəsinin sədri.
araz.az xəbər portalı.