Aydın Quliyev: “Əslində Zahid Oruc müəyyən mənada Zakir Qaralovla Xanlar Vəliyevə ən asan bəraətalma üsulu təklif etməklə onları daha ağır cəzadan sığorta etmiş olur”
Şəmsəddin Əliyev: “Belə insanlara əfv düşmür”
“Keçmiş Baş prokuror Zakir Qaralov və hərbi prokuror Xanlar Vəliyev Ali Baş Komandandan, xalqdan, ordumuzdan və işgəncə qurbanlarından üzr istəməlidir”. Bu barədə Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında “Tərtər işi” kimi tanınan cinayət işi üzrə danışarkən deyib.
O, işgəncə qurbanlarının yaxınlarının çoxsaylı aksiyalarına işarə edərək deyib ki, hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırırdı.
Qeyd edək ki, Zahid Orucun bu çıxışı birmənalı qarşılanmayıb.
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri Aydın Quliyev özünün sosial şəbəkə hesabında bu məsələyə maraqlı münasibət sərgiləyib. O yazır ki, Zahid Oruc “Tərtər işi” barədə bu çıxışla özünü ağır tarixi-mənəvi məsuliyyət altına atıb: “Zahid Orucun Milli Məclisdə çıxışı “Tərtər işi”nin yüzlərlə qurbanının və onların əzizlərinin ruhlarına toxundu və ürəklərini qırdı… Ortada hələ bitirilməmiş böyük “Tərtər cinayəti” deyilən bir iş var, taleyi param-parça edilmiş, istintaqda öldürülmüş, misilsiz işgəncələrdən sonra həbslərdə çürüdülmüş bu insanların ruhları, ürəkləri Zakir Qaralovu və Xanlar Vəliyevi hətta bu adamlar Prezidentdən və xalqdan üzr istəsələr belə, bağışlayacaqmı, rahatlanacaqmı? Çətin…
Məgər Zakir Qaralovla Xanlar Vəliyev adi məişət qəbahətinə yol veriblər ki, üzr istəməklə hər şey bitmiş sayılsın?! Sabiq Baş prokuror və hərbi prokuror bütün istintaqların ədalətliliyinə və qanuniliyinə görə birbaşa məsuliyyət daşıyan ali nəzarət orqanlarının rəhbərləridır. Üstəlik “Tərtər istintaqını” elə bu iki orqanın özləri aparıblar, demək, qanunsuz hərəkətlərdə və işgəncələrdə birbaşa əlləri var.
Əslində Zahid Oruc müəyyən mənada Zakir Qaralovla Xanlar Vəliyevə ən asan bəraətalma üsulu təklif etməklə onları daha ağır cəzadan sığorta etmiş olur. Məgər onların gecə-gündüz Allahdan istədikləri bu deyil ki, bir üzr istəməklə bu işin altından qalxa bilsinlər?
Ancaq ölkə Prezidenti cənab Əliyevin bir “üzr istəmə” ilə bunca işlərin üstündən keçəcəyini düşünə bilmirəm. Prezidentin böyük Qarabağ Zəfərinin uğurlu ilk “baş məşqi” sayılan 2016-cı ilin aprel döyüşlərinin igidlərinə qarşı bu cinayətləri burbaşa törədənləri və onlara nəzarət edənləri adi bir “üzrlə” bağışlamaq?.. Bu qurama cinayət işi Prezidentin tarixi əhəmiyyətli “baş məşqinə” kölgə saldı. Bunun qəsdlə, ya səhlənkarlıqdan edildiyini isə hələ araşdırmaq lazım gələcək. Qurama “Tərtər cinayəti”nin 2016-cı ilin aprel döyüşlərindən sonra ƏSAS MÜHARİBƏYƏ daha əzmlə getməyə hazırlaşan əsgərlərimizin döyüş ruhunu qırmağa hesablanmış “qabaqlayıcı cəza əməliyyatı” olmadığına şəxsən mən zamin dura bilmərəm…
Salam-sabah etdiyim deputat Zahid Orucun belə çıxışla özünü çəkili bir tarixi-mənəvi məsuliyyətin altına atmasını istəməzdim… Zahid bəyin bu çıxışına qardaş Türkiyədən də reaksiyaların olacağını istisna etmirəm”.
Hüquqşunas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, millət vəkilinin cinayət – hüquq qanunvericiliyinin ədalətliliyinə sual işarəsi qoyması mənim üçün çox üzücü oldu: “Bu qanunu qəbul edən məhz Zahid Orucdur. Prezidentin imzasından sonra Milli Məclis cinayət qanun vericiliyi haqda bu qanunu qəbul edib. Amma, Zahid Orucu qınamıram. Çünki, o, hüquqşunas deyil. Əslində, burada mütəşəkkil bir dəstənin əli, böyük bir dəstənin iştirakçılığı var. Xüsusilə ağır cinayətlərin törədilməsindən söhbət gedir. Uzun aparılan istintaq qeyri-obyektiv, qərəzli, birtərəfli, bəzən də səthi həyata keçirilib. Verilən ifadələr, daxil olan məlumatlar obyektiv araşdırılmayıb. Təsəvvür edin ki, günahsız insanlar həbs olunublar. Onların sırasında dünyasını dəyişənlər, bəraət alanlar var. Amma bəraətin hansı əsaslarla qəbul edilməsi də dərin araşdırılmalıdır. Belə çıxır ki, bu insanların əməlində cinayət tərkibi olmadığından onlar bəraət alır. İstintaqda olanların üzərindən ittiham götürülüb. Amma, bəraət hökmünü qəbul edənə qədər həyata keçirilən istintaq araşdırmaları, cinayət məsuliyyətinə cəlb etmə, həbs olunma halları, nəzarət və ittiham tərəfi, prokurorluq, sosial ədalətin bərpası uğruna çalışan hakimlərimiz, həm də isin ibtidai araşdırmasını aparan müstəntiqlər də məsuliyyət daşıyırlar. Yəni bu sıradan, az əhəmiyyətli ictimai təhlükəli əməl deyil ki, onlar inzibati xətalar məcəlləsi ilə və yaxud əmək qanunvericiliyinin tələblərinə uyğun inzibati intizam qaydasında tənbeh olunsunlar. Ölkənin Prezidentinin səlahiyyətinə aiddir, əfv etmək. Amma belə insanlara əfv düşmür. Mən Qarabağ müharibəsinin bir veteranı kimi düşünürəm ki, Zahid Orucun belə bir çağırışı Azərbaycan qanunlarına, xüsusi amansızlıqla davranışlardan həlak olanların ruhuna, həm də bizim böyük əziyyətlə qazandığımız qələbəyə bir hörmətsizlikdir. Burada dünyasını dəyişənlərin valideynlərinin iztirabları bir az da ağırlaşır. Bu gün kim yalnış istintaq aparıbsa, kim yalnış hökm qəbul edibsə və yalnış ittiham veribsə onlar da bu iztirabları çəksinlər”.
Qeyd edək ki, 2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edildiyini bildirib. Birgə açıqlamada qeyd edilib ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.
Məhəmmədəli QƏRİBLİ.
araz.az xəbər portalı.