Sosial şəbəkələrdə millət vəkili Məlahət İbrahımqızının pensiya yaşının 70 yaşadək artırılmasıyla bağlı təklif etdiyinə dair məlumatlar yer alıb.
Deputatın əhalinin sosial rifahının yaxşı olmasını əsas gətirərək, pensiya yaşının artırılmasının tərəfdarı olduğu deyilir.
araz.az-ın xəbərinə görə bununla bağlı Cebhe.info-ya danışan Milli Məclisin üzvü haqqında yayılan xəbərlərin yalnış olduğunu bildirib:
“Rəsmi bir adamın adından yanlış məlumatlar yaymaq olmaz. Mən elə söz deməmişəm, kim belə söz deyibsə, onu qınayıram. Pensiya yaşının artırılması hazırda heç cür mümkün deyil, azaldılması da bu gün gündəmdə deyil. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, sədr müavini olaraq bildirirəm ki, pensiya yaşında dəyişikliklə bağlı komitəyə heç bir təklif gəlməyib”.
Deputat bildirib ki, məsələ müzakirədə deyil, amma, gələcəkdə necə olacağını indidən deyə bilməz:
“İnsanlar erkən pensiyaya çıxıb nə edəcəklər ki? Aktiv həyat yaşamaları ilə seçilməlidirlər. Bu, tək millət vəkilinin də qərarı deyil. Pensiya yaşı kim necə istədisə, elə təyin edilmir. İnsanın sağlamlığı, orta ömür həddi və s. təhlil edilir, ondan sonra pensiyanın yaşla bağlı hissəsinə qərar verilir. Beynəlxalq Əmək Təşkilatının ekspertləri bunun üçün çoxlu rəylər verirlər. Hər ölkənin maddi durumu, həyat tərzi, xüsusiyyətləri nəzərə alındıqdan sonra pensiya yaşı müəyyən olunur”.
Qeyd edək ki, deputat bir müddət öncə pensiya yaşının 65 yaşdan aşağı endirilməsinin tərəfdarı olmadığını açıqlayıb. O bildirib ki, bu gün cəmiyyətdə insanlarımız 65 yaşında həkim, müəllim işləyir. Onlar pensiyaya çıxmaq istəmirlər. Əksinə, bir az vaxtın uzanmasını istəyirlər. Özünün hazırda 63 yaşı olduğunu deyən deputat insanların həyatının ən məhsuldar çağında evdə oturmasını qınayıb:
“Azərbaycanda orta ömür həddi uzanıb. Bu, o deməkdir ki, sosial, maddi rifahda da yaxşılaşma var”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.