Yaxşı olar ki, Şamaxı RİH Aparatında çalışan vəzifə sahibləri bu kimi suallara ətraflı şəkildə aydınlıq gətirsinlər
Bu ilin iyun ayında Şamaxı rayonu, Muğanlı kənd sakini Rəcəbov Yadigar Ağadadaş oğlu (Yadigar Rəcəbov 05 avqust 2022-ci il tarixdə dünyasını dəyişib. Allah rəhmət eləsin!) redaksiyamıza təqdim etdiyi müraciətində, həmçinin əməkdaşımıza verdiyi video-müsahibəsində 2014-cü ildən ailəlikcə üz-üzə qaldıqları problemlərin varlığından bəhs edib, bir çox vəzifə sahiblərini qol qoyduqları qanunsuzluq əməllərinə görə də qınayıb. Yəni, mərhum Yadigar Rəcəbov bildirib ki, “2012-ci ilin mart ayında Şamaxı rayonunun Muğanlı kəndi ərazisində torpaq sürüşməsi hadisəsi baş verdi və hadisə nəticəsində 62 ailəyə məxsus fərdi yaşayış evi, həmçinin həyətyanı torpaq sahəsi müəyyən qədər yararsız vəziyyətə düşdü. Hadisə baş verən vaxt Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərinşaatlayihə” İnstitunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə Muğanlı kəndində oldular və onlar 47 ailəyə məxsus fərdi yaşayış evinin, həyətyanı torpaq sahəsinin yararsız vəziyyətə düşməsini müəyyən edib, bununla bağlı akt da tərtib etdilər. Adları çəkilən bu qurum əməkdaşlarının tərtib etdikləri akt əsasında 47 ailəyə daha təhlükəsiz ərazidə yeni fərdi yaşayış evlərinin tikilməsi üçün, “Azərinşaatlayihə” İnstituna layihə-smeta sənədlərinin hazırlanması barədə göstəriş də verilir. Az sonra 47 ailədə yaşayan şəxslərin ümumi siyahısı dəqiqləşdirildi və hər ailəyə aid məlumatlar, məhz aidiyyatı üzrə dövlət qurumlarına da təqdim olundu. Evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən ailələrlə bağlı tərtib olunmuş ilkin siyahıda bizim ailənin üzvləri 46-cı sırada (7 nəfər olmaqla) idik. Çox keçmədi ki, kəndin daha təhlükəsiz ərazisində yeni fərdi yaşayış evlərinin inşaası həyata keçirildi və evlər 2014-cü ildə zərərçəkən ailələrə verildi”.
_
Məsələnin diqqəti cəlb edən tərəfi o olur ki, evlər zərərçəkən ailələrə paylanarkən, Şamaxı RİH Aparatından Yadigar Rəcəbova da zəng edirlər və ona qeyd olunan əraziyə gəlməsi xahiş olunur. Telefon zəngindən sonra o, teztələsik həmin əraziyə gedir və evlərin paylanması işlərinə diqqət yetirir. Evlərin paylanması işləri həyata keçirilərkən, Şamaxı RİH Aparatının əməkdaşı tərtib olunmuş siyahıda olan şəxslərin adlarını birbir çəkir. Həmin siyahı üzrə o, Yadigar Rəcəbovun da adını çəkir, o halda evlərin paylanması işlərinə rəhbərlik edən Şamaxı RİH başçısının müavini, RİH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri mərhum Ağamustafa Vahidov (Bu şəxs 08 dekabr 2017-ci ildə dünyasını dəyişib. Allah rəhmət eləsin!) ərazidə olan şəxslərin gözləri önündə “Evlər o siyahı üzrə deyil, mənim əlimdə olan siyahı üzrə paylanacaq” deyir. Bəli, əslində bu belə də olur. Bir müddət bundan öncə Yadigar Rəcəbovun övladları redaksiyamıza çatdırdıqları məlumatlarda bildirdilər ki, “2014-cü ildə atamız Şamaxı RİH Aparatında vəzifə sahibi olan və evlərin paylanması işlərinə cavabdehlik daşıyan şəxslərin “bığının altından” keçmədiyi üçün, bizim ailə üzvlərinin adları ilkin siyahıdan çıxarılır”.
Bəli, biz bir media qurumu olaraq 2014-cü ildən indiyə kimi Yadigar Rəcəbovun ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə yaşanan belə bir problemi bir neçə dəfə ictimailəşdirmişik, problemin əmələ gəlməsi səbəblərini tam çılpaqlığı ilə geniş ictimaiyyətin diqqətinə də çatdırmışıq. Çox təəssüflər olsun ki,
əsas işi PA-dan, NK-dən, hətta Nazirliyin özündən göndərilən məktublara şablom xarakterli, başdansovdu cavablar verməklə məşğul olan FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə, Şamaxı Rayon İcra Hakimiyyətinə başçı təyin olunan Tahir Məmmədovun rəhbərlik etdiyi bu dövlət qurumu, problemin həlli ilə bağlı hələ də hansısa ciddi addımını atmayıb. Elə ki, problemin mahiyyəti ilə bağlı xəbər portalımızda tənqidi məqalə yayımlanır, o halda sanki FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin atdığı addımı özünə örnək bilən Şamaxı RİH-nin əməkdaşları Facebook səhifəmizə ya “Hörmətli vətəndaş, bildiririk ki, qeyd edilən məsələ ilə əlaqədar vətəndaşın çoxsaylı müraciətləri nəzərə alınaraq rayon icra hakimiyyəti tərəfindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət olunmuşdur”, ya da ki, “2012-ci ilin mart ayında Şamaxı rayonunda baş vermiş torpaq sürüşməsi nəticəsində Muğanlı kəndində 62 ailənin yaşayış evləri və həyətyanı torpaq sahələri yararsız vəziyyətə düşmüşdür. Dövlət tərəfindən aidiyyatı mərkəzi icra Hakimiyyəti Orqanları nümayəndələrinin iştirakı ilə yaradılan komissiyanın rəyinə əsasən sürüşmə zonasında qəzalı vəziyyətdə olan yaşayış evləri (47 ailə) təhlükəsiz ərazidə yeni yaşayış evləri ilə əvəz olunmuşdur. Evlər paylanana qədər vətəndaş Rəcəbov Yadigar Ağadadaş oğluna məxsus fərdi yaşayış evi haqqında Fövqəladə Hallar Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən akt tərtib edilməmişdir. Akt tərtib edilmədiyindən ilkin siyahılarda adı olduğuna baxmayaraq sonradan siyahılardan çıxarılmışdır. Lakin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanının nümayəndələrinin iştirakı ilə Yadigar Rəcəbovun fərdi yaşayış evinə vizual texniki baxış keçirilmiş və 03 mart 2014-cü il tarixdə müvafiq akt tərtib olunmuşdur. (Akt tərtib olunan tarixə qədər həmin sahədə olan evlərin əvəzinə tikilmiş evlər vətəndaşlara paylanmışdır.) Həmin aktda torpaq sürüşməsi nəticəsində vətəndaşın fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması qeyd olunmuşdur. Torpaq sürüşməsi nəticəsində yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir. Həmçinin bildiririk ki, qeyd edilən məsələ ilə əlaqədar vətəndaşın çoxsaylı müraciətlərini nəzərə alaraq rayon icra hakimiyyəti tərəfindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət olunmuşdur” deyə cavab yazırlar. Əslində bu cür cavabların verilməsi, sanki “uşaq başı” aldatmaqdan başqa bir şey deyil. RİH tərəfindən verilən belə bir cavablardan sonra ortaya bir neçə sual çıxır ki, axı torpaq sürüşməsi hadisəsi 2012-ci ilin mart ayında baş verib? Hansı səbəbdən həmin vaxtlarda Yadigar Rəcəbovgilin yaşadıqları evin sağ-sol hissəsində yaşayan qonşuların evlərinə baxış keçirilir və akt da tərtib olunur. Hətta, həmin ailələr 2014-cü ildə yeni inşa olunmuş evlə də təmin olunurlar. Amma, bu şəxsin evinə vizual baxış keçirib akt tərtib etmək 03 mart 2014-cü il tarixə saxlanır? Digər tərəfdən, 2014-cü ilin mart ayında Muğanlı kəndi ərazisində hansı fövqəladə hadisə baş verir ki, Fövqəladə Hallar Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə Yadigar Rəcəbovun fərdi yaşayış evinə vizual texniki baxış keçirirlər, evin qəzalı vəziyyətdə olduğunu müəyyən edirlər, hətta bununla bağlı akt da tərtib edirlər? Yəni, yaxşı olar ki, Şamaxı RİH Aparatında çalışan vəzifə sahibləri ünvanladığımız belə bir suallara ətraflı şəkildə aydınlıq gətirsinlər. Əgər bu suallar Şamaxı RİH Aparatında çalışan səlahiyyətli vəzifə sahibləri tərəfindən ətraflı cavablandırılmasa, o halda bu qurumun böyük günah sahibi olması müəyyən olunacaq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Mövzuya qayıdacağıq.
araz.az xəbər portalı
araz.az xəbər portalı.