Moskva görüşündə Laçın yolunda sərhəd nəzarət postumuzun yaradılması qərarı…
İlin sonuna yaxın adətən siyasi proseslərdə bir durğunluq olardı. Bu ilin sonunda baş verən hadisələr isə 2023-cü ilin ilk günlərindən dünya siyasətində bayram yorğunluğundan çox aktiv gəlişmələrin şahidi olacağımıza xeyli əsas verir. Ukrayna prezidentinin Vaşinqton səfəri və səfərin Rusiyada yaratdığı bədbinlik və gərginlik yalnız Rusiya və Ukraynanı deyil, ləng getsə də formalaşmaqda olan yeni dünya düzənini sürətləndirə bilər və bu proses təbii ki, Cənubi Qafqaza da təsirsiz ötüşməyəcək. Cənubi Qafqazda isə əsas hadisələr əlbəttə ki, Qarabağ ətrafında baş verir və dünən Ermənistandan gələn xəbərlər bölgədə proseslərin yeni istiqamətdə, yeni çalarlarla inkişaf edəcəyinə böyük ehtimal verir.
Bir ay ərzində Paşinyan ikinci dəfə Rusiyaya kəskin demarş nümayiş etdirdi. Birinci dəfə 23 noyabrda KTMT-nin İrəvan sammitində yekun sənədə imza atmamaqla, bir də dünən Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin nəzərdə tutulan görüşündən Ararat Mirzoyanın imtina etməsi ilə Nikol Paşinyan faktiki olaraq Kremlə meydan oxumuş oldu. Üstəlik, dünən hökümətin iclasında Laçın yolunda yaranmış vəziyətə münasibət bildirən Ermənistanın Baş naziri Rusiya sülhməramlılarını öz vəzifələrini yerinə yetirməməkdə ittiham etdi. Moskvanın cavabı da gecikmədi və XİN mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Paşinyana sərt şəkildə “belə bir ittihamı qəbul etmirik” cavabını verdi. Ermənistan XİN məsələni yumşaltmaq üçün Moskva görüşünü başqa vaxta keçirməyi xahiş etsə də, Smolensk meydanı görüşün Mirzoyansız keçirilməsinə qərar verdi. Bu gün Ceyhun Bayramovla Sergey Lavrov Moskvada görüşür və bu görüşdən bizim bir sıra gözləntilərimiz var. Kreml Paşinyan höküməti ilə üz-üzə dayanıb. İndiki situasiyada Rusiya Ermənistanı cəzalandırmaqmı istəyər, yoxsa onu daha da özünə bağlamaq üçün erməniləri cəlb edəcək başqa siyasət yürüdəcək? Ermənistan Qarabağı istəyir, Rusiya isə münaqişənin hələ davam etməsini, özünün də bu münaqişəni əsas götürüb hər iki tərəfə təzyiq və təsirini uzatmaq siyasətini aparır. Azərbaycan isə Ermənistanla sülh müqaviləsini bağlayıb, Qarabağ problemini daxili işi kimi özünün həll edəcəyini elan edib. ABŞ və Avropa İttifaqı Azərbaycanın mövqeyinə yaxın siyasət aparır.
Laçın yolunda 11 gündür davam edən etiraz aksiyası yeni situasiya yaradıb və bu aksiya Azərbaycanın şərtinin qəbulu ilə başa çatmalıdır, əks halda separatçı rejim bunu öz qələbəsi kimi təqdim edəcək, Ermənistan isə Qərbin, BMT-ni təzyiqi ilə Azərbaycanın geri çəkildiyini elan edib bu istiqamətdə onsuz da geniş olan fəaliyyətini davam etdirəcək. Əgər separatçıların “qələbə” kimi təqdim edəcəkləri məsələ Rusiyanın siyasətilə səsləşirsə, ikinci variant onu da qane etmir. Paşinyanın Rusiyaya qarşı olan manevrləri Qərbi bölgəyə yerləşdirmək, Qarabağ münaqişəsini beynəlxalq güclərin-Qərbin vasitəsilə həll etməkdir və Rusiya-Ukrayna müharibəsinin getdiyi bir vaxtda zəifləyən Moskvanın buna qarşı xüsusi müqavimət göstərməyəcəyini zənn edir. ABŞ və Böyük Britaniyanın kəşfiyyat şefləri ilə keçirilən qapalı görüşlərin Paşinyanı daha cəsarətli etdiyini görməmək mümkün deyil. Ermənistanın Rusiyadan siyasi, iqtisadi, hərbi asılılığının böyük olması Paşinyanı narahat edən faktorlardır, amma görünür qeyd olunan səfərlərdən sonra perspektivdə Qərbin zəruri dəstəyini alacağına onu inandırıblar. Bu proseslər Moskvanın gözü qarşısında baş verir və Kreml Paşinyanın Rusiyanı Qərblə əvəz etmək siyasətini “məxməri inqilab” baş verən gündən bilir.
Bu gün-dekabrın 23-də Moskvada keçirilən görüşdən bizim gözləntimiz Laçın yolunda yaranmış vəziyyəti sivil formada həll etmək qərarının verilməsidir. Yəni, Laçın yolunun ortasında deyil, Azərbaycan-Ermənistan dövlət sərhədində sərhəd nəzarət buraxılış məntəqəsinin yaradılması və sülhməramlılarla birlikdə nəzarətin həyata keçirilməsinə qərarın verilməsidir. Detallar diplomatların görüşündə müzakirə oluna bilər.
Belə bir qərarın verilməsi az inandırıcı görünə bilər. Rusiyanın başqa planları var. Moskva Ruben Vardanyanı Qarabağa göndərməkdə daha strateji siyasət planlayıb, onu perspektivdə Paşinyanın yerinə hazırlayır. Haşiyəyə şıxaraq qeyd edək ki, Vardanyanı Rusiya vətəndaşlığından çıxaranda hətta Rusiya qanunlarını pozublar. Rusiya Federasiyası vətəndaçlığından imtina etmək haqqında qanunun 19-cu maddəsinə əsasən imtina müraciətinə bir il müddətində baxılır. Yalnız istisna hallarda bu müddət altı aya endirilir. Vardanyanın vətəndaçlıqdan imtina etməsi haqqında müraciətin heç üç ayı tamam olmayıb. Bu öz yerində, amma Azərbaycanın qəti mövqeyi bu plana dəyişiklik edə bilər. Laçın yolundakı yaranmış indiki vəziyyətdə ən sivil, beynəlxalq hüquqa dayanan və tərəflər üçün müqabil hesab edilən real qərar -Azərbaycanın sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması və sülhməramlılarla birgə nəzarət etməsidir. Zəngəzur dəhlizinin açılması və Ermənistanın razılıq verməsi iki ildə yerindən tərpənmədiyi kimi, indi də olmayacaq. Buna ümid etmək yanlışlıqdır. Paşinyan bu məsələdə ilk gündən qətiyyətli görünür və bu qısa müddətdə razılıq verməsi inandırıcı deyil.
Yaranmış situasiyada maraqlarımızı təmin etmək üçün bu günkü görüşdən istədiyimiz minimumu əldə etmək məqsədilə maksimum diplomatik bacarığımızı göstərməliyik. Şərait bunu tələb edir.
İlham İSMAYIL.
araz.az xəbər portalı.